"Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik" - Ayxan Abbasov


İdman 25 Avq 2019 10:52:00 230 0

"Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik" - Ayxan Abbasov

"Yeni mövsümdə evdə ilk oyunumuz idi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik".

Goal.az xəbər verir ki, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın II turunda "Səbail"ə evdə 0:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

38 yaşlı mütəxəssis deyib ki, referi Vüqar Həsənli görüşün ilk dəqiqələrində səhvlərə yol verib: "Oyunun əvvəlində hakim matçı alt-üst etdi. Yanlış qərarlar verdi. 2-ci dəqiqədə rəqib qapıçı Kamal Bayramov qırmızı vərəqə almalı, 1 dəqiqə sonra isə "Səbail"in qapısına penalti təyin etməli idi".

Sonra özümüz 2 böyük səhvə yol verdik. Bizim günümüz deyildi. Çempionat bizim üçün çətin olacaq. Çalışmaq lazımdır. Mehdi Şərifi 2 qol vurubdur deyə, bu o demək deyil ki, penaltini də o vurmalıdır. Şəhriyar Əliyevin isə artıq çəkisi olduğunu düşünmürəm. İlk hissədə elə də böyük problem yox idi. Ancaq hesabda geri düşdük, sistemi dəyişdik. Oyunumuz dağıldı. Bu gün fərdi səhvlərimizi çox oldu".

"Sumqayıt" növbəti turda "Neftçi" ilə qarşılaşacaq. Abbasov rəqibin favorit olduğunu vurğulayıb: "Neftçi"də problem görmürəm, çempionluğa oynayırlar. Məğlubiyyəti unudub həmin görüşə hazırlaşmalıyıq. İnamsız danışıram? Nə deyim? Deyim ki, udacağıq? Rəqib çempionluğa oynayır, bu vəziyyətdən çıxacaqlarını düşünürəm. Hər çempionat başlayanda sonuncu yerdə "Sumqayıt"ı görürlər. Ancaq biz də çalışırıq ki, öz sözümüzü deyək".