Ürək özünü bərpa edə bilirmiş Tibbdə inqilab
Digərləri 05 Kas 2025 22:23:00 94 0
Elm dünyasında ürək xəstəliklərinin müalicəsində böyük dönüş yarada biləcək mühüm kəşf edilib.
Bu haberi de oku: Bakıda temperatur yenidən artır Sabah 20 dərəcəyə yaxınlaşacaq
Son.az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərindəki Mount Sinai Icahn Tibb Məktəbinin alimləri insan ürəyinin müəyyən şərtlər altında özünü bərpa edə biləcəyini sübut ediblər.
Araşdırmaya görə doğuşdan qısa müddət sonra fəaliyyəti dayanmış bir geni yenidən aktivləşdirməklə ürəyin yeni, sağlam hüceyrələr istehsal etməsi mümkündür.
Mütəxəssislər bu genin Cyclin A2 (CCNA2) adlandırıldığını bildirirlər. Bu gen döl inkişafı dövründə ürək əzələsinin böyüməsində və hüceyrə bərpasında mühüm rol oynayır, lakin insan doğulduqdan az sonra fəaliyyətdən qalır.
Tədqiqat çərçivəsində alimlər 21, 41 və 55 yaşlı donorların ürək toxumasına zərərsiz virus vasitəsilə aktiv CCNA2 genini yeridiblər. Regenerative Medicine jurnalında dərc olunan nəticələrə görə, xüsusilə 41 və 55 yaşlı donorların hüceyrələrində yenidən bölünmə müşahidə olunub və bu hüceyrələr tam sağlam ürək hüceyrələri kimi davranıblar.
Alimlər qeyd ediblər ki, genin aktivləşməsi hüceyrələri qısamüddətli "gəncləşmə" vəziyyətinə salır və bəzi böyümə genlərini yenidən işə salaraq ürəyin özünü bərpa etməsinə şərait yaradır.
Maraqlıdır ki, eyni tədqiqat qrupu 2014-cü ildə bu texnikanı donuz ürəklərində sınaqdan keçirmiş və uğurlu nəticələr əldə etmişdi. İndi isə bu metodun insan hüceyrələrində də eyni effekti verdiyi sübut olunub.
Tədqiqatın növbəti mərhələsi bu üsulun insanlar üzərində klinik sınaqlara tətbiqi üçün ABŞ Qida və Dərman Administrasiyasından (FDA) rəsmi icazə almaq olacaq.
Bu kəşf gələcəkdə ürək çatışmazlığı və infarkt nəticəsində zədələnmiş ürək toxumalarının təbii yolla bərpasını mümkün edə bilər.
