ABŞ-da şist neft hasilatı hələ pik səviyyəyə çatmayıb


İqtisadiyyat 20 Okt 2017 20:51:00 293 0

ABŞ-da şist neft hasilatı hələ pik səviyyəyə çatmayıb

2017-ci ildə bu sahədə 2 400 quyu qazılıb

ABŞ-da şist neft hasilatı bərpa olunub və yaxın illərdə artmağa davam edərək neft qiymətlərinə və OPEC-in qərarlarına təsirini davam etdirəcək. 

"Report" "Vestifinance.ru" agentliyinə istinadən xəbər verir ki, belə proqnozları neft sektoru ekspertləri Londonda keçirilən "Oil and Money" neft-qaz konfransında verib.

Konfransın demək olar ki, bütün sessiyalarında ABŞ-da şist neft hasilatının artacağı barədə çıxışlar edilib. "Energy Intelligence" araşdırma şirkətinin energetika üzrə baş iqtisadçısı Devid Knapın (David Knapp) fikrincə, ABŞ şist neft hasilatını artmağa davam edir: "Düşünürəm ki, burada ikinci pik səviyyə əldə olunacaq".

ABŞ-ın şist neftin hasil olunduğu əsas bölgəsi - Perm hövzəsi və "Eagle Ford" yatağıdır. Burada 6 mln. barel/günə yaxın olan məcmu şist neft hasilatının 2/3-ü hasil edilir. Qeyd edək ki, şist neft hasilatı ardıcıl 10 ay artıb və noyabrda 6,12 mln. barel/günə çatacağı proqnozlaşdırılır. Ümumiyyətlə, 2018-ci ildə ABŞ-da neft hasilatının 10 mln. barel/günü ötməsi gözlənilir.

Perm hövzəsinin əsas şirkətlərindən olan "Pioneer Natural Resources"in nümayəndələri konfransda bildiriblər ki, şirkət yaxın 10 il ərzində hasilatı 4 dəfə artıracaq. Şirkətin icraçı direktoru Tim Dav (Tim Dove) bildirib ki, son bir ildə qazma qurğularının sayı xeyli artıb: "2 400 quyu qazılıb və bəziləri bitməyib. Bu da hasilatda potensial artımın olacağından xəbər verir".

T.Dav xatırladıb ki, Perm hövzəsində 2017-ci ilin əvvəli 2,2 mln. barel/gün neft hasil olunurdusa, ilin sonuna hasilatın 2,7 mln., 2018-ci ilin sonuna isə 3,3 mln. barel/gün olacağı proqnozlaşdırılır.