KOBİAnın ayırdığı qrant hesabına BDUda “EkoEnerji” məntəqəsi açılıb
Digərləri 23 Haz 2025 18:03:00 68 0
Günəş və külək enerjisindən istifadə edən "EkoEnerji" məntəqəsi elektrik avtomobilləri üçün təmiz ekoenerjidən istifadə imkanları yaradır.
Bakı Dövlət Universitetinin (BDU) ərazisində BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı ilə elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən "EkoEnerji" məntəqəsi istifadəyə verilib.
Son.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycanda "yaşıl enerji", "yaşıl iqtisadiyyat" məsələlərinə dövlət səviyyəsində xüsusi önəm verilir. BDU da yeni yanaşma ilə bu məsələdə öz töhfəsini verir. Bugünkü layihə həm günəş, həm külək enerjisindən istifadə etməklə BDU əməkdaşları və təhsilalanları üçün təmiz ekoenerjidən istifadə imkanı yaradır. Rektor diqqətə çatdırıb ki, "Clean-Charge" AC enerji doldurma stansiyası" adlı layihə KOBİA tərəfindən keçirilən KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 5-ci qrant müsabiqəsinin qalibi olub. Bu, BDU-nun KOBİA ilə elm, təhsil, innovasiya sahəsində səmərəli əməkdaşlığının nümunəsi olmaqla yanaşı, universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əməl edilməsi istiqamətində atdığı addımlardan biridir. "EkoEnerji" məntəqəsi "yaşıl enerji"dən istifadə etməklə fəaliyyət göstərəcək, tədris prosesində də bu məntəqədən istifadə olunacaq.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurum üçün innovasiya yönümlü layihələrin dəstəklənməsinin prioritet olduğunu bildirib. KOBİA ilə BDU arasında imzalanan əməkdaşlıq memorandumu uğurla icra olunur. Agentlik sədri "Clean-Charge" AC enerji doldurma stansiyasının yaradılması layihəsi üçün KOBİA tərəfindən 20 min manata yaxın qrant ayrıldığını vurğulayıb. Qeyd edilib ki, layihə universitetin əməkdaşları, tələbələr və sahibkarlar üçün faydalı olacaqdır.
Elm və Təhsil Nazirliyinin elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman müasir universitet quruculuğunda belə layihələrin həyata keçirilməsinin önəmli olduğunu diqqətə çatdırıb. Bildirilib ki, ali təhsil sahəsində dövlət qurumları ilə yanaşı, özəl qurumların maliyyələşmə mexanizmlərinin də olması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə nazirlik elm və təhsil sahəsində cəmiyyət üçün faydalı layihələrə dəstəyi daha da artırmaq niyyətindədir. Nazirliyin şöbə müdiri yeni layihənin təhsil prosesinə inteqrasiya olunmasının vacib məqam olduğunu vurğulayıb.
Layihə rəhbəri, BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin direktoru İlyas Nəsibov deyib ki, məqsəd elektrik enerjisinin bərpa olunan enerji qaynaqlarından alınması ilə karbon emissiyasının azaldılmasına xidmət etməkdir: "Stansiyanın ümumi gücü 22 kv saatdır. Layihənin məqsədi elektromobillərin sürətli və ekoloji təmiz elektrik enerjisi ilə doldurulması nəticəsində sıfır karbon emissiyası ilə təbiəti qorumaq və Dayanıqlı İnkişaf Məqsədlərinə riayət etməkdir".
Sonra "EkoEnerji" məntəqəsində elektromobilin şarj olunma prosesi əyani olaraq iştirakçılara nümayiş etdirilib.