Yayda hansı yeməklərə "hə", hansılara "yox" deməliyik...


Digərləri 18 Tem 2025 20:26:00 58 0

Yayda hansı yeməklərə "hə", hansılara "yox" deməliyik...

İsti yay günlərində düzgün qidalanma bədənin temperatur tənzimlənməsi, susuzluğun qarşısının alınması və ümumi sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Bu barədə Modern.az-a açıqlama verən qida sahələri üzrə ekspert Fərid Səfərov bildirib ki, iqlimə uyğun qidalanmaq həm istilərin fəsadlarından qorunmağa, həm də enerjini yüksək saxlamağa kömək edir.

Ekspertin sözlərinə görə, yay mövsümündə menyuda əsas yer tutmalı olan məhsullar su və su tərkibli qidalardır:

"Bu dövrdə su, ayran, mineral sular, eyni zamanda qarpız, yemiş, xiyar, pomidor kimi tərkibində 90 faizdən çox su olan məhsullar mütləq istifadə edilməlidir. Bədəni toksinlərdən təmizləmək üçün doğranmış meyvə ilə hazırlanmış detoks suları da faydalıdır".

Fərid Səfərov yüngül zülallı yeməkləri də yayda üstünlük verilməsi vacib olan məhsullar sırasında qeyd edib:

"Toyuq, balıq, qaynadılmış yumurta, az yağda bişmiş paxlalılar, məsələn, mərcimək salatı, həm orqanizmə yüngüldür, həm də zəruri zülalları təmin edir".

Ekspert təzə meyvə və tərəvəzlərin də yay süfrəsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb:

"Şaftalı, ərik, gilas, albalı, moruq və tərəvəz salatları - bol limon, az duz və zeytun yağı ilə ideal seçimdir. Həmçinin dovğa, badımcan və lobya salatları, bulqur və qarabaşaqla hazırlanan yüngül salatlar yay üçün çox uyğundur. Ayran, kefir və qatıq da bağırsaq florası üçün faydalıdır".