"Apple" "Meta"nın inkişafına necə mane oldu? Zukerberq danışdı


Digərləri 04 May 2025 14:23:00 79 0

"Apple" "Meta"nın inkişafına necə mane oldu?  Zukerberq danışdı

Epic Games ilə qalmaqallı məhkəmə işindən sonra, Meta şirkətinin rəhbəri Mark Zukerberq ilk dəfə olaraq "Apple" ilə münasibətləri barədə açıq danışıb.

Son.az xəbər verir ki, bu barədə "9to5Mac" məlumat yayıb.

Zukerberq "Apple" ilə gərgin münasibətindən danışdı

"Stratechery" platformasının təsisçisi Ben Tompson "Meta" rəhbəri Mark Zukerberqlə geniş mövzuları əhatə edən müsahibə aparıb. Bu görüş "Meta" tərəfindən təşkil olunan ilk "LlaamaCon" adlı tərtibatçılar konfransı çərçivəsində baş tutub.

Tompson müsahibəyə "Facebook"un illər ərzində təqdim etdiyi tərtibatçı platformalarının əksəriyyətinin ya artıq "ölü" olduğunu, ya da ilkin konsepsiyaya görə ciddi şəkildə məhdudlaşdırıldığını qeyd etməklə başlayıb. Bu isə söhbəti təbii olaraq "Apple" mövzusuna gətirib.

Zukerberq bildirib ki, istifadəçilərin kompüterlərdən mobil cihazlara keçidi zamanı "Apple" tətbiqlər daxilində "platforma içində platforma" yaradılmasına və öz alətlərinin istifadəsinə effektiv şəkildə qadağa qoyub.

Onun sözlərinə görə, bu məhdudiyyət "Meta"nın mühüm biznes sahəsinə - 2012-ci ildəki IPO-dan əvvəl gəlirin təxminən 20%-ni təşkil edən oyunlar və tətbiqlərə - mənfi təsir göstərib. "Apple"ın tətbiq etdiyi bu qaydalar səbəbindən bu sahədə inkişaf üçün demək olar ki, heç bir perspektiv qalmayıb.