“Türk” etnonimi və törələri YUNUS OĞUZ yazır
Digərləri 05 Haz 2025 13:55:00 106 0
YUNUS OĞUZ
Bu haberi de oku: Dəhşətli qəzada ölənlərin biri PTXnin əməkdaşı imiş
Əvvəlini buradan oxuya bilərsiniz
https://olaylar.az/news/sosial/594687
Yuxarıda qeyd etdiyimiz kimi türk cəmiyyətinin nüvəsi ailə idi və bu alənin əsasını ata-ana-usaq təşkil edirdi. Ata-ananın üç əsas vəzifəsi vardı:
1. Övladı halal qazancla yedizdirmək, ləyaqətlə yetişdirmək, böyütmək, cəmiyyətin bir hissəsi etmək;
2. Övladı cəmiyyətin bir hissəsi etmək üçün dövrün tələbinə uyğun olaraq tərbiyə etmək, törələri mənimsətdirmək, qorxmaz döyüşçü kimi böyütmək;
3. Övladı evləndirmək, yaxud ərə vermək.
Ata-ananın yazılmamış bu vəzifələri min illərdir nəsildən-nəsilə keçir, zamana uyğun olaraq dəyişikliklər olsa da, mahiyyəti dəyişmirdi. Elə indinin özündə də dünyanın qloballaşmasına baxmayaraq, türk dünyasında ata-ananın bu fundamental vəzifəsi dəyişməmişdir.
İslamaqədərki dövrdə türk qadınları üzlərini, (elə islamın ilk çağlarında da) gizlətmirdirlər. Törəyə uyğun olaraq qızın razılığı olmadan xaqan da olsa ona ərə getməzdi.
Oymaqda, obada "bayramlar, yarışlar və digər mərasimlər zamanı "qız", yaxud "oğlan" bəyənmək prosesi gedirdi. Ola bilərdi ki, qız və oğlan uşaqlıqdan bir yerdə böyüsünlər, sonradan bir-birlərinə könül versinlər.
İslam dövründə isə bu qaydalar qismən dəyişikliyə məruz qaldı. Belə ki, şəhərdə oturub yaşamaq istəyən türkləri öz soydaşları "duraq" adlandırırdı. Bu, o anlama gəlirdi ki, şəhərdə yaşamaq istəyən türklər, axınçılığı dayandırır, daha yürüşlərdə iştirak etmirdilər, yəni dayandı, durdu.
İslam dövründə şəhərdə yaşayan türklərin qız bəyənmək prosesi islam dövründə başqalaşdı.
Yuxarıda qeyd etdiyimiz kimi türk ailəsində, nəslin davam etdirilməsində əsas məsələ sağlamlıq hesab edilirdi. Buna görə də islamiyyət dövründə "qız bəyənmək" prosesi hamamdan başlayırdı. Qızın bədən düzlüyünü, əyriliyini, yarasını, xorasını, təmizliyini hamamda yuyunmaq prosesi daha tez üzə çıxarırdı. Adətən, "araçı" vasitəsilə bəyin anası gələcək gəlininə göz yetirir, vücudunun sağlamlığına, dilinin şirinliyinə, acılığına, oturuşuna, duruşuna diqqət yetirirdi.
Bir-birini sevən gənclərin evlənməsinə (təbiidir ki, ata və anaların razılığından sonra) "qovuşmaq" deyilir. Qızın bakirəliyi bu evlənmədə xüsusi əhəmiyyət kəsb edir və qədim türklərdə bu "qapaq" adlanırdı.
"Araçı" vasitəsilə oğlan evindən ana qız evinə təşrif aparırdı. Buna "ağız aramaq" deyirdilər. "Ağız aramaq" bir neçə gündən, bir neçə aya qədər çəkə bilərdi.
Bundan sonra "araçı" ilə oğlan evinə xəbər göndərilirdi ki, gərək qızın da ağzını arayaq, atası ilə məsləhətləşək. Hər iki tərəf razılığa gəldikdən sonra, oğlan evi elin ağsaqqalı, ağbirçəyi başda olmaqla qız evinə yollanırdılar. Bəzən qız evi naz edir, oğlan evini əliboş geri qaytarır, deyilirdi ki, bir fikirləşək. Amma yenə də razılıq olurdusa, oğlan evi bilirdi ki, bu dəfə qızı verəcəklər. "Araçı" bu aralarda çox fəal olurdu. O zaman oğlan evi erkək heyvana qırmızı lent bağlayıb qız evinə yollanırdı.
Razılıq zamanı qız atası "verdim", oğlan evi isə "aldım" deyər, bununla da vədə sadiq qaldıqlarını bildirərdilər. Bundan sonra evlilik və toy müzakirəsinə başlayırdılar. Oğlan evi sosial vəziyyətinə görə qız evinə başlıq verirdi. Bundan əlavə "südlük", "qan bahası" deyilən ödəmələr, yaxud hədiyyələr olurdu. Gəlinin ata-anasına, qardaş və bacılarına da hədiyyələr verilirdi, buna "ağırlıq" deyilirdi.
Bütün bunlara "kalın" deyilirdi. Sonralar bu sözü "kalım" kimi işlətdilər və indi də işlək sözdür. Yenə sosial vəziyyətdən asılı olaraq "dünir"lər (qudalar) qız toyunun xərcinin bir hissəsinin oğlan evi tərəfindən ödənilməsini müzakirə edirdilər.
Beləliklə, evlənmə bir necə mərhələdən keçir:
1. Qızaxtarma (bəzən oğlan və qız bir-birlərini sevir, anaya bu barədə bildiriş verirlər.)
2. Qızbəyənmə (oğlan və qızın bir-birlərini bəyənməsi hələ heç nəyi həll etmirdi. Lazım idi ki, ata-ananın da razılığı olsun).
3. Elçilik.
4. Toy mərhələsi
Toy mərhələsi iki yerə bölünürdü; qız toyu, oğlan toyu.