“Ferrari” 11 ildə ilk dəfə dalbadal 3 yürüşün qalibi oldu


İdman 24 Sen 2019 18:30:00 240 0

“Ferrari” 11 ildə ilk dəfə dalbadal 3 yürüşün qalibi oldu

“Ferrari” komandasının pilotu Sebastyan Fettel Sinqapur Qran-prisində qalib gəlib. Bundan əvvəl Fettelin komanda yoldaşı Şarl Lekler Belçika və İtaliya Qran-prilərində ən yaxşı nəticə göstərib.

Goal.az xəbər verir ki, “Ferrari” son 11 ildə dalbadal 3 yarışın qalibi olmuş ilk komandadır. Bu, 2008-ci ildən bəri ilk hadisədir. O vaxt Maranello komandasının heyətində çıxış edən Kimi Raykkonen və Felipe Massa Malayziya, Bəhreyn, İspaniya və Türkiyə Qran-prilərində qalib gələrək 4 ardıcıl yürüşün qalibləri olmuşdu.

Fettel bu qələbəsinə baxmayaraq şəxsi hesabda 5-ci yerdən yuxarı qalxa bilməyib. Komanda yoldaşını 6 xal qabaqlayan Lekler isə 3-cü yerə çıxıb. Hazırda Leklerin və “Red Bull” komandasından Maks Ferstapenin hər birinin aktivində 200 xal var, lakin monakolu yürüşçü əlavə göstəricilərə görə hollandiyalı rəqibindən üstündür. “Mersedes” pilotları Lyuis Hemilton və Valtteri Bottas əvvəlki kimi yenə hamıdan irəlidədirlər. Hemiltonun 296, Bottasın isə 231 xalı var.

Konstruktorlar kubokunda “Mersedes” “Ferrari”dən 133 xal irəlidədir.