"ƏshabiKəhfdə Kəbə" ideyası müzakirə yaratdı: "Müsəlmanların Kəbədən başqa qibləsi yoxdur!"
Digərləri 20 May 2025 18:00:00 60 0
Deputat, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev hesab edir ki, Naxçıvandakı Əshabi-Kəhf ziyarətgahında Məkkədəki Kəbənin - islam dünyasının ən müqəddəs məkanının eynisini tikmək mümkündür. O, bu təklifi partiyasının mətbuat xidmətinə açıqlamasında bildirib. Deputat deyib ki, bu ideyanı gerçəkləşdirmək üçün Səudiyyə Ərəbistanından Kəbənin köhnə örtüyünü almaq xahiş oluna bilər. Q.Həsənquliyev bu təşəbbüsü onunla əsaslandırıb ki, Kəbənin içərisinə yalnız imtiyazlı şəxslər daxil ola bilirlər, yeni yaradılacaq Kəbəni isə hamını ziyarət etməsinə şərait yaratmaq gərəkdir.
Bu haberi de oku: Bakıda məşhur restoranda yanğın
Bəs din xadimləri belə bir təşəbbüsə necə yanaşırlar? İkinci Kəbə tikilə bilərmi? Deputatın təklifi dini və ictimai baxımdan nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı oxu.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib ki, Azərbaycanın turizm potensialının olduqca yüksək olması reallıqdır və bu potensialdan çox yaxşı istifadə etməliyik:
"Bu yolla ölkəmizə çoxlu turist cəlb edə və böyük vəsait qazana bilərik. Bu baxımdan, Əshabi-Kəhf mağarası da xüsusi əhəmiyyətə malikdir. Dünya miqyasında tanıdılmasına ciddi ehtiyac var. Ola bilsin, həmkarım Qüdrət Həsənquliyev açıqlamasında bu məsələnin əhəmiyyətinə diqqət çəkmək istəyib".
C.Məmmədov bildirib ki, ümumilikdə islam dünyasında Əshabi-Kəhf mağarasının üç müsəlman ölkəsindən birində olması ilə bağlı fikirlər var. Bunlardan biri Azərbaycanda, biri Türkiyədə, biri isə İordaniyadadır.
Kəbə məsələsinə gəldikdə isə deputat deyib ki, onun müqəddəs yer olması islam dininə əsasən, Allah-Taala tərəfindən müəyyən edilib:
"Onun ikincisini haradasa tikmək və ya yerini dəyişmək, çoxlu insanı oraya ziyarətə cəlb etmək qeyri-mümkündür. Eyni zamanda, bu məsələ müsəlman dünyasında birmənalı qarşılanmayacaq".
İlahiyyatçı Yaşar Qurbanov isə mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Kəbə bir dənədir, o da Allahın əmri ilə İbrahim peyğəmbər tərəfindən inşa olunub. Qurani-Kərimdə bununla bağlı ayə var.
Kəbənin örtüyünün dəyişdirilən zaman müsəlman ölkəyə bağışlanması məsələsinə gəlincə, ilahiyyatçı bildirib ki, bu, hörmət əlaməti olaraq edilir:
"Amma bu o demək deyil ki, Kəbəni necəsə əvəz etmək mümkündür. Başqa bir Kəbə tikilə bilməz".
Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslərin buraxılması məsələsinə gəlincə isə ilahiyyatçı deyib ki, bu da hörmət əlaməti olaraq edilir:
"Dövlət başçıları gedərkən hörmət əlaməti olaraq içəri buraxılırlar. Bir də ildə bir dəfə Kəbənin örtüyü dəyişdirilərkən insanlar içəri daxil ola bilirlər. Lakin hər kəsin içəri keçməsinə imkan yoxdur. Əsas olan Kəbəni təvaf edib ibadət etməkdir".
Məsələnin turizmlə əlaqələndirilməsi ilə bağlı məqama gəlincə isə ilahiyyatçı deyib ki, bu, düzgün yanaşma deyil:
"Müsəlmanların Məkkə şəhərində yerləşən Kəbədən başqa qibləsi yoxdur."