Azərbaycan xalqının varlığına çevrilən dahi
Siyasət 08 May 2023 13:24:00 204 0
Ulu öndər Heydər Əliyevin doğulduğu gün - 1923-cü il 10 may əslində, Uca tanrının Azərbaycanın və Azərbaycan xalqının taleyinə yazdığı alın yazısı imiş. Həmin gün, taleyinə doğulan günəşin işığı ilə, Azərbaycan bu gün dörd tərəfini bürümüş qara buludları yarıb, işıqlı gələcəyə qovuşacaqmış...
Bu xəbəri də oxu: İlham Əliyev Surinam Prezidentinə təbrik məktubu ünvanlayıb
Uca yaradan, Adəmdən bəri hər qövm üçün, hər xalq üçün onun içindən bir insanı seçib, ona bilik, mənəvi zənginlik, dərin zəka, fitri istedad və qabiliyyət bəxş edir, onu əzəmətli və zəhmli edir, ona ad və şöhrət qazandırır, ölkənin asayişini, xalqın yaşayışını və müqəddəratını ona etibar edir... O insanın dərin təfəkkürü, dünyagörüşü, elmi, helmi, ağlı və zəngin biliyi, adi insanların dərk edə biməyəcəyi dərəcədə elə bir yüksək səviyyədə olur ki, o, günəşə bənzəyir! Xalq onun nuru ilə zülmətdən xilas olur!
Tarixi şəxsiyyətlər, adi insanlardan fərqli olaraq, bahar çiçəkləri kimi tez açılıb, tez də solmurlar. Onlar tarixin məhək daşına çevrilərək, zaman-zaman yaddaşlara həkk olur, əbədiyaşar bir varlığa çevrilirlər.
Bəşər tarixinin XX əsrində Uca tanrının Türk dünyasına bəxş etdiyi o dahi şəxsiyyət haqqın, ədalətin rəmzi, milli-mənəvi, bəşəri dəyərləri özündə ehtiva edən, dünyanın siyasət korifeylərinin gözlərini qamaşdıran və düşmənləri kor edən o günəş - Azərbaycanda doğulan Heydər Əlirza oğlu Əliyevdir!
500 il bundan əvvəl yağı düşmənlər əhatəsində parçalanmış - Azərbaycanı birləşdirən və müstəqilliyini bütün dünyaya qəbul etdirən Şah İsmayıl Xətainin dövründən sonra, yenə də parçalanmış, tayfalara bölünmüş, vətəndaş müharibəsinə sürüklənmiş, son nəfəsini yaşayan, hegemon dövlətlər tərəfindən pay-pürüş eddilməyə hazırlanmış Azərbaycana ruh verib onu canlandıran ulu öndər Heydər Əliyev öz gücü və iradəsi ilə dünyaya qarşı dayanıb, iradəsi sındırılmış, torpaqları işğal edilmiş bu məsum xalqı ölüm-dirim savaşına qaldırdı.
Azərbaycan xalqının haqqını özünə qaytardı, öz tarixinin, öz taleyinin, öz dövlətinin, öz ərazisinin, yerüstü, yeraltı sərvətlərinin sahibi etdi... Azərbaycanı dünya dövlətləri sırasına öz adı, öz bayrağı, öz ordusu, oz milli mənəviyyatı ilə salan, xalqın şanlı tarixini yazaraq, özünü özünə tanıdan, keçmişi ilə gələcəyini birləşdirərək bugünü yaradan və bütövlükdə Azərbaycan xalqını yox olmaqdan xilas edib, müstəqil Azərbaycan dövləti quran Heydər Əliyev xalqımızın qəlbində əbədi yaşayacaqdır...
Düşünürəm ki, əgər ermənilərin Heydər Əliyevi olsaydı, indi bütün Yer kürəsi Ermənistan olardı. Təsadüfi deyildir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı zamanı öz xalqına çağırış etmişdi: "Dağlıq Qarabağ haqqında söz-söhbətləri dayandırın. Görəcəyimiz işlərin heç biri bir nəticə verməyəcəkdir. Çünki Heydər Əliyev yenidən hakimiyyətə gəlmişdir". O vaxt ulu öndər apardığı uzaqgörən və müdrik siyasəti ilə Qarabağ probleminin ədalətli həlli məsələsində Ter-Petrosyana yalnız bir çıxış yolu qoymuşdu: O, yalnız "hə" deməli idi. Siyasət meydanında uduzduqlarını görən ermənilər və onların havadarları vəziyyətdən çıxış yolunu Ter-Petrosyanın istefasında gördülər və buna da nail oldular.
Lakin ulu öndər Heydər Əliyev öz ədalətli və prinsipial mövqeyi ilə ermənipərəst qüvvələri fakt qarşısında qoydu, yenidən Qarabağ probleminin həllini Ermənistan Respublikasının parlamenti səviyyəsində gündəmə gətirdi. Artıq Dağlıq Qarabağ problem parlament səviyyəsində öz həllini tapmalı idi. Lakin burda da çıxış yolu tapmayan ermənilər və havadarları vəhşilik edərək, dövlət səviyyəsində terrora əl atdılar. Problemin ədalətli həllinə yekun qərar çıxaracaq səlahiyyətli deputatları, spikerləri başda olmaqla, parlamentdə iclas gedə-gedə bir-bir güllələdilər, Qarabağ probleminin ədalətli həllinə terrorla imkan vermədilər. Göründüyü kimi, bu, adi, sıradan bir cinayət hadisəsi deyildi, ermənilərdən bir alət kimi istifadə edən məkrli qüvvələrin "xeyir-duası" ilə baş tutan terror idi.
Bu, Heydər Əliyevin fövqəl gücü, qüdrəti qarşısında məğlub olan və çıxış yolunu yalnız özlərinin intiharında görən düşmənlərin bir millət kimi böyük faciəsi idi... Terror da olsa, ədalət prizmasından baxsaq görərik ki, bu, əslində Heydər Əliyev siyasətinin məğlubedilməzliyinin dünya miqyasındakı möhtəşəm təntənəsi idi!
Azərbaycan dövlətçilik tarixində yeganə haldır ki, ulu öndər Heydər Əliyev, heç bir xarici qüvvənin müdaxiləsi olmadan, öz xalqının iradəsi ilə ölkə prezidenti seçilmiş, xalqımızı uçuruma aparan fəlakətlərin qarşısını almış, qanuni hakimiyyəti devirməyə çalışan xarici qüvvələrin və onların əlaltılarının, daxili düşmənlərin və qruplaşmaların qarşısından geri çəkilməmiş, özünün qurub yaratdığı müasir Azərbaycanın dövlət müstəqilliyinin qarantı olmuşdur.
Ümummilli lider Heydər Əliyevi, xalqını xilas etmək kimi ali missiyanı yerinə yetirməkdən heç nə, heç bir qüvvə saxlaya bilmədi! O, yeni müasir, müstəqil Azərbaycan dövlətini qurdu. Hələ Sovet dönəmində, bir-biri ilə ölüm-dirim mübarizəsi aparan iki böyük siyasi sistemin birinin (Qərbin) həmişə ehtiyat etdiyi və həsəd apardığı, digərinin (Sovetin) güvəndiyi və möhtac olduğu böyük siyasi fiqur var idi. O, məğlubedilməzliyi ilə hər iki sistemi qorxuya salan böyük türk oğlu idi.
Ulu öndər öz xeyirxah əməlləri ilə bu gün də yaşayır, nə qədər ki, Azərbaycan xalqı yaşayır, Heydər Əliyev də yaşayacaqdır! Nə qədər ki, Heydər Əliyev ideyaları yaşayır, Azərbaycan müstəqil dövlət kimi inkişaf edəcək, çiçəklənəcəkdir. Müasir Azərbaycan dövlətinin müstəqilliyi və xoşbəxt gələcəyi məhz Heydər Əliyev siyasi kursunun əbədiliyi ilə bağlıdır.
Doğuldun günəş tək Azərbaycandan,
Qurtardın milləti oddan, alovdan!
Xilaskarı oldun bu doğma yurdun,
Sülhün, azadlığın taxtını qurdun.
Həqiqət, həm inam, ümid oldun sən,
Xalqımın işıqlı gələcəyisən.
Düşünürəm ki, burda bir haşiyə çıxmaq, ulu öndər Heydər Əliyevin Naxçıvanda işlədiyi zaman, verdiyi müsahibələrdə özü haqqında dediyi fikirlərə diqqət yetirmək yerinə düşərdi...
"1923-cü ildə Naxçıvan şəhərində - burada doğulmuşam. Atamın adı Əlirza, anamın adı isə İzzət xanım idi. Ailəmiz kasıb idi. Mən səkkiz qardaşın dördüncüsü idim. İki böyük qardaşım və böyük bacım, məndən kiçik olan iki qardaşım və iki bacım vardı. Atam dəmiryolçu olmuşdur. Rus inqilabının baş verməsindən beş il keçmişdi. 1923-cü il Azərbaycan, xüsusilə Naxçıvanda dolanışığın çox ağır keçdiyi bir dövrə təsadüf edir. Sovet rejimi ölkədə yayılmağa başlamışdı. Atam siyasətlə məşğul olan adam deyildi, savadlı və ziyalı olmadığı üçün nə bolşevikləri, nə də digər siyasi təşkilatları tanıyırdı. İşləyib ailəsini dolandırmaqdan başqa qayğısı yox idi. İbtidai məktəb altı sinif idi. İki böyük qardaşım ibtidai-orta təhsillərini Naxçıvanda alıb Bakıya getmiş və universitetə yazılmışdılar. Naxçıvanda həm oxuyub-yazmağı bilən çox az, həm də dolanacağın ağırlığı ucbatından ibtidai təhsil belə ala bilməyib işləməyə başlayan gənclərin sayı hədsiz idi. Əslində Naxçıvanda məktəb yox deyiləcək qədər az idi. Ailələr isə övladlarını oxutmaq əvəzinə, onların bir iş tapıb pul qazanmasını istəyirdilər. Böyük qardaşlarım mənim də onlar kimi ali təhsil almağımı istəyirdilər. Onların atama göstərdikləri təzyiq nəticəsində altı yaşında məktəbə getdim.
Sovet İttifaqında orta məktəb onillik idi. Lisey təhsili də buraya daxildir. 1939- cu ildə orta məktəbin məzunu oldum. Bu vaxt atam "Heydər, artıq istədiyin kimi oxudun, vəziyyətimizi görürsən, işlə" dedi. Atamın sözünü yerə salmaq, onu sındırmaq istəmirdim. Lakin ürəyim Bakıya, heç görmədiyim o şəhərə gedib universitetə qəbul olmaq istəyirdi. Orta məktəb məzunları Naxçıvanda kənd məktəblərində müəllimlik edə bilirdilər və atam da mənə belə etməyi məsləhət gördü. Qazandığım qazancla ailəmizə kömək etməyimi istəyirdi. Ali təhsil almaq idealım idi. Bu vaxt Bakıdakı böyük qardaşlarım köməyimə gəldilər. Məktub yazıb Bakıda oxumaq niyyətimi onlara bildirmişdim. Qardaşlarım məktub yazıb paytaxta gəlməyimi istədilər. Atam yenə təkid etdi. Lakin çox maraqlıdır ki, anam atama qarşı çıxdı və məni cəsarətləndirdi. Həm qardaşlarım, həm də anam israr etməyə başlayanda atam da artıq təzyiqdən əl çəkib, Bakıya oxumağa getməyimə razılıq verdi. Bakıya getmək çətin idi. Naxçıvandan Bakıya bugünkü kimi qatar və ya başqa bir nəqliyyat vasitəsi yox idi. Qatarlar Yerevan və Tiflisdən Bakıya gedirdi. Atam yaxın yoldaşlarından pul alıb mənim üçün yol pulu hazırladı... Vidalaşdıq. Anam arxamca dua edirdi. Anamla atam mənim uzun müddət sonra doğulduğum və böyüdüyüm doğma şəhərimə qayıdıb Ali Sovetin Sədri seçiləcəyimi yuxularında belə görsəydilər inanmazdılar.
...Düz dörd günlük yoldan sonra Bakıya çatdım. İlk dəfə idi ki, Naxçıvandan kənara çıxırdım və bu mənim həyatda ilk təcrübəm idi. Bakıya çatan kimi verdikləri ünvanla iki qardaşımın qaldığı evi tapıb, onların yanma getdim. Onların ilk işləri məni universitetə yazdırmaq oldu. Başımda yalnız bir fikir dolanırdı: memar olmaq! Bakı Universitetinin memarlıq fakültəsinə yazıldım. Bundan başqa rəssamlığa da meylim və qabiliyyətim vardı. Bakıda tələbəlik illərində çəkdiyim tablolar və digər rəsm işlərim o vaxt qalereyalarda göstərilmiş və bəyənilmişdi də. Bu gün onların harada olduğunu bilmirəm.
...Memarlıq fakültəsində təhsil alarkən rus dilini bilməməyim işimi çətinləşdirirdi. Memarlıq sənətinə olan sevgim məni bu maneəni dəf etməyə - rus dilini öyrənməyə vadar etdi. O dövrdə biz orta məktəbdə türk yazıçılarının, ədiblərinin əsərlərini mütaliə edir və öyrənirdik. Namiq Kamal, Kökalp, Tofiq Fikrət və Yəhya Kamalın şeirləri, Rəşad Nurinin romanları ədəbiyyat kitablarımızda xüsusi yer tuturdu. Onların çoxunu oxuyub təsirlənirdim. Ən çox bəyəndiyim şair isə Tofiq Fikrət idi. Bir tərəfdən memarlığa yiyələnir, bir tərəfdən isə rəsm və ədəbiyyatla məşğul olurdum.
...1943-cü ildə Hitlerin nasist qoşunlarının bəxti dönmüş, Stalinqrad məğlubiyyətindən sonra onlar başıpozuq halda geri çəkilməyə başlamışdılar. Elə o vaxtlar məni XDİK -ə (DTK- nın ovaxtkı adı) işə götürdülər. Bu vəzifə üçün mənə heç kimin köməyi olmadı. Səbəbini bu gün belə bimirəm. Lakin məni Gizli Polis Təşkilatına seçmişdilər.
...Mən də Azərbaycan XDİK-nm bir üzvü olmuşdum. DTK-da düz 30 il çalışdım. İndi burada bir haşiyə çıxmaq, Əliyev adını eşitcək bir çox adamın keçirdiyi mənəvi halı izah etmək üçün bir şey söyləmək istəyirəm: DTK ilə əlaqədar istər Azərbaycanda, istər keçmiş SSRİ-də, istərsə də bütün dünyada həmişə fikir müxtəlifliyi mövcud olmuşdur. Bilirsiniz ki, DTK haqqında xüsusilə Qərbdə minlərcə kitab, xatirə və tədqiqat əsəri yazılmışdır. Bunu qeyd etmək istəyirəm ki, dünyada gizli xidmət orqanı olmayan bir ölkə belə göstərə bilməzsiniz. Hətta Afrika və Asiyada yenicə müstəqillik əldə etmiş ölkələr də, əvvəlcə kiçik olsa belə, öz məxfi xidmətini yaradırlar. Çünki zəmanəmizdə heç bir dövlət məxfi xidmət orqanı olmadan yaşaya biməz.
...DTK-da şərəf və namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə, bir dəfə də olsun, xəyanət etməmişəm. Bu mənada vicdanım rahatdır. DTK-da ən böyük vəzifəyə kimi ucalmışam. Ən yüksək "DTK generalı" rütbəsinə qədər yüksəlmişəm. Moskvada, Sankt-Peterburqda keçmiş Sovet İttifaqı Kommunist Partiyasının ən yaxşı təbəqəsinin yetişdirildiyi xüsusi məktəblərdə, kurslarda oxudum. Məndən başqa heç bir türk Sovet İttifaqında belə yüksək təbəqələrə çatmamışdı. Çünki DTK kommunist rejiminin tənzimləyicisi və gizli ordusu idi. Bu orqanın rəmzi nişanında həkk olunmuş qılınc və qalxan bunu bir daha açıqlamırmı? Yəni qılıncla hücum edib kommunizmi dünyaya yay, qalxanla isə öz doğma kommunist vətənini qoru!
...1969-ci ilin əvvəlləri idi. Bakıda DTK binasındakı otağımda işləyərkən Moskvadan yüksək vəzifəli dostum Abdulla İbrahimov mənə telefonla zəng çalıb: "Heydər, Azərbaycan Kommunist Partiyasının Birinci Katibliyinə Moskvada yeganə namizəd sənsən!"- dedi. Çaşıb qalmışdım. Bu, gözləmədiyim bir xəbər idi. Telefondakı dostuma: "Bu, mümkün deyil. Belə bir namizədlik üçün təklif edildiyimi sanmıram. Bəs, nə üçün mənim bundan xəbərim yoxdur?"- dedim. Lakin dostum öz dediyində durdu və təkidlə: "Heydər, özünü buna hazırla", - deyib telefonu qoydu. Aradan iki, ya da üç gün keçməmişdi ki, Brejnevin şəxsi katibi tez Moskvaya gəlməyimi və Sov.İKP-nin Baş katibinin mənimlə görüşmək istədiyini bildirdi. Kremldə Brejnevin iş otağına getdim. Brejnev üzündə bir razılıq əlaməti ilə məni qarşıladı. Aramızda belə bir söhbət oldu:
-Yoldaş Əliyev, biz qərara gəlmişik ki, sizi Azərbaycan KP-nin Birinci katibi vəzifəsinə qoyaq.
Dedim:
-Bu, mənə şərəf verir, yoldaş Brejnev. Lakin mən bu vəzifəni istəmirəm.
Brejnev təəccüb qalmışdı:
-Necə yəni istəmirsən. Niyə görə? Sənə mühüm vəzifə tapşırırıq. Qəbul edəcəksən.
-Azərbaycan KP-nin Birinci katibi olmaq asan iş deyildir. Ona görə istəmirəm - dedim.
Lakin təkidimə əhəmiyyət verilmədi. Brejnev qərarını çoxdan qəbul etmişdi. Siyasi Büroda da namizədliyim müzakirə olunub artıq qərar verilmişdi. Adları gündəliyə salman bir çox namizəddən fərqli olaraq, bu vəzifə üçün indiki vəziyyətdə yalnız Əliyevin münasib olacağı məsələsində fikir birliyinə gəlmişdilər. Üstünlüyüm DTK-da işləməyim, şəxsi işimin təmizliyi, etimad qazanmağım, DTK sədri olmağıma baxmayaraq, azərbaycanlılar tərəfindən sevilməyim idi. Daha doğrusu, mən belə qiymətləndirirdim.
...Azərbaycan Kommunist Partiyasının Birinci katibi Azərbaycanın yeganə hakimi demək idi. Bu vəzifəyə seçildikdən sonra Azərbaycan və SSRİ-də bu təyinat böyük əks-sədaya səbəb oldu. Sevincimin ən böyük mənbəyi isə doğma xalqıma, millətimə daha yaxşı xidmət göstərmək imkanı tapmağıma olan güclü etiqadım idi. Bu etiqadım, bu arzum bu günə kimi həmişə reallaşmışdır.
...Ölkəmizdə Kommunist Partiyasının liderliyinin ən yaxşı illəri idi. Bəzən gecələr işim qurtaranda da evə getmir, səhərə qədər öz-özümə düşünür, respublikamızın vəziyyətinin yaxşılaşması üçün planlar qururdum. Mən bir azərbaycanlı və bir türk idim. Kommunist rejimi daxilində onlarla münasibətlər tarazlığını saxlamaqla yanaşı, vəzifəmin verdiyi imkanlardan istifadə edərək doğma xalqım üçün faydalı işlər görmək haqqında düşünürdüm. Buna görə də iki şey lazım idi: Azərbaycan Kommunist Partiyasının rəhbərliyini müvəffəqiyyətlə həyata keçirmək və nüfUzumla gücümü get-gedə artırmaq. Mən hesab edirəm ki, bu iki xüsusiyyətin ikisini də özümdə cəmləşdirib, siyasi fəaliyyətimdə əks etdirə bildim.
...Bütün siyasi həyatım boyu həmişə rüşvətlə mübarizə aparmışam. Rüşvətə qarşı ürəyimdə həmişə bir nifrət duymuşam. Azərbaycan və Azərbaycan xalqı belə fəaliyyətimi gördükdə mənə daha çox inanmağa və etibar etməyə başladı, Əliyevi daha çox sevdi. Bundan başqa fəaliyyətimlə Qafqaz bölgəsində, o cümlədən Gürcüstanda, sizə təəccüblü gəlsə də, hətta Ermənistanda da böyük hörmət qazanmışdım. Haqqımda partiya sıralarında və mətbuatda "Əliyev yeni üslublu partiya rəhbəridir" deyə yazırdılar. Sovet mətbuatı Azərbaycandakı inkişaf sıçrayışlarını, mədəniyyət sahəsindəki danılmaz inkişafı tərifləyir və təqdir edirdi. Mən qabaqcıl və müasir tipli partiya rəhbəri kimi tanmırdım.
...Rəhbərlik etdiyim 14 il ərzində ətrafımda birləşmiş partiya yoldaşlarımla birlikdə Azərbaycan üçün böyük işlər gördük. İndi siz Bakıya və Azərbaycanın digər böyük şəhərlərinə getsəniz, görəcəyiniz zavod, fabrik, mədəniyyət sarayları, əzəmətli mehmanxana, institut, orta məktəb, uşaq bağçası binaları, texnoloji komplekslərin əksəriyyəti həmin dövrdə tikilmişdir. Bu tikililər barədə hansı azərbaycanlıya müraciət etsəniz, "Əliyevin dövründə tikilmişdir" cavabını alarsınız.
Siyasi Büro üzvlüyünə namizədlər arasında mənim kimi bir türkün seçilməsi SSRİ-nin tarixində ilk hadisə idi. Heç vaxt heç bir azəri türkü imperiyanın yeganə qanunverici mərkəzi orqanı olan Siyasi Büronun üzvlüyünə namizəd seçilməmişdi.
Özünüz fikirləşin: Sov.İKP üzvlərinin sayı ölkə üzrə 22 milyona çatırdı. Siyası Büro üzvlərinin sayı 21, üzvlüyə namizədlərin sayı isə 5-6 nəfər idi.Onlardan biri də mən idim.
...İllər boyu Siyasi Büroya Qafqazdan həmişə gürcülər seçilmişdi. Stalin, Orconikidze milliyyətcə gürcü idilər. Mən Azərbaycan Kommunist Partiyasına rəhbərlik etdiyim dövrdə Gürcüstan Kommunist Partiyasının başçısı Eduard
Şevamadze yalnız mən oradan uzaqlaşdırıldıqdan sonra Qorbaçovun böyük köməyi və səyi ilə Siyasi Büroya əvvəlcə namizəd, sonra isə üzv seçildi. Ermənilər də məndən əvvəl Siyasi Büroda vəzifə tuturdular. Erməni Anastas Mikoyan hələ Stalin və Xruşşovun dövrlərində SSRİ-nin taleyində mühüm rol oynayan bir şəxs olmuş, Xruşşovun hakimiyyətdən salınmasında Brejnevə kömək etdikdən sonra yaşma görə pensiyaya göndərilmişdi. Erməni və gürcü liderləri Azərbaycanın onları keçib daha da irəli gedəcəyindən qorxuya düşdülər. Çünki namizəd olmaq əslində müəyyən mənada Siyasi Büroda olmaq demək idi. Bu üstünlüyümdən istifadə edərək SSRİ Nazirlər Sovetindəki əlliyə yaxın nazirdən hansına telefon etsəydim, Azərbaycan üçün hər hansı mühüm işin görülməsi onlar üçün əmr sayılırdı. Bu şəraitdən Azərbaycanın inkişafı naminə çox istifadə etdim. Çünki sovet idarəçiliyi türk və müsəlman respublikalarının hesabına xüsusilə çox kapital keçirmir, az kredit ayırırdı. Fabrik-zavod tikilişi və s. bu kimi respublikalarda iqtisadi və siyasi potensialı gücləndirəcək işlər üçün maliyyə buraxılışında xəsislik göstərirdilər. Sovet idarəçiliyinin 70 illik siyasətinə çevrilmiş bu münasibəti aradan qaldırmaq o qədər də asan iş deyildi. Çünki pul da, texnologiya da Moskvadan gəldiyi üçün o qədər də böyük iş görmək mümkün deyildi. Mən mövqeyimdən istifadə etməklə bu qanunu dəyişdirə bildim. Azərbaycan Respublikasında Siyasi Büroya namizəd və üzv olduğum vaxtlarda inkişaf meyilləri xeyli güclənmişdi. Ölkəmiz dünyada daha çox tanınmağa başladı. Türkiyədə Azərbaycanı yaxşı tanıyırdılar, lakin bu türk ölkəsi o qədər də bizim üçün açılmamışdı. Mənim səylərim nəticəsində sədlər aradan götürüldü. Xarici ölkələrdən turistlər, alim və sənətkarlar, siyasətçilər, baş nazirlər, nazirlər Azərbaycanı ziyarətə gəlməyə başladılar. Ölkəmiz tanındıqca onun nüfuzu da artırdı.
...1982-ci ilin noyabrında Brejnev uzun sürən xəstəlikdən sonra vəfat etdi. Onun yerinə mübahisə doğurmayan bir namizəd vardı: Yuri Andropov... Andropov ingilis dili daxil olmaqla üç dili mükəmməl bilməsi və yüksək intellektual səviyyəyə malik olması ilə partiya həyatında böyük nüfuz qazanmış şəxsiyyətlərdən idi. Çox namuslu bir adam idi. Ən böyük düşməni rüşvət və rüşvət alan dövlət adamları idi.
Andropovu seçmək üçün toplanmış Siyasi Büronun iclasında bütün üzvlər yekdilliklə Dövlət Təhlükəsizlik Komitəsinin sədrini SSRİ-nin yeganə rəhbəri seçdilər. Andropovla aramızdakı yaxınlıq və qarşılıqlı hörmətin başlanğıcı 1965-ci ildən qoyulmuşdu. Bizi 1965-ci ildə iclasların birində tanış etmişdilər. O zaman onun Dövlət Təhlükəsizlik Komitəsinin sədrliyinə gəlməsinə hələ iki il qalırdı. Son dərəcə şüurlu, intellektual, namuslu bir adam idi. Sürətli və sərt hərəkət etməyi xoşlardı. Münasibətlərimizdə hörmət və qarşılıqlı anlayış əsas idi. Brejnevin dəfnindən sonra onunla təklikdə görüşdük. "Mənim artıq sənə ehtiyacım var, daha sənin həmişəlik Moskvada qalmağını istəyirəm,"- dedi. Brejnevə olduğu kimi, Andropova da etiraz etdim. Azərbaycan əslində mənim üçün ayrıla bilmədiyim bir kompleks idi. Azərbaycandan ayrılmaq...Çox sevdiyim məmləkətdə daha yaşamaq... Bu mənim üçün dözülməz bir dərd olacaqdı. Lakin Andropov: "Azərbaycan artıq sənə dar gəlir" deyib xəfifcə gülümsədi. Mən yenə etiraz etdikdə, o bu dəfə narahatlıqla ciddi bir tonda sözlərini təkrar etdi:
- Artıq bütün SSRİ-də sənə ehtiyac duyulur. Azərbaycan daha sənin üçün kiçikdir. Məni Siyasi Büroya seçdin, indi də çıxıb gedir, mənə kömək etmək istəmirsən.
Andropov onun rəhbərliyə gəlişində göstərdiyim xidməti bilir və ondan ayrılmağımı istəmirdi. Yoldaşlarını, ona kömək edənlərin hamısını yaxında saxlamaq, onlarla birlikdə addımlamaq istəyirdi.
Andropov insanları ayırd etməkdə mahir idi. Bu söhbətimizdən on gün sonra bir səslə Siyasi Büroya üzv seçildim. Bu, artıq çox böyük hadisə idi. Həm SSRİ, həm türk-islam aləmi, həm də bütün dünya üçün... Ardınca yeni bir hadisə baş verdi: SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldum. İstəməsəm də, Bakıdan Moskvaya köçməli oldum. Bütün bu irəliləyişlərimə baxmayaraq, Azərbaycandan ayrılmaq ürəyimi ağrıdırdı. Heç Moskvada da bu ağrını ürəyimdən qoparıb ata bilmirdim. Halbuki Azərbaycan əlimin altında idi. Andropovun hakimiyyəti cəmi bir il davam etdi. Əcəl imkan vermədi. Əgər yaşasaydı, sovet imperiyasının taleyi bugünkü kimi olardımı? Bu suala cavab vermək bir qədər çətindir. Bəzi sualların cavabı elə onların özündə olur, bəzi suallar isə sual olaraq qalır.
Andropovun SSRİ ilə bağlı mənə və bir neçə yaxın yoldaşına etibar edib bildirdiyi bir sıra layihələri, müxtəlif planları vardı. Özünü 1960-cı illərdən, bəlkə də, Macarıstanda səfir işlədiyi vaxtlardan sovet liderliyinə hazırlamış, Dövlət Təhlükəsizlik Komitəsinə uzunillik sədrliyi dövründə qərb və öz ölkəsi ilə əlaqədar çox mühüm şeylər əxz etmiş, böyük təcrübə qazanmışdı. Böyük yeniliklər etmək, SSRİ-ni dəyişdirmək fikrində idi. Köhnəlik, rüşvət və alkoqolizm ilk hədəfləri idi. Lakin beynindəki islahatları da o, ağılla həyata keçirmək istəyirdi. Görüşlərimizdən birində mənə "SSRİ-nin dağılması, imperiyanın ləğvi tarixə çox baha başa gəlir" demişdi. Fəqət böyrək çatışmazlığı olduğu üçün onun rəhbərliyi uzun çəkmədi. Boş qalmış Sov.İKP-nin Baş katibi vəzifəsinə Brejnevin katibi, təşkilatçısı və ən yaxın adamlarından olan Konstantin Çemenkonu seçdik. Ancaq Çemenko da xəstə, yaşlı, skleroz əlamətləri olan bir adam idi. Bir il keçəndən sonra o da Andropov kimi bu dünyanı tərk etdi. Bir il onunla əziyyət çəkdik. Çemenkonun vaxtında da mövqeyim dəyişmədi. Azərbaycanla maraqlanmaqda davam edir, ölkəm üçün yeni kapital qoyuluşu məsələsində səlahiyyətli şəxslərə göstərişlər verirdim.
... Mən də Çrnenkonun yerinə Baş katib seçilmək üçün Siyasi Büroda səsvermə zamanı Qorbaçova səs verənlər arasında idim. O zaman üzündən maskasını çıxarmamışdı. Öz aramızda söhbətlər zamanı "gənc və dinamikdir, bu işi bacarar" deyirdik. Belə hesab edirəm ki, Andropovun islahat layihələrinin davamçısı və həyata keçirəni ola bilərdi. Təəssüf ki, Qorbaçovun əsl sifətinin üzə çıxması üçün çox vaxt lazım olmadı. Onun demokratiyası, yenidən qurması, aşkarlığı Roma kahinlərindən olan Yanusun iki üzü kimi idi. Qərbi inandırmaq üçün o özünü böyük bir demokrat kimi göstərirdi, daxilində isə diktator idi. Eynilə Stalin kimi. Lakin Qorbaçov Stalini bacarıqsız şəkildə təkrar edənlərdən idi.
Qorbaçovun ən böyük xüsusiyyəti müsəlman-türk dünyasına qarşı olan düşmənçiliyi idi. Türk respublikalarına qarşı da ikiüzlü siyasət aparırdı. Mənə qarşı hisslərini, nifrətini Siyasi Büronun iclaslarında hiss etdim. Qorbaçov Siyasi Büro üzvlərinin əksəriyyətinin rus və slavyan olduqlarını görür, bir türk kimi mənim SSRİ-nin idarə olunmasında söz sahibi olmağımı heç cür həzm edə bilmirdi. Lakin Baş katib seçilməmişdən əvvəl Qorbaçov məni tez-tez Qara dəniz sahilindəki villasına dəvət edirdi. Rəhmətlik həyat yoldaşım Zərifə ilə Qorbaçovların qonağı olardıq. Xanımı Raisa isə başqa bir oyundu. Bu ziyafətlərdən birində rəhmətlik ömür-gün yoldaşım mənə: "Heydər, bu Qorbaçov səmimi deyil. Bunlara fikir vermək yaxşı olar. Bir daha dəvət etsələr, getməyək," - deyə, məsləhət gördü. O, Qorbaçovun həqiqi sifətini məndən əvvəl görmüşdü. Bilirsiniz ki, qadınlar daha uzaqgörən, hər şeyi tez sezən olurlar.
Hakimiyyəti əlinə aldıqdan sonra mən Qorbaçovun "Əhalinin köçürülməsi" adı verdiyi planla həyata keçirmək istədiyi, türk-müsəlmana qarşı yönəldiyi irqçilik siyasətinin qarşısında, sözsüz ki, bir maneə idim. Bir-birimizə düşmən kəsilməyimizin əsl səbəbi bu idi.
İndi sizə bu "əhalinin köçürülməsi" demoqrafik məhvetmə planının iç üzünü izah edim: bu plan türk respublikalarındakı türklərin, müsəlmanların Qərbi Rusiyadakı slavyan respublikalarında yerləşdirilmələrini, onların yerlərinə, doğma ölkələrinə isə rus, ukraynalı və digər xiristian millətlərdən olan əhalinin yerləşdirilməsini əsas götürürdü. Beləcə Kremlin bir sıra iqtisadi sanksiyaları da buraya daxil olacaq, slavyan respublikalarına köçməyə məcbur edilən türk- müsəlman əhalisi az vaxtda eyni ilə islanmış çörək kimi dağılıb əridiləcəkdi. Mən bu planı DTK-dan dostlarım vasitəsilə öyrəndim və belə bir işin nəticəsinin tezliklə Qorbaçov üçün arzuolunmaz sonluqla bitəcəyini söylədim. Stalinin müharibə vaxtı almanlarla əməkdaşlıq ediklərini bəhanə gətirərək Krım tatarlarını, çeçen və inquşları Sibirə sürgün etməsi daha incə, gizli və qlobal həcmli bir plan idi.
Artıq Qorbaçovla bir-birimizi öyrənirdik ki, aramızda Qazaxıstanla bağlı ilk mübahisəmiz baş verdi. Qazaxıstan KP MK-nın birinci katibi Dinmuhəmməd Kunayev köhnə rəhbər işçi idi. Siyasi Büronun iclaslarının birində Qorbaçov Kunayevi vəzifəsindən götürmək istədiyini bildirdi. Onun 76 yaşı olduğunu bəhanə etdi. Sözünü bitirər-bitirməz əl qaldırıb söz aldım və danışmağa başladım. Siyasi Büronun iclasında vəziyyət gərginləşmişdi.
"Nə üçün Kunayevi vəzifəsindən götürmək istəyirsən? Kimi və hansı əsasla onun yerinə gətirəcəksən?"
"Yerinə Gennadi Kolbini qoymaq istəyirəm" - deyə, Qorbaçov mənə cavab verdi.
"Nəyə görə Qazaxıstanda - bir türk respublikasında vəzifəyə rus gəlməlidir? Qazaxların rəhbəri qazax olmalıdır. Rusların indiyə kimi bir türk rəhbəri olubmu? Kunayev 22 ildir ki, Qazaxıstana rəhbərlik edir. Mən sənin namizədin Kolbini yaxşı tanıyıram, işə yaramayan, bacarıqsız bir adamdır".
Sözlərimin qarşısında Qorbaçov bərk əsəbləşmişdi. Lakin mən fikrimdə qəti idim. Kunayevin vəzifədən götürüləcəyi təqdirdə onun yerinə o zaman Qazaxıstanın baş naziri olan Nursultan Nazarbayevin qoyulmasını təklif etdim. Qorbaçov və onun Siyasi Bürodakı tərəfdarları bu təklifimi qəbul etmədilər. Aramızdakı böyük mübahisədən sonra Kolbin Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə qoyuldu. Bundan iki gün sonra Qazaxıstanda - Alma-Atada Kolbinin respublikaya rəhbər seçilməsi ilə əlaqədar tələbələr etiraz səslərini ucaltdılar. Bunun ardınca isə xalq tətil etdi. Qorbaçov "Pravda"da və televiziya ilə çıxışlarında qazaxları millətçilikdə günahlandırır, islam təhlükəsindən şikayət edirdi. O, bu çıxışlarının Qərb mətbuatında dərc olunmasına xüsusi cəhd göstərirdi. O, bu dərəcədə düşüncəsiz və çeviklikdən məhrum bir adam idi. Əslində başa düşürdü, fəqət bu ona yaramırdı. Çünki onun siyasətinin təməli rus şovinizminə, Qərb dünyasını da yoldan çıxarıb cəlb etməklə vaxt qazanmağa istiqamətlənmiş milli ayrı-seçkilik salan bir adamın cılız hisslərinə bağlı idi. Mən isə bu hadisədən sonra Siyasi Büroda ilk dəfə yalqız qaldığımı gördüm. Bütün üzvlər Baş katibin dediyini yerinə yetirirdilər. Köhnə yoldaşlığımıza baxmayaraq, hətta Şevardnadze də məni müdafiə etmirdi.
Qorbaçovun türk-müsəlman düşmənçiliyi ilə bağlı hazırladığı təqvimə görə 1987-ci ilin sonlarında növbə Azərbaycana çatdı. Qorbaçov Azərbaycanı qarışdırıb DTK-nın təhriki ilə müstəqilliyini, muxtariyyətini tamamilə yox etmək və idarə baxımından onları özünə, Moskvaya bağlamaq istəyirdi. Bu dəfə aramızda çox kəskin mübahisə oldu. Artıq özümü saxlaya bilmirdim: "Düzgün etmirsən, Azərbaycanı qarışdırmağına yol verməyəcəyəm", - deyə səsimi qaldırdım. Qorbaçov soyuqqanlılığmı pozmadan mənə əmr verirmiş kimi "Sən Azərbaycanın işlərinə qarışma" dedikdə,"Nə demək istəyirsən, mən azərbaycanlıyam" - söyləyib hirslə yerimdən qalxıb onun üstünə getdim. Qoluma girib məni Siyasi Büronun toplaşdığı salondan çıxartdılar. Artıq son dərəcə əsəbi və gərgin idim.
1982-ci ildə Siyasi Büroya seçildikdən sonra Azərbaycan KP-nin Katibliyinə yerimə Kamran Bağırovu qoymuşdum. O mənim komandamdan idi, lakin zəif iradəli bir adam oldu. Qorbaçovla Liqaçov telefonla ona əmrlər verir, ondan müqəvva kimi istifadə edirdilər. Azərbaycan xalqının milli oyanışı onları çox narahat edirdi. Sonradan gördüyünüz kimi onlar bu milli azadlıq hərəkatını qanla yatırmağa çalışdılar. Mən də boş durmayıb, onlar kimi Kamrana zəng edib: "Belə davran, belə hərəkət elə" deyirdim. Qorbaçov bundan çox hiddətlənirdi. Artıq onlarla Azərbaycan arasında bir maneəyə çevrilmişdim. Təsəvvür edirsinizmi, Kamran Bağırov Moskvaya gəlir və məni görmədən geri dönürdü. Bir gün ondan soruşdum: "Kamran, nə üçün gəlmirsən, niyə zəng etmirsən?" O mənə yalnız bir kəlmə ilə cavab verdi: "Qorxuram". Telefon danışıqlarına qulaq asırlarmış. "Mən düşmənəm ki, səninlə danışmağımı istəmirlər?" - deyə təkidlə soruşduqda o bu sözü ağzından qaçırdı: "Qorbaçov: Əliyevlə görüşməyəcəksən,- deyə əmr verib".
Bağırov kimilər Moskvadan qorxduqları üçün Qorbaçovun əlində oyuncağa çevrildilər. Mən onları millətimizin xeyrinə olan istiqamətlərə yönəltməyə çalışarkən onlar kreslo eşqi, vəzifə ehtirasını təmin etmək üçün xəyanət yoluna qədəm qoymuşdular. Vəziyyət elə gətirdi ki, Azərbaycana qayıtmaq istədim, fəqət məni vətənimə buraxmadılar. Növbəti mübahisələrimizdən birində Qorbaçov mənə: "Artıq səninlə işləyə bilməyəcəyəm", - dedikdə mən də onunla işləmək istəmədiyimi bildirdim. 1987-ci il oktyabrın 25-də ilk dəfə bir türkün seçildiyi Siyasi Bürodan çıxmaq üçün istefa ərizəsi verdim.
SSRİ-nin tarixində Siyasi Bürodan çıxmaq ətrafmdakıları itirmək, adi bir insana çevrilmək deməkdir. Əsəblərim hədsiz pozulmuş, çox yorulmuşdum.
Xəstələndim. Aylarla xəstəxanada və evdə yatdım. Əliyev evində bir pensiyaçı kimi yaşamağa məhkum olunacaqdı? Bir oğlum, bir qızım vardı. Həyat yoldaşım bir qədər əvvəl vəfat etmişdi. Onun ölümü də məni sarsıtmışdı. Oğlum İlham Əliyev Xarici Diplomatiya İnstitutunu bitirib diplomat olmuşdu. Müdafiə etdi. Lakin Heydər Əliyevin oğlu olduğu üçün və Heydər Əliyev Siyasi Bürodan çıxdığı üçün ona iş vermədilər. Halbuki institutda oxuyarkən oradakı professor və müəllimlər onun başına pərvanə kimi dolanırdılar. Qızım isə şərqşünas idi. Onu da işdən çıxartdılar. Ərəb dili mütəxəssisi idi. İş tapmadı, üç uşağına qulluq etməklə kifayətləndi. Evimdə işləyən xidmətçilər də qaçmışdılar. Yemək bişirmək, bazarlıq etmək də qızımın boynuna düşmüşdü.
...Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı iqtisadiyyat üzrə müşaviri milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm. Azərbaycanın bu milli məsələsi ilə əlaqədar Qorbaçov, onunla mümkün olmasa, Liqaçov, Viktor Çebrikov və DTK sədri, eyni zamanda Siyasi Büro üzvü Kryuçkovla danışmaq istəyirdim. "Əlimdə sənədlər, sübutlar var, Qarabağ Azərbaycanın öz torpağıdır", - deyirdim. Onların mənə cavabı isə bu idi: "Biz Qarabağdakı erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik". Fikirləşdim ki, bir iş görməliyəm. Moskvadakı xarici jurnalistlərə xəbər verib, bir mətbuat konfransı keçirdim. Bütün günahı Qorbaçov və Sov.İKP- də gördüyümü söylədim. Bundan sonra Qorbaçov dərhal DTK sədri Kryuçkova məni təqib etmək barədə göstəriş verdi. 30 il sıralarında çalışdığım Dövlət Təhlükəsizlik Komitəsi indi məni quruluş əleyhinə olan bir şəxs kimi təqib etməyə başladı. Məqsədləri məni təxribat yolu ilə aradan götürüb onlara qarşı mübarizəmi dayandırmaq idi. Hadisələr sürətlə inkişaf etdi və hamınızın bildiyi kimi, Moskvanın hazırladığı 1990-cı ilin yanvarmdakı Bakı qırğını baş verdi. Rus ordusu millətimizin qanını tökdü. Moskvada azərbaycanlıların təşkil etdiyi mitinqə dəvət edildim və mitinqdə bunları söylədim: "Qorbaçov Azərbaycana, xalqımıza xaincəsinə təcavüz etmişdir. Bu qırğında məsul olanlar, Moskvada Qorbaçov, Bakıda onun əlaltıları Vəzirov, Mütəllibovdur. Onların əlləri Azərbaycanın qanma bulanmışdır".
Mitinqdən sonra DTK-nın işçiləri məni dövrəyə alıb nəzarət altında saxladılar. Niyyətləri həbs etmək idi. Lakin qəzəbli kütlədən və yarana biləcək qarşıdurmadan qorxdular. Artıq SSRİ əvvəlki ölkə deyildi. Mitinqdən sonra təşkil olunan mətbuat konfransında eyni sözləri bir qədər də kəskin şəkildə təkrar etdim. Axşam Siyasi Büronun, demək olar ki, bütün üzvləri evimə telefon edib: "Nə edirsən?" - deyə bağırırdılar. Onlara: "Siz qatilsiniz" deyirdim. Gecə yarısı mənə DTK-nın sədri Kryuçkov zəng etdi. Məlum idi ki, Qorbaçovun əmri ilə mənə hədə-qorxu gəlirdi. Kryuçkov məndən hesabat tələb edirdi. O artıq mənə hədə- qorxu gəlməyə başlamışdı. Danışarkən mən onun sözünü kəsib: "Mənə bax, Kryuçkov!" - dedim, - "Gün gələcək sən də, rəhbərin Qorbaçov da ölüb gedəcəksiniz. Siz Azərbaycan xalqına böyük xəyanət etdiniz! Hamınız cəzanızı alacaqsınız!"
Kryuçkov məndən belə bir müqavimət gözləmirdi. Telefonun dəstəyini zərblə yerinə qoydum. İndi budur. Bu gün Qorbaçov artıq keçmiş rəhbərdir, onun ən yaxın adamı, sirdaşı Kryuçkov isə dövlət çevrilişində ittiham olunan şəxs kimi həbsxanada yatır. Kryuçkovu neçə illər idi ki, tanıyırdım. DTK-da kiçik rütbəli vəzifələrdə işlədiyi illərdən...
Aradan xeyli vaxt keçdi. İndi də Azərbaycan KP-nin I katibi seçilmiş Ayaz Mütəllibovdan istifadə edib mənə göz dağı verməyə başlamışdılar. Moskvanın çaldığı havaya oynayan Bağırov və xain Vəzirovdan sonra Azərbaycan KP-ya rəhbərlik Ayaz Mütəllibova həvalə edilmişdi. O dövrdə mən Azərbaycana qayıtmaq istəyirdim. Bu, əslində həm Moskva, həm də Mütəllibov üçün ağır zərbə idi. Moskvada Siyasi Büro üzvlərinə verilən ev bizdən alındığı üçün kiçik bir mənzilə köçmüşdük. Maddi sıxıntı keçirirdim. Mütəllibov mənə xəbər göndərib bildirdi ki, mənim gəlişimlə Azərbaycanda böyük qarışıqlıqlar baş verə bilər.
...Mərkəzi telefon stansiyasının işçisi İstanbuldan zəng çalındığını söyləyəndə "DTK-nın müxbirlərindən biridir" - deyə, fikirləşdim, lakin həqiqətən İstanbuldan zəng etmişdilər. Telefondakı səs Əjdər Xanbabayev idi. "Sənin İstanbulda nə işin var?" - deyə soruşdum. "Mənim burada xüsusi işim var. Türkiyədəki qardaşlarımız Sizin həyatınız üçün narahatdırlar. Səsinizi eşitmək istəyirlər".
Sonra həmin şəxslərlə danışdıq. Onlar İstanbulda dərc olunan "Azər" qəzetinin müxbirləri, Azərbaycan Kültür dəməyinin rəhbərləri idilər. Məndən müsahibə aldılar. Əlbəttə, DTK telefonuma qulaq asdığı üçün söhbətimiz maqnitofon lentinə yazılmışdı.
Əjdər İstanbuldan Bakıya qayıtdı. O və digər yoldaşlar mənim üçün fədakarlıqla çalışırdılar. Mən də artıq Azərbaycana qayıtmağı qərara almışdım. 1990-cı ilin may ayı idi. Təyyarəyə bilet aldıqdan az sonra Sov.İKP MK-dan bir nəfər mənə zəng edib Azərbaycana gedəcəyimi söyləyəndə "Bunu necə bildiniz?" - deyə, soruşdum. "Deməli, telefona qulaq asırsınız" - deyə əsəbiləşdim. Hədə- qorxular davam edirdi. Yenə Ayaz Mütəllibova telefon etdirirdilər. Bakıdakı qardaşıma xəbər göndərib məni Bakıda hava limanında qarşılamasını ondan xahiş etdim. Bunu Əjdər də eşidib mənə zəng çaldı və Bakıda təyyarə limanında məni qarşılayacağını söylədi. İstəmədim, lakin fikirləri qəti idi. Mənimlə zəngləşən gecə Əjdəri maşının içində gicgahına güllə sıxaraq öldürdülər. Bu, Azərbaycan DTK-nın işi idi. Bu cinayətlə mənə belə bir xəbər çatdırılırdı: "Əgər Azərbaycana gəlsən, sonun Əjdər kimi olacaq".
...Qardaşımın evində iki gün qaldım. Məcburi halda çölə çıxarkən bakılılar məni tanıyıb o dəqiqə ətrafıma toplaşırdılar. Onu da deyim ki, Bakıda mənim özümə məxsus evim yoxdur, heç olmayıb da. Qaldığım ev dövlətə məxsus idi. İndi Naxçıvanda doğulduğum evi təmir etdirib orada yaşayacağam... Nə isə hekayəmizə qayıdaq. Gəzərkən ətrafıma minlərlə adam toplaşıb ehtiramlarını bildirirdilər. Qucaqlayanlar, öpənlər, kövrəlib ağlayanlar...
...Naxçıvanlılar yolda gələrkən məni gördüklərindən "Əliyev buradadır" xəbəri bir göz qırpımında şəhərə yayıldı. Şəhər sakinlərinin həmin gecə seçdikləri bir komitənin üzvləri evə gəlib mənə adı sonradan "Azadlıq" olan Lenin meydanında 80 min adamın toplaşdığını və məni tələb etdiklərini bildirdilər. "Səni qarşılama mərasimi təşkil olunub", - deyə qışqırırdılar.
İndi oturduğumuz bu Ali Sovet binasından kürsüyə qədər olan yolu, istəyirsiniz inanın, istəyirsiniz yox, 1 saata polislərin açdığı dəhlizdən keçərək gəldim. Halbuki ən çoxu 100 metrlik bir məsafə idi. Yolumu kəsənlər, əlimi sıxanlar, öpənlər... Az sonra naxçıvanlılar məni Naxçıvanda millət vəkili seçdilər. Mütəllibovun məni buraxmaq istəmədiyi Bakıya sərbəst qədəm basdım. Milli Məclisin iclasındakı ilk çıxışımda Mütəllibov və onun tərəfdaşlarının üzünə düşündüklərimi açıq-aydın dedim. Mütəllibovla Vəzirovun məhkəməyə verilməsini tələb etdim, öz doğma millətinə qarşı onların cinayət işlədiklərini və Azərbaycan xalqının qarşısında günahkar olduqlarını söylədim. Hamı ayağa qalxıb əl-qolunu ata-ata qışqırır, nəsə deyirdilər. Nitqimi davam etdirib sözümü belə bitirdim: "Kommunist partiyası və SSRİ dağılmalıdır".
...Ömrümün xeyli hissəsini - 50 ilimi bu partiyaya həsr etdim. Sovet dövlətinə xidmət etdiyimə görə itirdiyim bu illərimə heyifsilənir, acıyıram. 1943-cü ildən bu partiyanın üzvü olmuşdum. İndi bütün bunlara peşmanam. İndi SSRİ dağılmağa, süqut etməyə məhkum idi, çünki süni şəkildə qurulmuş dövlət idi. Sov.İKP-nin tutduğu yol doğru yol deyildi".
...Son dərəcədə səmimi bir adamam. Xasiyyətim belədir. Çox gənc yaşlarımda böyük bir həyəcanla SSRİ-yə - kommunizmə inandım. Hisslərimlə də buna bağlandım. Qərbdə deyildiyi kimi, fanatik bir marksist-leninçi oldum. Çünki sosialist inqilabı dövründə doğulub böyümüşdüm, başqa bir siyasi sistem, ideologiya tanımırdım. SSRİ də, Azərbaycan da xarici dünya üçün qapalı idi. Azərbaycan KP MK-nın birinci katibi olarkən daha geniş miqyasda düşünməyə, marksizm-leninizmi müxtəlif baxımlardan təhlil etməyə başladım. DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli, türk millətlərini əsarətdə saxlamaq siyasətinin ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də həyatda buna imkanım yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən açıq şəkildə Moskvaya çıxmağım, toqquşmağım mümkün deyildi. Moskva bütöv bir imperiya siyasətini tətbiq edərdi. Əgər onların əleyhinə açıq şəkildə çıxsa idim, həm bunun bir əhəmiyyəti olmayacaqdı, həm də Əliyev ölkədəki digər katiblər kimi məhv ediləcəkdi.
Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını reallaşdırmaq arzusunda idim.
Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən görmək istəyirdim. Moskvada sovet ideologiyasına daha yaxından bələd oldum. Fikirlərim get-gedə daha da duruldu, aydınlaşdı. Moskvada xarici dünyanı həm daha açıq, həm də daha yaxından öyrənmək imkanı əldə etmişdim. Xaricə tez-tez gedib gəlirdim. Dünyagörüşüm və məlumatım da artırdı.
...Gəncliyimdən bəri türk xalqlarının tarixini, türk xalqlarının gələcəyini, türklərin əsarət altında qaldıqlarını görüb, bilib və narahat olurdum. Hey düşünürdüm. Sizə bayaq dediyim kimi, orta məktəbdə türk yazıçılarının əsərlərini, Tofiq Fikrəti, Əbdülhaq Hamidi, Yəhya Kamalı, Rəşad Nurini sevə-sevə oxumuşdum. O vaxt ədəbiyyat kitablarımızda onların əsərləri vardı. Sonra onların hamısı qadağan olundu. Rəşad Nurinin "Çalıquşu" əsərini hələ də unutmamışam. Bu roman mənə çox təsir etmişdi. Sonra bunlardan uzaqlaşdıq. Qəlbən olmasa da, fəqət Türkiyəni, türk dünyasını tanımaq imkanımız əlimizdən alındı. DTK-da olarkən əlimə türkcə bir kitab, bir türk yazıçısının əsəri keçsəydi (bunlar toplanıb DTK-nın anbarında mühafizə olunurdu. Oradan götürmək imkanımız vardı), gecə otağıma çəkilər, səhərə kimi yatmayıb oxuyardım. Türk-müsəlman dünyası haqqında xəyala dalardım. Azərbaycana rəhbər təyin olunandan sonra bu fikirlərimi müəyyən şəkildə həyata keçirə biləcəyimi, örtülü şəkildə olsa da reallaşdıracağımı fikirləşdim. Azərbaycanda bütün hakimiyyət mənim əlimdə idi. İnkişaf ahəngi elə idi ki, vəziyyətdən istifadə edib, millətim üçün daha yaxşı bir dünya, daha yaxşı bir həyat şəraiti yarada bilərdim...
...Azərbaycanda bu dövrdə iqtisadi və mədəni yüksəliş başlandı. Siyasi Büroda olarkən Krım türklərinin öz doğma yerlərinə dönməsi məsələsi ortaya çıxmışdı. Stalinin haqsız olaraq Krım tatarlarını sürgün etdiyini vurğulayaraq Qorbaçova: "Yaxşı, Siz Stalinin bu siyasətini tənqid edirsiniz. Bəs, nə üçün onun bu haqsız qərarını düzətmirsiniz?" demişdim. SSRİ-də sizin Ahıska adlandırdığınız məshəti türkləri vardır. Onlar Gürcüstanla Türkiyənin sərhədində yaşayırdılar. 1944-cü ildə XDİK-in milliyyətcə gürcü olan sədri Beriya onları Orta Asiyaya sürgün edib, yerlərinə gürcüləri yerləşdirdi. Ahıska türklərinin bəzisi mən Azərbaycanda katib işləyərkən Azərbaycana gəldi. Onları müxtəlif kənd və qəsəbələrdə yerləşdirdim, işlə təmin etdim. Onlar da bizim kimi türkdürlər və heç bir fərq qoymadım. Nümayəndələri gəlib Bakıda məni ziyarət edərək Gürcüstana qayıtmalarına yardım göstərməyimi məndən xahiş etdilər. O zaman Gürcüstan KP MK-nın birinci katibi Eduard Şevamadzeyə zəng çalıb: "Bu adamları doğma yerlərində yerləşdirin", - dedim. Tiflisə getdilər. Eduard Şevardnadze onlarla görüşdü, lakin heç bir iş görmədi. Sonra Moskvada ahıska türkləri üçün Şevardnadze, özbək Şərəf Rəşidov və mənim daxil olduğum bir komissiya yaratdım. Məsələni qoydum, lakin bir nəticə alınmadı.
Bütün bunlar mənə çox təsir edirdi. Bu necə ola bilər ki, bir millətin doğma övladları öz vətənlərinə qayıda bilməzlər.
İndi mənə deyirlər ki, sən boş yerə cəhd göstərirsən. Həyatın Kommunist partiyasına xidmətdə keçib, sənə heç kim inanmaz. Lakin oyandım və Sizə bunun səbəblərini izah edim...
...Gördüyüm bu idi: Kommunist partiyası mənim millətimə, xalqıma xəyanət edirdi. Azərbaycanın müstəqilliyini istəyirəm. Bu isə Kommunist partiyası ilə reallaşacaq iş deyildi. Bir az əvvəl özünüz gördünüz ki, Naxçıvanda həyat çətindir. Özüm də 69 yaşındayam. Gündə 18 saat işləyirəm, yalnız xalqımın azadlığını istəyirəm. Bu mənə ləzzət verir, yorulmuram. Allah mənə qüvvət verir. Çox xoşbəxtəm ki, yaxşı həyat yaşamışam, mənalı ömür sürmüşəm. Məncə insan milyarder olsa da, bir həyat yaşayır.
... Eniş-yoxuşlar, maneələr, mübarizələr insanın həyatını daha da zənginləşdirir. Mən həm də çətinliklərlə mübarizə aparmışam. Lakin xoşbəxtəm. 14 il Azərbaycanın yeganə rəhbəri olmuşam, lakin evim olmayıb. Həyatın mənasını mənəvi zənginlikdə gördüyüm üçün maddi nemətlər məni heç vaxt maraqlandırmamışdır. Varlıların pulu çoxdur, mənim isə qəlbim geniş və zəngin, alnım açıqdır!..."
Mən on il Moskvada yaşadım. Özü də ən yüksək vəzifədə çalışdım. Azərbaycan xalqının tarixində, müsəlman aləminin tarixində - nə keçmiş rus imperiyasında, nə də Sovet imperiyasında, bu cür zirvəyə çatan azərbaycanlı müsəlman olmamışdır. Bu da tarixdir. Bəziləri deyir, Heydər Əliyev "Politbüro" olub, nə bilim, nə olubdur... Bəli, olmuşam. Mən bununla fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam. Azərbaycan xalqını Kremlin sarayına qaldırmışam. Bununla fəxr edirəm. Ancaq mən on il orada yaşadım, ürəyim Azərbaycanla idi. Gecəm də Azərbaycanla idi, gündüzüm də!"
Dünyada gedən ictimai-siyasi prosesləri düzgün qiymətləndirən, başımıza gələ biləcək bəlaları, baş verə biləcək təhlükələri əvvəlcədən duyan və bunları böyük uzaqgörənliklə zərərsizləşdirməyi bacaran, iti yaddaşı, fitri istedadı və kreativ düşüncəsi ilə siyasi hadisələrin məcrasını dəyişə bilən və nəticə etibarilə, xalqını və dövlətini qoruyan dahi Heydər Əliyev, tarixin sınaqlarından həmişə qalib çıxmış, özünəməxsus siyasi gedişləri və idarəçilik manevrləri ilə dünyanı heyrətdə qoymuşdur.
Ömrünü bütün varlığı ilə sevdiyi Azərbaycana və dogma xalqına həsr edən dahi Heydər Əliyevin danılmaz titanik fəaliyyətini əks etdirən nə qədər kitablar yazsalar da, bu kitablarda yenə də biz, dahi Heydər Əliyev şəxsiyyətində və onun fəaliyyət portretində sanki, hansısa cizginin "unudulduğunun" şahidi oluruq. Düşünürəm ki, bəşər tarixində bir-birinə zidd olan iki müxtəlif baxışlı ictimai-siyasi systemin, birinin tənəzzülü, digərinin tərəqqisi ilə müşaiyyət olunan mürəkkəb siyasi proseslər fırtınasının dalğasında uğurlar qazanan Heydər Əliyev siyasəti və idarəçilik məktəbi, Beynəlxaq dövlətçilik sistemində ən optimal variant olaraq, yeni bir kəşvdir.
Müdrik və uzaqgörən ulu öndər Heydər Əliyev Azərbaycan müharibə şəraitində ola-ola, "Əsrin Müqaviləsi" nin imzalanmasına nail olmuş və bütün dünyanın əfsanə adlandırdığı "Bakı - Ceyhan" neft kəmərini reallığa çevirmiş və dövlət müstəqilliyimizin təməlini möhkımləndirmişdir. Belə ki, "Əsrin Müqaviləsi" yalnız iqtisadi inkişafın deyil, həm də Azərbaycanın dövlət müstəqilliyinin qarantı olan, mühüm tarixi-siyasi bir hadisədir. Ulu öndər Heydər Əliyev siyasətinin gücü və əzəməti siyasi həmkarları üçün bu gün də bir sirr kimi əlçatmaz olaraq qalır.
Bir ömür yaşadın əsrə bərabər,
Xalqını yaşatdın, sən ölməz oldun!
Vətən, xalq yolunda alışdın, yandın
Günəştək parladın, sən sönməz oldun!
Düşmən qüvvələrə tək sinə gərdin,
Qurtuluş yolunda sən dönməz oldun!
Bəşər tarixində bir lider kimi,
Siyasi meydanda yenilməz oldun!
Əməllə ucaltdın öz abidəni,
Xalqının qəlbində silinməz oldun!
Sən ölməz oldun!
Doğrudan da, insan həyatının dəyəri başqasının həyatına verdiyi töhfələrlə ölçülür! Başqasının zəhmətini dəyərləndirməyi bacarmayan, haqqı itirən, ədalətsiz insan heç vaxt xoşbəxt ola bilməz...
Ulu öndər Heydər Əliyevin Ankarada hərbi litseyin azərbaycanlı kursantları ilə görüşü zamanı "Mən sizi bura silahdan istifadə etməyi öyrənməyə göndərməmişəm, bunu elə Bakıda da öyrənə bilərdiz. Mən sizi bura Vətəni necə sevməyi, Vətən uğrunda necə vuruşmağı və Vətən uğrunda necə ölməyi öyrənməyə göndərmişəm!" dediyi vətənpərvər nəsli yetişdirmək üçün biz gənc nəslə Heydər Əliyevi dərk etməyi, onun misilsiz xidmətlərini dəyərləndirməyi təlqin etməyi bacarmalıyıq!
Vətənə məhəbbət, xalqa məhəbbət ailədən başlayır, məktəbdə yetkinləşir, istehsalatda milli ideologiyaya çevrilir. Bunun üçün də, hər bir valideyin evində, hər bir ziyalı məktəbdə və təhsildə, hər bir məmur iş yerində Heydər Əliyevin irsini və onun ideyalarını yetərincə təbliğ etməlidir. Bir vətəndaşı belə dövlətdən narazı salan məmur yerində deyildir. Yerində olan məmur dövlət üçün xəzinə, xalq üçün arxadır.
Xalqımızın birliyinin, Vətənə bağlılığının, milli ideologiyanın təcəssümü və Azərbaycançılıq ideyasının yaradıcısı olan ulu öndər Heydər Əliyev şəxsiyyətinin taleyimizdəki fövqəl rolu olduğu kimi gənclərə əxz edilməli və gələcək nəsillərə ötürülməlidir.
Heydər Əliyev demişdir: "Azərbaycanlılar! Harda olursuz-olun, hansı ölkədə yaşayırsız-yaşayın, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında dsüşünün"...
Sədaqətdir xoşbəxtliyin açarı,
Sədaqət - əqidə, cəsarət istər.
Hər cür təhlükədən qorunmaq üşün
Yoxdur sədaqətdən güclü bir sipər.
Sadiq olub Ali Baş Komandana
Xidmət etməyimlə fəxr edirəm mən.
Bunu həzm etməyən bir çox nadana,
Bilib, gecə-gündüz dərs verirən mən.
Həsən dərs alıbdır ulu öndərdən,
Onun davamçısı yeni liderdən.
Sədaqət, ədalət, haqq yolu seçib,
Ölər, lakin dönməz əqidəsindən...
Həsən Şirinov General-mayor
Rusiya hər kəsi inandırmağa çalışır ki, ölkə, xüsusən də Moskvadak�
Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xo
ATV-nin "7 Canlı" proqramına qonaq olan müğənni Damla, maraqlı
Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində Ümummilli Lider
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə verilmiş
Rusiya və Ukrayna sülh danışıqlarına 2023-cü ilin sonuna kimi başlaya bi
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərind�
Azərbaycan və Litva gələcək əməkdaşlığın praktik istiqamətini müəy
Sevil və Sevinc Səfərovalar ötən gün türk müğənni Hadisenin konsertind
Amerikalı jurnalist Cekson Hinkl məşhur teleaparıcı Taker Karlsonun Ukrayna
Türkiyənin ASELSAN şirkəti "Forma dəyişdirən Pilotsuz Uçuş Aparat�
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Ze
Türkiyə 2023-cü ilin yanvar-aprel aylarında Özbəkistana hazır geyim məhs