Penaltini qaçıran futbolçu ölümlə təhdid olunur


İdman 02 İyl 2019 09:38:00 220 0

Penaltini qaçıran futbolçu ölümlə təhdid olunur

Amerika Kubokunun 1/4 final oyununda penaltini dəqiq yerinə yetirə bilməyən Kolumbiya yığmasının oyunçusu Vilyam Tesilo təhdidlə üzləşib.

Kolumbiya yığması turniri tərk etdikdən sonra fanatlar onu və həyat yoldaşını təhdid etməyə başlayıblar. Futbolçu özü bu barədə açıqlama verib:

“Bəli, bu düzdür, onlar mənim həyat yoldaşıma yazmağa başlayıblar. Onlar mənə də yazıblar, amma hələ heçnə paylaşmamışam”.

Naməlum şəxslər futbolçunun həyat yoldaşına Tesilonun digər futbolçu Andres Eskobarın aqibətini yaşaması barədə arzularını göndəriblər.

Xatırladaq ki, futbol üzrə Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobar 1994-cü ildə keçirilmiş dünya çempionatından sonra gecə klubunda güllələnib. Buna səbəb komandanın dünya çempionatında həmin oyunçuya görə məğlub olması olub. Vətənə qayıdan Eskobara fanatlardan biri odlu silahdan 7 dəfə atəş açıb və hər dəfə “qol” – deyə qışqırıb.