ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif etdi


Dünya 14 Tem 2025 18:20:00 63 0

ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif etdi

ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

"ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Bununla hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək. Təklifin məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir", - o vurğulayıb.

Qeyd edək ki, Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir. Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda iqtisadiyyatın inkişafını sürətləndirmək və strateji əlaqələri gücləndirmək üçün mühüm bir vasitə olacaq.

Əlavə edək ki, bu ilin martın 13-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh sazişi ilə bağlı danışıqlar yekunlaşıb.

"Mətn üzrə işlər yekunlaşıb. Sonrakı mərhələdə artıq Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır. Əlavə olaraq, Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir", - C.Bayramov qeyd edib.