Premyer Liqa “beşlik”də, Bundesliqadan antirrekord


İdman 21 Yan 2019 13:43:00 590 0

Premyer Liqa “beşlik”də, Bundesliqadan antirrekord

Azərbaycan çempionatı dünyanın ən güclü 80 liqası arasında ən çox geriləyənlərdəndir.

Goal.az xəbər verir ki, 2017-ci ilin yekunlarında 50-ci olub, 2018-i 70-ci sırada başa vuran Topaz Premyer Liqası antirekordçular sırasındadır.

Düzdür, əslində 8 komandalı çempionatın dünyada 70-ci olması da uğur sayılmalıdır. Amma bir il əvvəlki ilə müqayisədə 20 pilləlik geriləmə üzücüdür.

Lakin belə məyusluq təkcə bizim liqada müşahidə olunmayıb. 2017 və 2018-ci illəri müqayisə etsək, 55-ci yerə yuvarlanan Polşa da bizim qədər geriləyib. Lakin daha böyük uçurum yaşayan 3 liqa da var.

Yəni Topaz Premyer Liqası ən çox geriləyən 5 çempionat arasında, 4-5-ci yerlərdədi. Mütləq antirekord isə 33 pillə geriləyib 73-cü olan Makedoniyaya məxsusdur. 69-cu olan Albaniya 24, 52-ci olan Səudiyyə Ərəbistanı isə 23 pillə aşağı yuvarlanıb.

Ən böyük irəliləyiş isə Zambiyadadır. Afrikalılar 43 pilləlik sıçrayışla 35-cidir. 39-cu olan Qətər 32, 32-ci olan Konqo DR isə 30 addım irəliləyişə sevinib. Ötənilki “80-lik”dən yalnız 74-cü olan Avstraliya siyahını tərk edib.

Ümumiyyətlə isə İFFHS-in siyahısına bir sıra məqamlar diqqət çəkir. 2010-cu ildən başlayan hegemonluğu davam etdirən İspaniya ardıcıl 9-cu dəfə dünyanın 1-cisidir.

1991-ci ildən açıqlanan siyahıda La Liqa 13-cü dəfə ən yaxşı olub. İtaliya 10, İngiltərə 4, Almaniya 1 dəfə ilin ən güclü liqası seçilib.

Almaniya Bundesliqası keçənilki antirekordunu təkrarlayaraq tarixinin ən zəif göstəricisinə - 8-ci yerə üzülüb. Avropada ən böyük irəliləyişə - 16 pilləlik sıçrayışa sevinən Şotlandiya isə 15 ildən sonra ilk “10-luğ” qayıdıb. //matc.az