Bakıda ICAO-nun Avropa regional ekspert qrupunun müşavirəsi keçirilir


İqtisadiyyat 05 Okt 2017 11:29:03 398 0

Bakıda ICAO-nun Avropa regional ekspert qrupunun müşavirəsi keçirilir

Tədbirdə 15 ölkənin, 5 beynəlxalq və regional təşkilatın, “Boeing” və “Airbus”un nümayəndələri iştirak edirlər

Bakıda oktyabrın 2-dən 6-dək Dövlət Mülki Aviasiya Administrasiyası, "Azərbaycan Hava Yolları" (AZAL) QSC, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) dəstəyi ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) uçuşların təhlükəsizliyi üzrə Avropa regional ekspert qrupunun X müşavirəsi keçirilir.

Administrasiyadan "Report"a daxil olan məlumta görə, konfransda 15 ölkədən, eyni zamanda beş beynəlxalq və regional təşkilatdan (ICAO, IAC, EASA, IATA, Eurocontrol) təxminən 65 mütəxəssis, həmçinin iri aviasiya istehsalçıları – “Boeing” və “Airbus”un nümayəndələri iştirak edirlər.

Müşavirənin işi çərçivəsində ilk iki gündə taksonomiya və uçuşların təhlükəsizliyi üzrə praktiki seminarlar keçirilib.

Konfransın ilk günlərinin yekunlarına əsasən, qrupun işinin nəticələri bəyənilib və regional səviyyədə uçuşların təhlükəsizliyi sahəsində təşəbbüslərin reallaşdırılması istiqamətində növbəti addımlar planlaşdırılıb.

Azərbaycanın aviasiya hakimiyyətinin, ICAO, IATA, IAC, "Eurocontrol"un nümayəndələri və digər rəsmi şəxslər məruzələr ilə çıxış ediblər.

IE-REST qrupu 2013-cü ildə ICAO-nun Avropa və Şimali Atlantika Bürosunun təşəbbüsü ilə yaradılıb. Qrupun əsas məqsədi uçuşların təhlükəsizliyi səviyyəsinin artırılması üzrə təşəbbüs və tədbirlərin hazırlanması və dəstəklənməsidir. Hazırda belə tədbirlər regional və beynəlxalq təşkilatların, tənzimləyici orqanların, aviaşirkətlərin və hava gəmiləri istehsalçılarının birgə səyləri ilə həyata keçirilir.