Ukrayna "Qazprom"un əmlakından 6,7 mlrd. dollar cərimə tutacaq


İqtisadiyyat 19 Okt 2017 12:43:10 332 0

Ukrayna "Qazprom"un əmlakından 6,7 mlrd. dollar cərimə tutacaq

Ali Məhkəmə "Qazprom"un apellyasiya şikayətinə mənfi cavab verib

Kiyev şəhər Təsərrüfat Məhkəməsi Antiinhisar Komitəsi və Ədliyyə Nazirliyinin icra xidmətinin iddiasını təmin edərək Rusiyanın "Qazprom" şirkətindən 6,7 mlrd. ABŞ dolları həcmində cərimənin tutulması qərarının həyata keçirilməsi qaydasına dəyişiklik edib. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın ədliyyə naziri Pavel Petrenko verib.

Petrenko bildirib ki, "əgər əvvəl "Qazprom"un bank hesablarından cəriməni tutmaq mümkün idisə, indi artıq borclunun bütün əmlakından tutula biləcək". Nazir məhkəmə qərarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağını qeyd edib.

Xatırladaq ki, 2016-cı ilin fevral ayında Ukrayna Antiinhisar Komitəsi "Qazprom" şirkətini 85,9 mlrd. qrivna (3,36 mlrd. dollar) cərimələyib. Buna səbəb kimi, iqtisadi rəqabətin qorunması haqqında qanunun tələblərinin pozulması göstərilib. Daha sonra Komitə cəriməyə 100% dəbbə əlavə edib. Dekabrda Məhkəmə Komitənin iddiasını təmin edib və "Qazprom"dan 172 mlrd. qrivna (6,7 mlrd. dollar) cərimə tutulmasına qərar verib. Bu ilin avqust ayında "Qazprom" Ukrayna Ali Məhkəməsinə qərara yenidən baxılması üçün müraciət etsə də imtina cavabı alıb.