Bakının bu kəndi yenilənəcək RƏSMİ


Digərləri 24 May 2025 19:18:00 67 0

Bakının bu kəndi yenilənəcək  RƏSMİ

"Bakıda 8 kəndin abadlaşması Bakı Abadlıq Xidmətinə (BAX) tapşırılıb. Balaxanı və Ramanadan sonra ən intensiv iş hazırda Əmircan kəndində gedir".

Bu barədə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, H. Əliyev Fondu ərazidə Murtuza Muxtarov adına İmam Cümə məscidinin bərpası ilə məşğul olacaq:

"BAX isə eynən Balaxanıda və Ramanadakı kimi kəndin öz tarixi simasını saxlayaraq, şəhərə yaxınlaşması üçün öhdəsinə düşəni və hətta bundan da artığını etməyə çalışır. Köklü abadlıq üçün ilk növbədə Bülbülə gölünə illər boyu axıdılan kanalizasiya sularından təmizlənməsi layihəsi təqdim edildi. Almaniyadan müasir su təmizləyici qurğular gətirildi, mütəxəssislər dəvət edildi, çirkab sularının Hövsan kollektoruna yönəldilməsi ilə problem qismən aradan qaldırılıb. Bir vaxtlar kütləvi zibilliyə, qamışlığa çevrilmiş göl ətrafı ərazi təmizlənib. Evlərin dam örtüyü dəyişilir, kəndin içindəki yollar qaydaya salınır, yeni standartlara cavab verən işıqlandırma, bərpa-təmir, rəngləmə işləri tamamlanmaq üzrədir".