Kobud səhvə yol verən azərbaycanlı qapıçıya komanda yoldaşı dəstək oldu - VİDEO


İdman 09 Apr 2019 11:26:00 247 0

Kobud səhvə yol verən azərbaycanlı qapıçıya komanda yoldaşı dəstək oldu - VİDEO

Qazaxıstan "Tobol"unun futbolçusu Nika Kvekveskiri komandada çıxış edən Azərbaycan yığmasının qapıçısı Emil Balayevə dəstək olub.

Gürcüstanlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında "Aktobe" ilə Premyer Liqanın IV tur qarşılaşmasında fərdi səhv üzündən qol buraxmalarına təəssüfləndiklərini bildirib. Bununla yanaşı, Kvekveskiri futbolda belə halların qaçılmaz olduğunu diqqətə çatdırıb: "Hamımız səhv edirik. Sadəcə, qapıçı səhv etdikdə, bu, tabloda əksini tapır və gözə girir. Biz bir komanda olaraq, Balayevi dəstəkləyirik. Bütöv kollektivik və bir-birimiz uğrunda mübarizə aparır, vahid ailə kimi yaşayır və yanlışlıqları aradan qaldırmağa kömək edirik. Bu, uğur amillərimizdən biridir".

Qeyd edək ki, "Aktobe" ilə qarşılaşmanın 89-cu dəqiqəsində Emil Balayevin ona ötürülmüş topla rəqib futbolçunu aldatmaq cəhdi "Tobol"un qapısına vurulan qolla nəticələnib. Lakin Balayevin komandası 2:1 hesabı ilə qalib gəlib. Hazırda "Tobol" 4 oyundan 12 xalla "Kayrat"la birgə 2-3-cü yerləri bölüşür. Nika Kvekveskiri Kostanay komandasına keçənədək Azərbaycanda "İnter" (hazırkı "Keşlə") və "Qəbələ"nin formasını geyinib. 

(Report)