Toyları gündəm olan cütlük
Digərləri 11 Mar 2023 15:11:00 331 0
Son.az "Kaspi" qəzetində dərc olunan məqaləni təqdim edir.
Bu xəbəri də oxu: Bu il universitetlərə qəbul balları artacaq?
Son vaxtlar sosial şəbəkələrdə paylaşımlardan biri də kanadalı bəyin "Vağzalı" sədaları altında azərbaycanlı gəlinin nənəsi ilə etdiyi rəqsdir. Videoda əlində gəlin çiçəyi ilə evə daxil olan bəy, nənənin oynamağını görüb eyni əl hərəkətləri ilə ona qarşılıq verməyə çalışır. Əcnəbi kürəkənin rəqsi, sevinci sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb oldu. Biz də toyları gündəm olan əcnəbi bəy və azərbaycanlı gəlinlə söhbətləşdik. "Ailə" rubrikamızın qonaqları Daniel Moreau və Tomris Bayramovadır.
"Bizi ətraf mühit, təbiət sevgisi birləşdirdi"
Tomris deyir ki, onları bir araya gətirən ətraf mühit, təbiət sevgisi olub: "2018-ci ilin sonu dostlarımın məsləhəti ilə karyeramı inkişaf etdirmək üçün Kanadaya getməyə cəhd etdim və immiqrasiya proqramlarına müraciət etdim. 2019-cu ilin sonu Kanadada oturum hüququ aldığım barəsində məktub gəldi. Çox sevindim və biletimi 2020-ci ilin mart ayına aldım. Uçuşuma 2 gün qalmış koronavirusla bağlı bütün sərhədlər bağlandı. Vizam il yarımlıq olduğu üçün müddəti bitdi və mən Azərbaycanda qaldım. Yenidən Kanadaya viza üçün müraciət etdim. Orada da koronavirusla bağlı vəziyyət ağır idi. Nəticədə bütün proqramlar donduruldu və vizamla bağlı məlumat gəlmədi. ABŞ-ın keçirdiyi "Greencard" lotereyasında iştirak etdim. Əslində, 14 il ard-arda müraciət edirdim, lakin qazana bilmirdim. 2021-ci ildə ilk olaraq Kanadadan vizamla bağlı müraciət gəldi, 1 ay sonra "Greencard" udmağımla bağlı məlumat aldım. Qarşımda çox böyük seçim var idi. ABŞ-də müsahibə mərhələsini həll edənə qədər Kanada ilə maraqlanırdım. Orada ətraf mühitlə bağlı təşkilatları, onlayn proqramları araşdırarkən Daniellə tanış olduq. Çünki o da ətraf mühit, heyvanların mühafizəsi ilə maraqlanırdı. Bizi təbiət, ətraf mühit birləşdirdi. Biz artıq onlayn şəkildə münasibət qurduq, hobbilərimiz, maraqlarımız əsasında dost kimi danışırdıq. Bundan sonra seçimim Kanada oldu və biletimi aldım".
"Daniellə tanışlığım əsl xoşbəxtlik idi"
Daniel dünyanın ən məşhur Niaqara şəlaləsinin yaxınlığında yaşayır. Tomris məhz bu yeri gördükdən sonra orada yaşamağa qərar verib: "Torontoya, rəfiqəmin yanına köçəcəkdim. Daniel isə tam başqa şəhərdə - Niaqarada yaşayır. Şəlalə evindən 10 dəqiqəlik məsafədə yerləşir. Torontoya gəldikdən sonra Daniellə görüşdük. Təbiət həvəskarı olduğum üçün şəlaləni görəndən sonra dedim ki, mən burada yaşamaq istəyirəm. Oranın milli parkları, vəhşi təbiəti məni valeh etdi. Bakı ilə müqayisədə orada təbiətə çox yaxın olursan. O fərqliliyin içində yaşayan insanla tanışlığım isə əsl xoşbəxtlik idi".
Bir də onun parıldayan gözləri...
Danielin isə diqqətini Tomrisin insanlarla münasibəti, dostlarının çox olması, təbiət sevgisi çəkib. Əcnəbi kürəkən deyir ki, Tomrisin Kanadada belə, dostlarının sayı Danielin dostlarından çoxdur: "Tomrislə hansı şəhərə bir yerdə getsək, orada mütləq tanışı çıxır. Hətta Kanadada o qədər dostları var ki, Tomrislə görüşmək üçün öz aralarında rəqabət aparırlar. Mənim Kanadanın bir çox şəhərlərində dostlarım yoxdur, amma Tomrisin var. Bakıda da onu sevən çox insanın olduğunu gördüm. Tomris insanlarla dünyanın hər yerində münasibətlər qurmağı bacarıb. Üstəlik, o insanlar Tomrisi çox sevirlər. Belə bir xanımla rastlaşmaq mənim üçün tapıntıdır. Deməli, çox gözəl insandır ki, hamı onu çox istəyir. Bir də onun parıldayan gözləri... İlk dəfə videosöhbət zamanı Tomrisin gözlərini görəndə, anladım ki, bu, ilk baxışdan sevgidir. Biz bir-birimizə çox bənzəyir, hər mənada bir-birimizi tamamlayırıq".
"Daniel kanadalı deyil, dünyalıdır"
Tomris isə Danieli dünya vətəndaşı adlandırır: "Daniel çox mehriban, dünya ilə çox iç-içə insandır. Mən ona dünya vətəndaşı deyirəm. Çünki hər bir mədəniyyətə, dinə çox böyük hörmətlə yanaşır. O, gördüyüm insanlardan tam fərqlənir. Ailəsi də özü kimidir. Onlar dünyanın bir çox ölkələrinin mədəniyyətləri ilə yaxından tanışdılar. Əslində biz tanış olanda Daniel Azərbaycanın ancaq adını eşitmişdi. Amma indi Azərbaycana vurulub, Bakını çox sevir. Artıq Azərbaycan dilini öyrənmək üçün kitab alıb. Onun belə xüsusiyyətləri, çox gözəl insan olması, təbiəti, heyvanları sevməsi məni təsirləndirdi. Məsələn, Danielin pişiyi var. Pişiyi sığınacaqdan götürərkən, "ən zəif, xəstə, heç kim tərəfindən götürlməyən heyvan hansıdırsa, onu mənə verin" deyib. Belə insanı necə sevməmək olar?".
"İlk dəqiqədən ailələr asanlıqla ünsiyyətə girdilər"
Uzaq Kanadada ailə tanışlığı və elçilik də dövrün tələblərinə uyğun olaraq, onlayn şəkildə, videozənglə olub. Tomris deyir ki, ilk dəqiqədən ailələr asanlıqla ünsiyyətə girdilər: "Nənəm, 2 xalam ingilis dili müəllimidirlər. Ona görə də ünsiyyət çətin olmadı. Düzdür, məsələni anama deyəndə, çox narahat oldu. Uzaq ölkədə və tək idim. Təbii ki, qorxdu. Amma mənim Daniellə bağlı heç bir şübhəm yox idi. Biz Daniellə tanış olan kimi o da anasına məlumat vermişdi. Bu, onun ailəsi üçün də müəyyən qədər şok idi. Bizim tanışlığımızdan, əyani görüşümüzdən 1 ay sonra o, məni öz valideynləri ilə tanış etdi. Bundan sonra mən Danieli anamla tanış etdikdə, anam gördü ki, o, çox ciddi insandır. Biz ikimiz də artıq uşaq deyilik. Həyatdan nə istədiyimizi bilirik. Buna görə də valideynlərimiz bizi anladı və dəstəklədi".
Videozənglə elçilik mərasimi
Daniel deyir ki, elçilikdə ən həyəcanlı məqam internetin kəsilməsi olub: "1 saata yaxın qoşula bilmədik, internet çox zəif idi. Bu, bizi həyəcanlandırdı. Mədəniyyətlərimiz fərqli olsa da, ailələrimiz çox oxşar və mehribandırlar. Hər ikimizin ailəsi böyükdür. Onlayn elçilik çox sadə idi. Xüsusi geyimlər geyinilməmişdi. Amma həmin gün o qədər gülmüşdük ki, üz əzələlərimiz ağrıyırdı. Bu, bir daha sübut etdi ki, biz düzgün seçim etmişik və ailələrimiz bir-birinə uyğundur. Elçilikdə unutmadığım məqamlardan biri o idi ki, Tomrisin ailə üzvləri çox idi və hamısı eyni anda danışdığı üçün başa düşməkdə çətinlik çəkirdik".
"Növbəti toy Niaqarada olacaq"
Cütlüyümüz Kanadada ailə arasında kiçik mərasimdən sonra, Bakıda da adət-ənənələrə uyğun toy edib. Tomris deyir ki, yaz-yay aylarında 3-cü toyu da Niaqarada edəcəklər: "Kanadadakı toyumuz ailə daxilində və dostlarımızla oldu. Kanada soyuq ölkə olduğu üçün yay və ya yazda Niaqarada da toy edəcəyik. Əslində, mən Bakıdakı toyun da böyük olacağını düşünmürdüm. Amma insanları dəvət etdikcə, say çoxaldı. Hətta kifayət qədər də inciyənlər oldu. Biz kiçik bir zalda və nə qədər sadə etmək istəsək də, yenə də böyük toy oldu".
Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan tənqidlərə
Mən Məmmədəliyeva Nurlan Rəşid qızı artıq ilk əməliyyatımdan 5 il ö
Mən şəxsən Prezident İlham Əliyev kimi liderə qarşı heyranlıq duyuram.
Nizami rayonunda, "Koroğlu" metrosu yaxınlığındakı ərazidə Eld
Şuşanın memarlıq abidələri Azərbaycanın digər şəhərlərindən yaxş�
Sülh danışıqlarının bu qədər ümidverici həddə çatdığı bir məqamd
Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ə
Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlan�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıs
Dünyaca məşhur müğənni Şakiranın keçmiş sevgilisi Jerard Pike evlənm�
Son.az Kulis.az-a istinadən Xalq artisti Ramiz Novruz haqqında maraqlı faktla
Son.az "Kaspi" qəzetinin hazırladığı məqaləni təqdim edir.
Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkil