Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var


Digərləri 06 Haz 2025 13:58:00 83 0

Bakıda restoranın qarşısında kütləvi dava: Xəsarət alanlar və həbs olunan var

Bakının Xətai rayonunda restoranlardan birinin qarşısında dava olub.

Son.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə General Şıxlınski küçəsində, "Şahbuz" restoranının qarşısında baş verib.

Həmin ərazidə bir neçə nəfərin mübahisə etməsi, dava salması barədə Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə məlumat daxil olub.

Hadisə yerinə gələn əməliyyat qrupu onları polis bölməsinə dəvət edib. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sərxoş vəziyyətdə bir-biri ilə mübahisə ediblər. Onların bəzilərinin bədənində xəsarət aşkar edilib.

Həmin şəxslərin 1988-ci il təvəllüdlü Cəmil, 2002-ci il təvəllüdlü Cəlal, 1997-ci il təvəllüdlü Vüqar, 2001-ci il təvəllüdlü Abbas, 2002-ci il təvəllüdlü Nadir, 1988-ci il təvəllüdlü Bahadur, 1985-ci il təvəllüdlü Namiq olduqları aşkarlanıb.

Onlardan biri, 2002-ci il təvəllüdlü Nadir İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə o, səkkiz gün müddətinə inzibati qaydada həbs edilib.