Neft qoxulu Bakıdan gülüstanlığa çevrilən, yaşıllıqlar şəhəri


Digərləri 31 Tem 2025 00:03:00 98 0

Neft qoxulu Bakıdan gülüstanlığa çevrilən, yaşıllıqlar şəhəri

Bakı dəyişir. Neftin qoxusu ilə tanınan bu şəhər indi gül ətirli cığırları, fəvvarələrin səsi ilə gözəlləşir. Azərbaycanın paytaxtı betondan sıyrılıb, təbiətə qucaq açır.

Əgər bir zamanlar şəhər daha çox daş divarları, modern binaları və avtomobil sıxlığı ilə xatırlanırdısa, bu gün onu yaşıl zonaları, müasir parkları və geniş istirahət məkanları ilə tanıyırlar. Paytaxt hazırda dünyanın intensiv şəkildə ən çox park və açıq ictimai məkanlar salınan şəhərlərindən birinə çevrilməkdədir.

Bu tendensiya sadəcə şəhərin görüntüsünü dəyişmir. O, həm də insanların gündəlik həyatına, psixoloji rifahına və ekologiyaya ciddi təsir göstərir.

Son illərdə həyata keçirilən şəhərsalma layihələrinin önəmli hissəsi yaşıllaşdırma və istirahət zonalarının yaradılması ilə bağlıdır. Məsələ təkcə yeni parkların salınması ilə yekunlaşmır. Eyni zamanda mövcud parkların yenilənməsi, onların funksional və ekoloji cəhətdən müasirləşdirilməsi istiqamətində də addımlar atılır.

Hazırda paytaxtda açıq hava mədəniyyət tədbirləri, kinoseanslar, kitab festivalları və müxtəlif idman aksiyaları məhz bu yeni park və ictimai məkanlarda keçirilir. Bu da şəhər məkanlarının sadəcə dekorativ deyil, funksional hala gətirilməsinə zəmin yaradır.

Yeni salınmış parkların oyun meydançaları, səliqəli skamyaları, süni gölləri, velosiped yolları və istirahət üçün gözəl guşələri var. Beləliklə Bakıda urbanizasiya və infrastruktur baxımından sürətli inkişafla yanaşı, yaşıl məkana çevrilmə istiqamətində də mühüm addımlar atılır.

Bu təşəbbüslər təkcə şəhərin gözəlliyini artırmır, eyni zamanda ekoloji tarazlığı qoruyur, havanın keyfiyyətini yaxşılaşdırır. Bundan başqa yeni parklar şəhər sakinlərinin həyat səviyyəsinin yüksəldilməsinə də xidmət edir.

Şəhər sakini Rəsulağa Mirzəyev "Report"a açıqlamasında Bakıda yeni parkların sayının artmasından məmnun olduğunu ifadə edib:

"Şəhərdə gözəl parklar salınır. Bu olduqca xoşdur. Belə parkların sayının artması vacibdir. Çünki bu həm ekologiya, həm də şəhərin görüntüsü baxımından çox faydalıdır".