Azərbaycanda vergi orqanlarının büdcə öhdəlikləri artırılır


İqtisadiyyat 20 Okt 2017 13:02:36 282 0

Azərbaycanda vergi orqanlarının büdcə öhdəlikləri artırılır

Gələn il vergi orqanları büdcə gəlirlərin 51%-dən artığını təmin etməlidir

Gələn ilin Azərbaycan dövlət büdcəsində daxilolmaların 39,3%-i və yaxud 7,907 mlrd. manatı Vergilər Nazirliyinin payına düşəcək.

“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 262 mln. manat və yaxud 3,4% çoxdur.

Dövlət Gömrük Komitəsinin büdcə yükü isə 8% və yaxud 180 mln. manat artırılaraq 2,43 mlrd. manata çatdırılıb. Bu, gələn il gözlənilən ÜDM-in 3,5%-i qədər, büdcə gəlirlərinin isə 12,1%-i qədərdir.

Əvvəlcədən qeyd olunduğu kimi, 2018-ci ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə 9,216 mlrd. manat transfert ediləcəyi, 574 mln. manat isə digər mənbələrdən (o cümlədən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat) gözlənilir.

Xatırladaq ki, 2018-ci ilin büdcə gəlirləri 20,127 mlrd. manat məbləğində proqnozlaşdırılır ki, bu da gözlənilən ÜDM-in 28,9%-i olmaqla 2017-ci ilin proqnozundan 20% və yaxud 3,361 mlrd. manat çoxdur.