“Ronaldo məsələsini müzakirə etməyə vaxtımız olacaq” - Zidan


İdman 12 Mar 2019 10:08:00 261 0

“Ronaldo məsələsini müzakirə etməyə vaxtımız olacaq” - Zidan

Real-ın baş məşqçisi Zinəddin Zidan “kral klubun”a qayıdışı barədə açıqlama verib.

Goal.az xəbər verir ki, fransız mütəxəssis keçmiş klubuna qayıtmaqdan məmnunluğunu ifadə edib:

“Bu gün xüsusi gündür. “Ev”ə qayıtdığım üçün çox şadam. Düşünürəm ki, daha sonra çox suallar verəcəksiniz. İndi isə qayıtmağıma şad olmağımdan başqa nəsə demək istəmirəm. Məqsədim işləmək və klubu layiqli yerinə qaytarmaqdır. Yeganə arzum sabah işə başlamaqdır. Uzaq yol qət etməyimə ehtiyac qalmadı, çünki burda yaşayıram".Zidan Real-dan ayrılmasının səbəbini də açıqlayıb: “Komanda hər şeyi qazandığı üçün dəyişikliyə ehtiyac var idi və buna görə getməli oldum. İndi isə qayıdıram, çünki prezident çağırır. Əsas məsələ isə budur ki, 9 ay sonra yenidən işləmək üçün həvəs yaranıb. Hər şey qarşıdakı bir neçə ildə dəyişməlidir. Amma indi əsas iş bu deyil. Mövsümün sonuna qədər 11 oyun qalıb və biz uğurlu yekun istəyirik. 9 ay boyunca bu haqda heç bir müsahibə verməmişdim, indi isə deyirəm, məni Peres özü dəvət etdi, ona “yox” deyə bilməzdim. Bu müddətdə yaxşı enerji yığmışam, öz işlərimlə məşğul olmuşam, indi isə işləməyə hazıram”.

Fransız mütəxəssis Kriştiano Ronaldonun Madrid klubuna mümkün qayıdışına da münasibət bildirib. “Burada bir çox nüansları nəzərə almalısan. Çünki Real-ın çəkisi var. Hansısa klubda çalışmaq başqa, Real-da məşqçi olmaq tam başqa. Bunu yaşamışam. Yenidən həmin hissləri yaşamaq istəyirəm. Ronaldonun qayıdışı bu gün müzakirə ediləcək məsələ deyil. O, Real tarixinin bir parçasıdır. Hələ qarşıda 11 oyun var. Gələcəkdə nə olacağını indidən demək çətindir. Əsas odur ki, mən artıq buradayam. Ronaldo məsələsini müzakirə etməyə vaxtımız olacaq”,- deyib mütəxəssis.