Bu il BTC ilə 20 mln. tondan çox Azərbaycan nefti nəql olunub


İqtisadiyyat 05 Okt 2017 12:38:32 509 0

Bu il BTC ilə 20 mln. tondan çox Azərbaycan nefti nəql olunub

Türkmənistan neftinin nəqli isə 31% artıb

Bu ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 264 511 ton Azərbaycan nefti nəql olunub.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 20 326 791 ton neft ötürülüb. Bu, ötən ilin müvafiq dövründən 7,8% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il, iyun) 2017-ci il oktyabr ayının 1-ə qədər BTC-yə 341 864 853 ton neft vurulub.

Bundan başqa, sentyabr ayında BTC kəməri ilə 491 931 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin analoji ayından 31% çoxdur.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.