İnsan peyğəmbər
Digərləri 18 Fev 2023 21:20:00 349 0
İnanmayanlar Allahın öz dinini təbliğ etmək üçün göndərdiyi peyğəmbərlərin bir bəşər, başqa sözlə, insan olduğunu heç cür qəbul etmək istəməyiblər. Bu, Nuh peyğəmbərin (ə. s.) vaxtında başlayıb axırıncı peyğəmbər olan Mühəmmədə (ə. s.) qədər belə davam edib. Nuh peyğəmbər (ə. s.) öz qövmünə elçi olaraq göndərildiyi vaxt ona qövmü tərəfindən belə etiraz edilmişdi: (Nuhun) qövmündən tanınmış kafirlər dedilər: "Biz səni ancaq bizim kimi bir bəşər (insan) olaraq görürük (Hud, 11/27)". Bu cür etirazlar təkcə Nuh peyğəmbərin (ə. s.) qövmü ilə məhdud deyildi; Hud peyğəmbərin (ə. s.) qövmü olan Ad, eləcə də Saleh peyğəmbərin (ə. s.) qövmü Səmud və onlardan sonra gələn peyğəmbərlərə də öz qövmləri həmişə etiraz edir və belə deyirdilər: "Sizin bizdən fərqiniz nədir? Siz də bizim kimi bir insansınız".
Bu xəbəri də oxu: Dollar Trampa görə bahalaşacaq "The Economist"
Allah belə buyurur:
Sizdən əvvəlkilərin, Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonra gələnlərin xəbərləri sizə çatmadımı? Onları Allahdan başqası bilməz. Peyğəmbərləri onlara möcüzələr gətirdi. Onlar əllərini peyğəmbərlərinin ağızlarına tutub dedilər: "Biz sizə göndəriləni inkar etdik və bizi çağırdığınız şeyə qarşı dərin bir şübhə içərisindəyik".
Peyğəmbərləri onlara: "Göyləri və yeri yaradan Allah haqqında şübhə var? Halbuki O, sizin günahlarınızın bir hissəsini bağışlamaq və sizi müəyyən bir vaxta qədər yaşatmaq üçün (haqq dinə) çağırır", - dedi. Onlar: "Siz də bizim kimi bir insandan başqa bir şey deyilsiniz. Siz bizi əcdadımızın sitayiş etdiyi şeylərdən döndərmək istəyirsiniz. Elə isə bizə aşıq-aşkar bir dəlil-sübut gətirin", - dedilər (İbrahim, 14/9-10).
Məkkəlilər də eyni sözləri peyğəmbərimiz (ə. s.) haqqında demişdilər:
"Bu elçinin xüsusiyyəti nədir ki? O da yemək yeyir, o da küçələrdə gəzir! Ona bir mələk endirilsə və birlikdə xəbərdarlıq etsələr, olmazmı (Furqan, 25/7)?".
Rəblərindən onlara nə vaxt təzə bir xəbərdarlıq gəlsə, onlar bunu elə hey lağa qoyub qəlbləri oyun və əyləncəyə dalaraq dinləmişdilər. O zalımlar belə pıçıldaşdılar: " Bu (Mühəmməd) sizin kimi bir insan olmaqdan başqa nədir ki? İndi siz gözünüz görə-görə sehrə uyursunuz (Ənbiya, 21/2-3)?".
Allahın peyğəmbərləri haqqında deyilən bu etiraz cümlələri inanmayanların ən böyük maneəsi olub:
İnsanlara doğru yolu göstərən bir elçi gəldiyi vaxt inanmaqlarına mane olan yeganə şey onların bu sözləri olmuşdur: "Allah elçi olaraq bir bəşərimi göndərir (İsra, 17/94)?".
Bu etirazları inanmayanların nəzər nöqtəsindən baxıldıqda az da olsa başa düşmək mümkündür. Belə ki, onlar inanmadıqlarına görə axtardıqları ən böyük bəhanəni bu cümlələrdə tapırdılar. Bu cür bir düşüncəyə əsasən Allah insanlara onların öz aralarından bir peyğəmbər göndərməz; göndərsə də, bunu mütləq tanınmışlar ((Quranın ifadəsi ilə: Mələ'.)) dəstəsindən seçərdi. ((Geniş məlumat üçün baxın: Seyyid Qütub, Fi zilalil-Quran, 12-ci nəşr, Daruş-şüruq, 1986, IV cild, s. 1872 (Hud surəsinin 28-ci ayəsinin təfsiri).)) Əgər bu da olmasaydı, onların fikrincə yerdə başqa bir variant qalırdı: Mələk peyğəmbər! Nuhun (ə. s.) qövmünün tanınmış kafirləri belə demişdilər:
"Bu, sadəcə olaraq sizin kimi bir bəşərdir. O, sizə üstünlük etmək və hakim olmaq istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi, şübhəsiz ki, mələklər göndərərdi. Biz keçmişdəki atalarımızdan belə bir şey eşitməmişik (Muminun, 23/24)".
Lakin peyğəmbərlərin mələklərdən olmağını istəyənlərin yaddan çıxartdıqları başqa bir həqiqət də var idi:
De: "Yer üzündə gəzib dolaşanlar mələk olsaydı və oraya yerləşsəydilər, biz də onlara göydən elçi olaraq bir mələk endirərdik (İsra, 17/95)".
Bu etirazlar inanmayanlar tərəfindən edilirdi. Bəs inananlar tərəfindən peyğəmbərlərin bəşər/insan olduqları məsələsinə necə baxılıb?
Peyğəmbərlərin "insanlığı" ilə necə deyərlər, oynayanların ən bariz nümunəsi xristianlardır. Onlar peyğəmbərləri barəsində ifrata varıb onu tanrılaşdırıblar. Yeni Papa 16-cı Benediktin rəhbərliyi ilə təsis edilən bir heyət tərəfindən hazırlanan Katolik Kilsəsi Din və Əxlaq Prinsipləri adlı kitabda belə deyilir:
"İsa olmasaydı, kainat yaradılmazdı. Göylərdə və yer üzündə görünən və görünməyən şeylər, taxtlar, hegemonluqlar, idarələr və hökmranlıqlar... Hər şey onun vasitəsilə və onun üçün yaradılmışdır". ((Katolik Kilsəsi Din və Əxlaq Prinsipləri, tərcümə edən: Dominik Pamir, İstanbul, 2000, s. 95, 331-ci abzas.))
Bu yanlış inanc müsəlmanların əqidəsinə də qarışıb. ((Abdulaziz Bayındır, Kur'an Işığında Aracılık Ve Şirk, Süleymaniye Vakfı Yayınları, İstanbul, 2005, s. 82.)) Xalq arasında olduqca geniş yayılan və bir çox alim tərəfindən açıq-aydın şəkildə uydurma (qondarma) ((Mühəmməd ibn Əli ibn Mühəmməd Əş-Şövkani, Əl-fəvaidul-məcmuə' fil-əhadisil-mövzu'a, təhqiq edən Abdurrahman Əl-Müəllimi, Əl-Məktəbətul-islamiyyə, 2-ci nəşr, Beyrut, hicri 1392-ci il, s. 326.)) olduğu bildirilən "Sən olmasaydın, mən kainatı yaratmazdım (Ləv lakə ləma xalaqtul-əflak)" sözü də bu iddianı haqlı çıxardır. Bəzi müsəlmanlar bu əsilsiz və heç bir əsası olmayan iddiaya istinad edib ilk yaradılan şeyin həqiqəti-mühəmmədiyyə olduğunu, eləcə də yaradılan hər şeyin ondan və onun adına yaradıldığını irəli sürüblər. Mühyiddin ibn Ərəbi başqa olmaqla bir sıra təsəvvüfçü tərəfindən irəli sürülən və get-gedə "inkişaf etdirilən" bu iddianı qısa formada aşağıdakı kimi vermək olar:
Həzrəti peyğəmbərin 63 illik vaxtla məhdud olan cismani (fiziki) həyatından ayrı bir varlığı da mövcuddur. Allahdan başqa heç bir şey yox ikən ilk dəfə həqiqəti-mühəmmədiyyə var olmuş, bütün varlıqlar ondan və onun üçün yaradılmışdır. Aləmin var olmağının səbəbi, maddəsi və qayəsi bu həqiqətdir. Rəsuli-əkrəmin ((Mühəmməd peyğəmbər (ə. s.) nəzərdə tutulur.)) ruhu və nuru bütün insanlardan, peyğəmbərlərdən, hətta mələklərdən də əvvəl var olduğuna görə peyğəmbər insanlığın mənəvi atasıdır. Mühyiddin ibn Ərəbinin fikrincə həqiqəti-mühəmmədiyyə nur olması baxımından aləmi yaratmaq prinsipi və onun əslidir. Varlıq formasında zahir olan (üzə çıxan) ilahi təcəllinin ilk mərtəbəsidir. ((Mehmet Demirci, Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyası, Həqiqəti-Məhəmmədiyyə bəndi, İstanbul, 1997, XV cild, s.179-180.))
Mənşəyinin Neoplatonizmdəki loqos, yaxud da İsgəndəriyyəli Əziz Klemensin (Saint Clemens) peyğəmbərlik məsələsinə dair fikirlərinə əsaslandığı irəli sürülən ((Yenə orada.)) bu anlayış ən yüngül ifadə ilə desək, Quranın yaratdığı peyğəmbər təsəvvürünü alt-üst edir! Çünki başda hədis alimləri və Hənbəlilər olmaqla bir çox alim həzrəti peyğəmbərin bu cür başa düşülməsini onun ilahlaşdırılması kimi qiymətləndirərək bu inancı küfr və şirk hesab ediblər. Onlar əvvəlki ümmətlərin də peyğəmbərləri barədə ifratçılıq etdiklərinə görə haqq yoldan çıxdıqlarını qeyd ediblər. ((Yenə orada.)) Peyğəmbərimiz (ə. s.) də bu sözü ilə öz əshabəsinə belə xəbərdarlıq edib:
Xristianlar Məryəm oğlu İsanı hədsiz dərəcədə mədh etdikləri kimi siz də məni mədh edərkən ifrata varmayın. Şübhəsiz ki, mən sadəcə olaraq bir bəndəyəm. Ona görə də mənə (ancaq) Allahın qulu (bəndəsi) və rəsulu (elçisi) deyin. ((Buxari, Ənbiya, 48.))
Ənəs ibn Malikin nəql etdiyi bir hədisdə deyilir ki, bir nəfər peyğəmbərimizə (ə. s.): "Ya seyyidi/ey ağam, mənim ağamın oğlu! Ey bizim ən xeyirlimiz (yaxşımız), ən xeyirlimizin oğlu", - deyə müraciət etmişdi. Peyğəmbərimiz (ə. s.) buna cavab olaraq belə demişdi:
"Ey insanlar! Allah qarşısındakı məsuliyyətinizi layiqincə dərk edin ki, şeytan sizi aldatmasın. Mən Abdullanın oğlu Mühəmmədəm. Allahın qulu və rəsuluyam. Allaha and içirəm ki, məni Allahın mənə verdiyi məqamın (mövqenin) üstünə çıxartmağınız xoşuma gəlmir". ((Əhməd ibn Hənbəl, 3/153, 241, 4/25, 40. Buna oxşar bir hədis üçün baxın: Əbu Davud, Ədəb, 9.))
Peyğəmbərimizin (ə. s.) həmişə və hər cür şəraitdə insan olduğu, Allahın ancaq və ancaq bir bəndəsi olub ancaq ona ibadət etdiyi açıq və qəti olduğu halda, İslama mənsub bəzi qruplar onun haqqında ifrata varıb ona bəndəliyə uyğun gəlməyən bir çox sifətlər yaraşdırırlar. Allah onun haqqında və başqaları üçün: "Şübhəsiz ki, sən də öləcəksən, onlar da" (Zümər, 39/30), - buyurduğu halda, bəzi insanlar peyğəmbəri başqa insanlardan ayıraraq belə deyirlər: "O, bədəni və ruhu ilə yaşayır. İnsanlar arasında gəzir. Onların yuxularına girir. Yığıncaqlarında iştirak edib onlarla danışır. Onunla fikir mübadiləsi aparılır və hədislərin mötəbər olub olmadığı onun özündən öyrənilir. Qəbrində diri olduğuna görə ona edilən çağırış və duaları eşidir". Peyğəmbər haqqında bu cür şeylər səsləndirilir və insanlar buna inanırlar. ((İbrahim Sarmış, Hz. Muhammed'i Doğru Anlamak, Ekin Yayınları, 3-cü nəşr, İstanbul, 2007, I cild, s. 95.))
Həqiqəti-mühəmmədiyyə inancında hədd-hüdud tanımayan Həsən Səzai Gülşəni kimi bəzi təsəvvüfçülər: "Mühəmməddir cəmali-Həqqə mirat (güzgü), Mühəmməddən göründü özü bizzat", - deyərək Allahın Mühəmməd peyğəmbərin (ə. s.) bədənindən bizə göründüyünü irəli sürmüş və ifrata varmışlar. ((Cihat Arınç, Hakk'ın En Parlak Aynası: Ahmed-i Muhammed, Anlayış jurnalı, Aprel, 2006, nömrə 35, s. 77.)) Qeyd edək ki, bununla kifayətlənməyərək daha çox ifratçılıq edənlər də olub:
Əhməddə gizlənən Hu-dur. Sufilər bunu ifadə etmək məqsədilə pərdeyi-mim (mim pərdəsi) sözünə tez-tez müraciət edir və: "Əhməddəki mim pərdəsini qaldır və bir bax, gör, arxasında kim var", - deyirlər. Ərəb dilində Əhməd sözünün yazılışındakı mim (m) hərfi götürüldüyü vaxt Əhəd sözü qalır. ((Yenə orada.))
İlk baxışda peyğəmbərimizin (ə. s.) Allahla eyni səviyyədə tutulması təəssüratı yaradan bu ifadələrə daha diqqətli baxıldıqda başa düşmək olar ki, vəziyyət güman ediləndən də pisdir. Çünki Əhəd (أحد) və Əhməd (أحمد) sözləri arasında fərqli bir hərf var ki, bu hərf mim (م) hərfidir. Həmin fərq bu sözlərin yazılışında olub Əhmədin lehinədir. Çünki onların fikirlərinə əsasən guya bütün aləm o mim hərfinin içərisindədir! ((Abdulaziz Bayındır, eyni əsər, s. 83.)) Yəni, mahiyyət baxımından Əhməd (peyğəmbərimiz) (Əstağfirullah, tövbələr olsun! ) Əhəddən (Allahdan) bir addım qabaqdadır!!!
Bu cür sözlərin Allahın bəndəsi və elçisi olan bəşər peyğəmbər təsəvvürü ilə heç cür əlaqəsi olmadığını başa düşmək üçün: "Ağıl işlədib fikirləşmək lazımdır", - deməli olduğumuz halda, qarşımıza bu inancı daşıyanlar tərəfindən böyük bir maneə qoyulur: "Bunun belə olduğunu idrak etmək həqiqətən də, çətindir. Çünki bu meydanda ağıllar işləməz olur". ((Cihat Arınç, yenə orada.))
Halbuki, Allah digər tərəfdən belə buyurur:
Allah ağlını işlətməyənlərin üstünə murdarlıq yığar (Yunus, 10/100).
Bir tərəfdə ağıl işlətməyə maksimum dərəcədə təşviq edən və ağıl işlətməyənləri murdarlığa bulaşacaqları istiqamətində qorxudan Allahın ayələri, digər tərəfdə: "bu meydanda ağıllar işləməz"-, deyərək ağlı sıradan "çıxardan" mentalitet...
İslam təlimlərinə zidd bir iş, yaxud da hər hansı bir hal baş verdiyi vaxt: "Biz həzrəti Mühəmmədin qabağına necə çıxarıq, onun üzünə necə baxarıq, ona necə hesab verərik", - deyən müsəlmanlara da rast gəlmək mümkündür. Bu insanlara belə demək lazımdır:
Həzrəti Mühəmməd (ə. s.) peyğəmbərlik vəzifəsini yerinə yetirmiş və həzrəti Əbu Bəkrin: "Kim Mühəmmədə sitayiş edibsə, (bilsin ki) Mühəmməd ölüb", - dediyi kimi vəfat etmişdir. İnsanlar onun hüzurunda deyil, Allahın hüzuruna çıxardılacaq və əməllərinin haqq-hesabını ona deyil, Allaha verəcəklər. Cəza və ya mükafatları o deyil, Allah verəcək. Hazırkı xristianlıqda demək olar ki, hər şey həzrəti İsadan istəndiyi və onun hər şeyi etməsi gözləndiyi kimi həzrəti Mühəmməd insanları mühakimə etməyəcək. Onları yaxşı və pis deyib qruplaşdırmayacaq. Bu və digər şeylərdən və yaxud yerlərdən xilas etməyəcək. ((İbrahim Sarmış, eyni əsər, s. 96.))
Allahın bizə öyrətdiyi qüvvətli və hər növ ifratçılıqdan uzaq olan bəşər peyğəmbər təsəvvürünə nəzər salmaq üçün məhz Onun sözlərinə - Qurani-Kərimə müraciət etmək lazımdır. Belə ki, Allah Quranda buyurur:
Mühəmməd sadəcə olaraq bir rəsuldur (elçidir). Ondan əvvəl də neçə-neçə elçilər gəlib keçmişdir (Ali-İmran, 3/144).
De: "Fəsübhənallah! Mən məgər bəşər peyğəmbərdən başqa bir şeyəm (İsra, 17/93)?".
De: "Mən də eynilə sizin kimi bir bəşərəm. Mənə sizin ilahınızın vahid bir ilah olduğu bildirilir. Artıq kim Rəbbinə qovuşmağı umursa, dərhal yaxşı bir iş görsün və Rəbbinə ibadətdə heç kimi şərik qoşmasın (Kəhf, 18/110)".
Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik (Ənbiya, 21/107).
Biz səni şahid, müjdəçi, qorxuducu (xəbərdarlıq edən), Allahın izni ilə Ona dəvət edən, nurlandıran bir işıq olaraq göndərdik (Əhzab, 33/45-46).
De: "Mən ilk peyğəmbər deyiləm; mənim özümün və sizin başınıza nə gələcəyini bilmirəm. Mən ancaq mənə vəhy edilənə tabe oluram. Mən sadəcə olaraq açıq-aşkar bir qorxuducuyam (xəbərdar edən) (Əhqaf, 46/9)".
De: "Mən sizə: "Allahın xəzinələri mənim yanımdadır", - demirəm. Mən qeybi də bilmərəm. Mən sizə bir mələk olduğumu da demirəm. Mən sadəcə olaraq mənə vəhy edilənə tabe oluram". De: "Kor ilə görən heç bir olarmı? Siz heç düşünmürsünüz (Ənam, 6/50)?".
Göründüyü kimi ayələr açıq-aydındır. Biz üzünün hörmətinə bütün kainatın yaradıldığı və onda Allahın təcəlli etdiyinə inanılan fövqəlbəşər bir peyğəmbərə deyil, eynilə bizim kimi bir insan olan və buna görə də bizə nümunə göstərilən, mələk olmayan, qeybi bilməyən, hətta yeri gələndə Rəbbi tərəfindən tənbeh edilən, ((Bu məsələ ilə əlaqədar ayələr üçün baxın: Ənfal, 8/67-68; Tövbə, 9/43; Əhzab, 33/37; Təhrim, 66/1; Əbəsə, 80/1-16.)) lakin risaləti baxımından aləmlərə rəhmət olaraq göndərilən bəşər peyğəmbərə inanmalıyıq.
Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmən
Sual: Mən elə vərdiş etmişəm ki, qüsl edərkən hamamda çox qalıram. Ba
Sual: Hamı Quranı oxuyub başa düşə bilər? Misal üçün deyim ki, mən Qu
Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün olduqca vacib olan maddədir
Zikr başa yerləşdirilib istifadə üçün hazır saxlanan məlumatdır. Onu a
Dövlət başçısı: "Yeni geosiyasi vəziyyət kommunikasiya layihələri
Türkiyəli fizioloq alim Levent Öztürk xərçəngin profilaktikası zamanı n
Fevralın 19-da müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu çox təsirli təbii müalicəvi vasitədir.
Xalq artisti Tünzalə Ağayeva sosial mediadakı paylaşımı ilə diqqət çə
Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə də
Biz Qarabağdakı erməni azlığı ilə danışmağa hazırıq - amma Rusiyadan
"Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalm
İlkin variantda görüşdə Ermənistan baş nazirinin iştirakı nəzərdə tu