İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti?


Siyasət 07 Fev 2025 10:59:00 70 0

İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti?

İsrail çoxdan bəri bəyan etdiyi qərarını gerçəkləşdirdi: Təl-Əviv rəsmi şəkildə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasından (İHŞ) çıxdığını elan etdi.

Əslində, bu addım Təl-Əviv ilə İHŞ arasında uzun illərdən bəri davam edən qarşıdurmanın məntiqi davamı oldu. Çünki İsrail İHŞ-ni antiisrail yönümlü siyasət aparmaqda və qərəzli yanaşmada günahlandırırdı. İsrail bu addımı atmaqla ABŞ-nin nümunəsini izlədi - Vaşinqton da bir gün əvvəl Şuradan çıxdığını elan edərək onu "anti-Amerika" və "antisemit" mövqedə olmaqda ittiham etmişdi.

İsrailin xarici işlər naziri Gideon Saar məsələyə sərt mövqe bildirib: "İHŞ ənənəvi olaraq insan haqlarını pozanları müdafiə edir, onlara məsuliyyətdən yayınmaq imkanı yaradır və bunun əvəzində Yaxın Şərqdəki yeganə demokratiyanı obsesiv şəkildə demonizasiya edir".

Onun sözlərinə görə, Şura çoxdan siyasi təzyiq alətinə çevrilib və qərarlar ədalət prinsiplərinə əsaslanmaq əvəzinə müəyyən dövlətlərin siyasi maraqlarına uyğun verilir.

İHŞ 2006-cı ildə İnsan Haqları Komissiyasının yerinə yaradılmışdı, çünki əvvəlki qurum səmərəsiz fəaliyyəti ilə tənqid olunurdu. Şura 47 dövlətdən ibarətdir və bu üzvlər BMT Baş Assambleyası tərəfindən seçilir. Formal olaraq Şura dünya üzrə insan haqlarının müdafiəsi ilə məşğul olmalıdır, amma reallıqda o, tez-tez siyasi mübarizələrin arenasına çevrilir.

İsrail illərdir İHŞ-ni qərəzli yanaşmada ittiham edirdi. Statistikalar da bunu təsdiqləyir: Şura yarandığı gündən İsrailə qarşı 100-dən çox qınayıcı qətnamə qəbul edib ki, bu da ümumi qəbul olunmuş qərarların 20%-dən çoxunu təşkil edir. Müqayisə üçün, İran, Şimali Koreya, Kuba və Venesuelaya qarşı belə qətnamələrin sayı birlikdə bu qədər deyil.

Bəs bu "məhkəmə"nin hakimləri kimlərdir, əcəba? Şura üzvləri arasında özləri insan haqlarının kobud pozulmasında ittiham olunan ölkələr var, lakin onlar rahat şəkildə İsrail əleyhinə qətnamələr qəbul edirlər.

İsrailin tənqidində tək olmadığı da məlumdur. ABŞ 2018-ci ildə Donald Trampın rəhbərliyi altında eyni səbəbdən İHŞ-dən çıxmışdı. Ağ Ev o zaman Şuranı "riyakar bataqlıq" adlandıraraq bildirmişdi ki, orada insan haqları yox, siyasi maraqlar əsas götürülür.

ABŞ-nin Şuradan çıxmaq qərarı Donald Tramp tərəfindən fevralın 4-də, İsrailin baş naziri Benyamin Netanyahuyla görüşü günü imzalanıb. Bu, təsadüfi deyil, açıq bir mesaj idi: Vaşinqton Təl-Əvivə dəstək verir və onun mövqeyini bölüşür.

Fəqət ABŞ təkcə İHŞ-dən çıxmaqla kifayətlənmədi. Bundan əlavə, Vaşinqton BMT-nin Fələstin qaçqınlarına yardım agentliyinə (BAPOR) maliyyə ayırmağı da dayandırdı. ABŞ və İsrail uzun illərdir bu qurumu HƏMAS-la əlaqədə olmaqda ittiham edirdilər.

"Məlumata görə, BAPOR-un içərisinə terror təşkilatlarının üzvləri sızıb və agentliyin əməkdaşları 7 oktyabr 2023-cü ildə İsrailə qarşı HƏMAS hücumunda iştirak ediblər" - Trampın fərmanında belə qeyd olunurdu.

Bundan əlavə, ABŞ UNESCO-ya ödənişləri də dondurdu və bu qurumda gələcək iştirakının məqsədəuyğunluğunu sual altına aldı.

İsrail və ABŞ-nin İHŞ-dən çıxması dünya ictimaiyyətində rezonans doğurdu. Təl-Əvivdə bu addım çoxdan atılmalı olan qərar kimi qarşılandı. Xarici işlər naziri Gideon Saar vurğuladı ki, İsrail artıq diskriminasiyaya dözmək niyyətində deyil və siyasi qərəzlə məşğul olan qurumlarla əməkdaşlıq mənasızdır.

Təbii ki, "gərəkli reaksiya"lar da oldu. BMT-dən bildirdilər ki, sən demə, İsrail əslində Şuranın üzvü deyildi və orada yalnız müşahidəçi statusuna malik idi. Maraqlıdır ki, İsrail və ABŞ-nin orada rəsmi üzvlüyü yox idi, amma BMT dərhal onların "çıxmasının nəticələrindən" danışmağa başladı.

"Human Rights Watch" kimi başabəla hüquq müdafiə təşkilatları ABŞ və İsraili beynəlxalq insan haqları sistemini dağıtmaqda ittiham etdilər. Amma sözügedən arqument ciddi tənqidə tab gətirmir, gülüncdür: , əgər bu Şura obyektivlik nümayiş etdirmək əvəzinə, bütün qınayıcı qətnamələrinin 20%-ni yalnız bir ölkəyə yönəldirsə, insan haqlarının müdafiəsindən danışmaq mümkündürmü?

Formal olaraq İsrail və ABŞ hələ də BMT İnsan Haqları Şurasında müşahidəçi statusunu saxlayırlar, lakin onların bu qurumla açıq şəkildə yollarını ayırması təkcə Şura üçün deyil, bütövlükdə BMT sistemi üçün ciddi çağırışdır.

Əsas sual indi budur: İsrail və ABŞ-nin nümunəsini digər ölkələr də izləyəcəkmi? Yoxsa İHŞ-nin riyakar siyasətindən narazı olanlar sadəcə susaraq müşahidə etməyə davam edəcəklər? Hələ ki, bəziləri bu addımı pisləməyə çalışır, digərləri isə ehtiyatla gözləyir. Ancaq bir şey dəqiqdir: İsrail və ABŞ əvvəlcədən yazılmış ssenari üzrə qurulmuş oyunda daha iştirak etmək niyyətində deyillər.

Onlar artıq ədalət anlayışını çoxdan unudan beynəlxalq bürokratiyanın qarşısında haqq qazandırmaq istəmirlər.

İsrail uzun illərdir ki, İnsan Haqları Şurasını qərəzli və ədalətsiz olmaqda ittiham edir. Baş nazir Benyamin Netanyahu hələ 2021-ci ildə İHŞ-ni "anti-İsrail ritorikası ilə məşğul olan qurum" adlandırmışdı. "The Washington Post" isə hesablamışdı ki, Şuranın ilk 12 ili ərzində İsrailə qarşı 70-dən çox qətnamə qəbul edilib.

Əslində, İHŞ çoxdan insan hüquqlarını qorumaqdan daha çox siyasi mübarizələr üçün bir arenaya çevrilib. İnsan haqları sahəsində öz reputasiyası şübhə altında olan bir sıra dövlətlər asanlıqla özlərinə müttəfiq tapır və öz cinayətlərini ört-basdır edirlər. Eyni zamanda, Şura isə İsrailə qarşı qeyri-proporsional şəkildə sərt mövqe tutur.

İsrail bu gün ABŞ-nin yolunu davam etdirdi və artıq bu siyasi oyunda iştirak etməyəcəyini bəyan etdi. Saar və Trampın mesajı aydındır: "İkili standartlara dözmək kifayətdir." BMT İnsan Haqları Şurası beynəlxalq təşkilat olaraq legitimliyini itirib və onun qərarları getdikcə obyektiv təhlildən daha çox siyasi qisasçılığa bənzəyir.

2006-cı ildə yaradılmış İnsan Haqları Şurası formal olaraq "dünyada insan hüquqlarına ümumi hörmətin təşviq edilməsi və qorunmasına" cavabdehdir. Lakin illər ərzində bu qurum daha çox siyasi təzyiq vasitəsinə çevrilib və effektiv hüquq müdafiə mexanizmi olmaq xüsusiyyətini itirib.

Bəs yaxşı, BMT-nin İnsan Haqları Şurasının fəaliyyəti nədən ibarətdir?

Rəsmi məlumata görə, İHŞ aşağıdakı funksiyaları yerinə yetirir:

1. BMT, hökumətlər və qeyri-hökumət təşkilatları arasında insan haqları məsələləri üzrə beynəlxalq dialoq platforması kimi çıxış edir;

2. Beynəlxalq ictimaiyyətin mövqeyini ifadə edən qətnamələr və qərarlar qəbul edir;

3. Fövqəladə vəziyyətlərə reaksiya vermək üçün fövqəladə iclaslar keçirir;

4. BMT-yə üzv olan ölkələrdə insan haqlarının vəziyyətini araşdırır;

5. İnsan haqları pozuntularını araşdırmaq üçün xüsusi prosedurlar və komissiyalar təyin edir.

Son illərdə İHŞ müxtəlif ölkələrdə hərbi cinayətlər və insan hüquqları pozuntularını araşdırmaq üçün komissiyalar yaradıb. Bunlardan bəziləri:

1. Belarus (2024) - insan haqları üzrə müstəqil ekspertlər qrupu;

2. Sudan (2023) - beynəlxalq faktaraşdırıcı missiya;

3. İran (2022) - etirazlar zamanı insan hüquqları pozuntularının araşdırılması;

4. Nikaraqua (2022) - repressiyaların araşdırılması komissiyası;

5. Ukrayna (2022) - hərbi cinayətlərin araşdırılması komissiyası;

6. İsrail və Fələstin (2021) - Qəzzadakı hadisələrlə bağlı komissiya;

7. Venesuela (2019) - Maduro rejiminin cinayətlərinin araşdırılması;

8. Myanma (2018) - Rohinca etnik təmizləmələri üzrə araşdırma;

9. Konqo Demokratik Respublikası (2018) - insan haqları pozuntularına dair ekspert missiyası;

10. Cənubi Sudan (2016) - hərbi cinayətləri araşdıran komissiya;

11. Suriya (2011) - Əsəd rejiminin cinayətlərini araşdıran komissiya.

İlk baxışda, Şuranın fəaliyyəti qlobal böhranları diqqət mərkəzində saxlamağa yönəldilmiş kimi görünə bilər. Lakin araşdırmaların seçmə aparılması və qərəzli yanaşma məsələsi açıq qalır.

İsrail və ABŞ-nin BMT İnsan Haqları Şurasından çıxması sadəcə səs-küylü bir bəyanat deyil - bu, beynəlxalq sistemdə dərin dəyişikliklərin simptomudur. BMT-nin ənənəvi mexanizmləri getdikcə effektivliyini itirir və bu tendensiya getdikcə daha çox ölkə tərəfindən qəbul olunur.

Buna baxmayaraq, Təl-Əviv və Vaşinqton insan haqları ilə bağlı məsələlərin müzakirələrində iştirak etməyə davam edə bilərlər. Lakin onların bu addımı beynəlxalq təşkilatlara artan inamsızlığı açıq şəkildə göstərdi. Onlar Şuranı ikili standartlarda, siyasi motivlərdə və antiisrail yönümlü fəaliyyət aparmaqda ittiham edirlər.

İHŞ ABŞ və İsrail kimi iki açar oyunçunun yoxluğunda yaşamağa davam edəcəkmi? Yoxsa bu qurumun süqutunun başlanğıcıdır?

Avropa İttifaqı ölkələri hələ də BMT İnsan Haqları Şurasını (İHŞ) beynəlxalq hüququn vacib aləti kimi dəstəkləməyə davam edirlər. Fəqət ABŞ və İsrail kimi geosiyasi güc mərkəzlərinin iştirakı olmadan Şuranın təsir imkanlarının zəifləməsi qaçılmazdır.

İsrail artıq dəfələrlə İHŞ-nin qərarlarını görməməzliyə vurmuş və bu qurumdan asılı olmadan milli maraqlarını uğurla qorumuşdu. İndi isə ABŞ bütün müttəfiqlərinə aydın bir siqnal göndərir: "Əgər beynəlxalq arenada sizi küncə sıxışdırırlarsa, oyundan çıxmaqdan qorxmayın."

Vaşinqton və Təl-Əvivin gələcəkdə əsas diqqətini ikitərəfli əməkdaşlıq formatlarına, həmçinin siyasi manipulyasiyadan və bürokratik korrupsiyadan uzaq olan alternativ beynəlxalq institutlara yönəldəcəyi ehtimal olunur.

Ölkəmizə gəldikdə isə Azərbaycan 2006-cı ildə İHŞ-nin ilk tərkibinə seçilmişdi. Lakin demək olar ki, dərhal Qərb tərəfindən maliyyələşdirilən hüquq müdafiə təşkilatlarının açıq siyasi hücumlarına məruz qaldı. Məsələn, dəfələrlə xarici qüvvələrə xidmət etməkdə və qərəzli mövqe sərgiləməkdə ittiham olunan Human Rights Watch dərhal Bakıya qarşı əsassız tənqid kampaniyasına başladı.

Eyni zamanda, İHŞ onilliklər boyunca Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistana real təzyiq göstərmək gücündə olmadı. Halbuki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsini tələb edirdi.

İHŞ niyə Ermənistanı azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmələrə görə qınamadı? Niyə mülki şəxslərin qətlə yetirilməsini, şəhərlərin yerlə-yeksan edilməsini və torpaqlarımızın işğal edilməsini görməzdən gəldi?

Çünki "qurbanlar düzgün seçilməmişdi", "cinayətkarlar isə lazımi tərəfdə idi".

İHŞ nə ilə məşğul idi? Niyə öz mexanizmlərindən istifadə edərək Ermənistanı beynəlxalq hüququn tələblərinə əməl etməyə məcbur etmədi?

Cavab aydındır: ikili standartlar.

Azərbaycan öz ərazi bütövlüyünü qanuni şəkildə bərpa etdikdən sonra isə Avropa institutları və hüquq müdafiə təşkilatları qəfil "insan haqlarını" xatırladılar. Onlar dərhal Bakı haqqında tənqidi bəyanatlar verməyə başladılar, amma ermənilərin törətdiyi etnik təmizləmələri, Xocalı soyqırımını və erməni silahlı birləşmələrinin azərbaycanlı mülki əhaliyə qarşı cinayətlərini tamamilə görməzdən gəldilər.

Bu gün aydın görünür ki, insan haqları ilə bağlı ritorika Qərbin əlində çoxdan geosiyasi silaha çevrilib.

İHŞ insan haqlarını həqiqətən qorumaq əvəzinə, Qərbin xoşuna gəlməyən ölkələrə qarşı istifadə etdiyi bir təzyiq alətinə çevrilib. Onlar öz müttəfiqlərinin cinayətlərini ört-basdır edir, lakin "uyğun olmayan" dövlətləri hədəfə alırlar.

Məhz bu səbəbdən, ABŞ və İsrailin İHŞ-dən çıxması beynəlxalq insan haqları institutlarının fəaliyyətini yenidən nəzərdən keçirməyə təkan verə bilər. Ola bilsin ki, bu addım, insan hüquqları mövzusunun siyasi şantaj vasitəsi kimi istifadəsinin qarşısını almağa kömək edəcək.

ABŞ-nin İHŞ-dən çıxması qlobal sistemdə dəyişikliklərin yaxınlaşdığına dair bir siqnaldır. Ola bilsin ki, Vaşinqton artıq köhnəlmiş və siyasi motivasiyalı strukturların yerini daha yeni və ədalətli beynəlxalq institutlarla əvəz etməyə hazırlaşır.

Azərbaycan ABŞ-dən ədalətli münasibət gözləməyə haqqı çatır. Bu kontekstdə 907-ci düzəlişin tamamilə ləğvi məntiqli addım olardı. Çünki bu düzəliş çoxdan mənasını itirib və sadəcə ABŞ-ın keçmiş siyasi yanaşmasının qalıqlarından biri kimi qalır.

ABŞ və İsrailin BMT İnsan Haqları Şurasından çıxışı sadəcə bir etiraz deyil. Bu, bütün dünyaya göndərilmiş aydın mesajdır: beynəlxalq institutlar artıq siyasi təzyiq vasitəsi kimi işləyə bilməzlər.

İndi isə bir çox dövlət qarşısında sual dayanır: "Biz, bizə qarşı işləyən bir sistemdə qalmağa davam edəcəyikmi, yoxsa İsrail və ABŞ-nin nümunəsini izləyəcəyik?"

Qarşıdakı aylar bu demarşın yeni, manipulyasiyalardan azad beynəlxalq sistemin formalaşmasına gətirib çıxarıb-çıxarmayacağını göstərəcək. Yoxsa İHŞ fəaliyyətini davam etdirəcək, amma artıq zəifləmiş və nüfuzdan düşmüş bir qurum kimi qalacaq.

BMT İnsan Haqları Şurasının tarixi göstərir ki, onun qərarları çox vaxt obyektiv vəziyyəti deyil, müəyyən dövlətlərin siyasi maraqlarını əks etdirir.

İsrail və ABŞ-nin bu oyundan çıxması, İHŞ-nin tənqidlərə açıq olması və ya özünü müdafiə etməsi mümkündür. Lakin ortada bir həqiqət var:

Bu qurum beynəlxalq siyasətin alətinə çevrildiyi müddətcə, onun obyektivliyindən danışmaq mümkün deyil.

Elçin Alıoğlu Son.az  

Avropanı idarə edən xanımların korrupsiyaya yol açan əməlləri like
  • 07 Fev 10:56  
Digərləri Avropanı idarə edən xanımların korrupsiyaya yol açan əməlləri

"Aİ və səlahiyyətli şəxsləri İttifaqda baş verən qanunsuzluqlara

arrow Ətraflı
Bu ay sevgidə şanslı olacaq BEŞ BÜRC like
  • 07 Fev 10:50  
Digərləri Bu ay sevgidə şanslı olacaq BEŞ BÜRC

Ulduzların taleyimizə böyük təsiri var və şəxsi həyatımızda baş ver�

arrow Ətraflı
Fransadan Ukraynaya hərbi DƏSTƏK  “Mirage2000” qırıcıları gətirildi like
  • 07 Fev 10:42  
Dünya Fransadan Ukraynaya hərbi DƏSTƏK “Mirage2000” qırıcıları gətirildi

Fransanın ilk "Mirage 2000" qırıcı təyyarələri Ukraynaya gəlib

arrow Ətraflı
Avtobus sürücüsü "ChatGPT" sayəsində cərimə ödəməkdən belə xilas oldu  FOTO like
  • 07 Fev 10:35  
Digərləri Avtobus sürücüsü "ChatGPT" sayəsində cərimə ödəməkdən belə xilas oldu FOTO

Tokatda məktəb avtobusu sürücüsü 2400 lirə cərimələndikdən sonra sün

arrow Ətraflı
100dən artıq şəxsin diplomu tanınmadı  Bu ölkələrdə oxuyublar like
  • 07 Fev 10:29  
Digərləri 100dən artıq şəxsin diplomu tanınmadı Bu ölkələrdə oxuyublar

Yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilər

arrow Ətraflı
Mingəçevirdən Şuşaya getmək istəyənlərə sevindirici XƏBƏR like
  • 07 Fev 10:23  
Digərləri Mingəçevirdən Şuşaya getmək istəyənlərə sevindirici XƏBƏR

Mingəçevir-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə ver

arrow Ətraflı
Bu ölkədə evdə pişik saxlamaq qadağan olacaq like
  • 07 Fev 10:18  
Dünya Bu ölkədə evdə pişik saxlamaq qadağan olacaq

Şotlandiya ev pişiklərinin saxlanmasını qadağan etməyi düşünür. Bu, y

arrow Ətraflı
Günəşdə güclü partlayış baş verdi  Yerə də təsiri olacaq like
  • 07 Fev 10:11  
Dünya Günəşdə güclü partlayış baş verdi Yerə də təsiri olacaq

Günəşdə ən yüksək X sinfinə yaxın güclü partlayış baş verib.

arrow Ətraflı
Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı ölkəyə qaytarılıb like
  • 07 Fev 10:05  
Digərləri Almaniyada icazəsiz yaşayan 45 azərbaycanlı ölkəyə qaytarılıb

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşa

arrow Ətraflı
Pandemiyadan sonra Azərbaycana turist axını rekord həddə çatıb like
  • 07 Fev 10:00  
Digərləri Pandemiyadan sonra Azərbaycana turist axını rekord həddə çatıb

Ötən ay Azərbaycana səfər edən xarici vətəndaşların və vətəndaşlı

arrow Ətraflı
Ən çox duaları qəbul olan 4 BÜRC  Onların ahını almayın like
  • 07 Fev 09:52  
Digərləri Ən çox duaları qəbul olan 4 BÜRC Onların ahını almayın

Astroloji müşahidələr və uzun illərin toplanmış təcrübələri göstər

arrow Ətraflı
İsmayıllıda kriminal hadisə  saxlanılan var like
  • 07 Fev 09:42  
Digərləri İsmayıllıda kriminal hadisə saxlanılan var

İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Ölkədə bu valyutalar dəyərdən düşdü  RƏSMİ like
  • 07 Fev 09:39  
Digərləri Ölkədə bu valyutalar dəyərdən düşdü RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Tanınmış jurnalist vəfat etdi like
  • 07 Fev 09:33  
Digərləri Tanınmış jurnalist vəfat etdi

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanları

arrow Ətraflı