Sevdiyi qıza görə ehtiyatda qalan futbolçunun qarajdan başlayan karyerası...


İdman 01 Noy 2018 15:05:00 333 0

Sevdiyi qıza görə ehtiyatda qalan futbolçunun qarajdan başlayan karyerası...

Barcelona-nın qapıçısı Mark-Andre ter Şteqenin  futbol həyatı atasının kiçik qarajından başlayıb. Üç yaşı olsa da, böyük qardaşını qapıda dayanmağa məcbur edir, yaxın məsafədən zərbə vururdu. Qapıda dayanmağa, qardaşının güclü zərbələrini dəf etməyə həvəsi yox idi. Həyətdə  otun üstündə top oynamağı anası qadağan etmişdi: səliqə ilə əkdiyi güllərin əziləcəyindən qorxurdu. 

Karyerasında ilk qolu öz qapısına vurdu

4 yaşı tamam olanda babası tanışları vasitəsilə onu Мünхеnqlаdbахın  Borussia klubunun uşaq komandasında baxışdan keçirdi. Balaca Mark-Andre bu vaxta qədər qarajdan kənarda futbol oynamamışdı. Stadion ona vahiməli göründü. Özünü itirdi. Qolkiper həmin anları belə xatırlayır: “Təsəvvür etmirdim ki, belə yerdə futbol oynaya bilərəm. Hətta stadionun iki hissədən ibarət olduğunu da bilmirdim. Topu mənə ötürdülər. Qapıya tərəf qaçanda hiss etdim ki, babamla anam nəsə deyir. Fikir vermədən irəliləyirdim. Onlar məni səsləyir, əlləri ilə işarə edirdilər. Fikirləşirdim ki, hər şey əladır, oyunumu alqışlayırlar. Topu qapıya vurdum. Sən demə,  öz qapımıza vurmuşam”. Həmin an Mark-Andre üçün topu hansı qapıya vurmasının fərqi yox idi. Sadəcə, sevinirdi. Yaxınlarının onu təbrik etməsi hər şeydən üstün idi həmin vaxt. Sonralar müntəzəm məşq etməyə başladı. Əsas arzusu mümkün qədər çox qol vurmaq idi. Lakin hər şey bir anda dəyişdi.

“Ya qapıçımız olacaqsan, ya da başqa kluba gedəcəksən”

Matçların birində ter Steqenin komandasında qapıçının burnu qanadı. Uşağı meydandan çıxardılar. Əvəzləyici olmadığı üçün məşqçi  xahiş etdi ki, əlcəkləri Mark-Andre geysin. Beləcə, qol vurmaq arzusu ilə yaşayan balaca hücumçu qapıçı oldu. “Qapıda dayanmaq xoşuma gəldi. Narahat olmadım. Əksinə, o gündən başlayaraq, hər dəfə əlcəkləri geyəndə özümü daha sərbəst hiss etməyə başladım”,- ter Şteqen xatırlayır. Əsas qapıçının burnundan tez-tez qan açıldığından Mark-Andre qapını qorumalı olurdu.  Amma hücumçu olmaq arzusu hələ sönməmişdi. Əslində hücumçu kimi məşqçi onu bəyənmirdi. Qaçışı, topu idarə etməsi məşqçinin ürəyincə deyildi: “Ya qapıçımız olacaqsan, ya da başqa kluba gedəcəksən. Fikirləş, qərar ver”.   Ter Sreqen çox fikirləşmədi.  Dərhal qərar verdi. Həmin vaxt onunla başqa klub maraqlanırdı və burada  hücumda oynaya bilərdi. Amma ter Şteqen Мünхеnqlаdbах-da oynamaq istəyirdi: “ 4 yaşımdan bu komandada idim. Qol vurmaq daha məni maraqlandırmırdı. Əsas məsələ isə evimizin yaxınlıqda olması və baş verənlər  idi. Məşqçi qarşıma şərt qoyanda valideynlərim boşanmışdı. Ailəm dağılmışdı. Başqa kluba keçməyim mümkün deyildi. Qərara gəldim ki, ailəmə yaxın yerdə qalım”.

 

Arxa oturacaqda onu hər gün təzə biskivit gözləyirdi

Anası bir müddət sonra başqası ilə ailə qurdu. Ter Şteqenin ögey atası ilə münasibəti pis deyildi. Lakin babasının yanında qalmaq daha rahat idi. “Doğma atamla əlaqəni tam kəsmişdim. Ögey atam isə mənə problem yaratmırdı. Amma babamın evində qalmaq mənə rahatlıq verirdi. Nənəm səhər yeməyinə ağ çörəklə marmelad hazırlayırdı. Dadını indi də unutmuram. Burada  olanda hiss edirdim ki, qayğıma qalanlar var. Babamla nənəm həmişə nəyisə müzakirə edirdi. Ailə albomuna baxırdıq. Amma onların futbolla bağlı məsləhətinə dözə bilmirdim. Babam digər qapıçılardan öyrənməyimi tövsiyə edirdi. Qulaq asmırdım. Futbolda nə edəcəyimə özüm qərar vermək istəyirdim”,- qapıçı xatırlayır.

Bütün məşqlərə onu babası öz maşınında  aparırdı. Evdən stadiona qədər olan məsafəni indi də xüsusi həvəslə xatırlayır. Çünki maşının arxa oturacağında həmişə nənəsinin bişirdiyi dadlı biskivit  onu gözləyirdi. Balaca qapıçı biskiviti yolda yeyirdi. Ümumiyyətlə, iştirak etdiyi bütün matçlardan əvvəl ailə mətbəxdə hazırlıq işləri ilə məşğul olurdu. Babası və nənəsi meyvə gətirər, anası yemək hazırlayardı. 

Danlandı və futbola daha sıx bağlandı

14 yaşı olanda futbola münasibəti tamamilə dəyişdi. Komandanın məğlub olduğu matçların birində məşqçi onu ciddi şəkildə  danladı.  Evə anasını maşınında qayıdan ter Şteqen əsəblərini cilovlaya bilmirdi: “ Düzdür, pis oynamışdım. Bunu etiraf edirəm. Amma buna görə üstümə qışqırmaq lazım deyildi. Məşqçimin hərəkətinə dözə bilmirdim. Məhz məşqçi mənə deməliydi ki, peşəkar futbolçu olmaq üçün nə etməliyəm.  Həmin hadisədən  sonra futbola daha sıx bağlandım. Başa düşdüm ki, üzərimdə işləməliyəm. Özümə qarşı ciddi olmalıydım. 15 yaşım olanda babama dedim ki, bundan sonra məşqlərə tək getmək istəyirəm.  Qərarım onun üçün asan deyildi.  Amma razılaşdı. Bununla belə, məşqin başlamasına 10 dəqiqə qalanda zəng edirdi. Bəzən bir yerdə getməklə babamın könlünü alırdım. Amma şərt qoymuşdum ki, bir daha arxa oturacaqda biskivit olmasın. Artıq böyümüşdüm. Yolda  nəsə yeməyə utanırdım”. 

“Gələcəyin ən yaxşı qapıçılarından biri olacaq”

4 ildən sonra Borussia-nın əsas heyətində yer aldı. Məşqçi Lyusen Favr 19 yaşlı qolkiperi çox bəyənirdi: “Çox ağıllı oyunu var. Bir müddət hücumçu kimi çıxış etməsinin faydası olub. Başa düşür ki, qolkiper bütün sahəni görməyi bacarmalıdır. Hücumçularla bir yerdə məşq  etməyi sevir. Gələcəyin ən yaxşı qapıçılarından biri olacaq”. Ter Steqen əsas heyətə cəlb edildikdən sonra ailəsindən xahiş etdi ki, ona mane olmasınlar. Ona elə gəlirdi ki,  anasının evdə mebelin yerini dəyişmək tapşırığı belə, futboldan yayınmasına səbəb olur. Başa düşürdü ki, ailəsini özündən uzaqlaşdırır. Amma futboldan uzaqlaşmamaq üçün hər şeyə hazır idi. Hətta bir müddət sonra ailə üzvlərinə stadiona gəlməyi qadağan etdi. Qorxurdu ki, oyun zamanı etdiyi səhvə ailə üzvləri reaksiya verə bilər. Sonralar bu fikirləri başından çıxartdı: “İkinci mövsümün oyunlarında babam stadiona gəlməyə başladı. Hətta babam və ya anam tribunada olmayanda gözüm onları axtarırdı. Ailə üzvlərim oyunu izləyəndə daha inamlı çıxış edirdim”.  

Ter Steqenin anası Borussia azarkeşi idi. Lakin sevimli komandasının oyunlarına bəzən getmirdi. “Oğlumun bu klubda keçirdiyi ilk oyunları televizorda izləyirdim. Elə həyəcanlanırdım ki, tribunada özümü itirəcəyimdən qorxurdum. Oğlumu böyük klubda görmək qəribə hiss idi. Komanda uduzanda dilxor olurdum. Mark-Andreni belə günlərdə danışdırmaq istəmirdim. Daha doğrusu, danışdıra bilmirdim. Çünki məğlubiyyətdən sonra özünə qapanır, heç kimlə danışmaq istəmirdi”, - anası xatırlayır.

Barcelona-nın göndərdiyi “kəşfiyyatçı”

2012-ci ildə Almaniyanın “Kicker” adlı idman jurnalı ter Şteqeni mövsümün ən yaxşı qapıçısı elan etdi. İki ildən sonra isə Barcelona gənc qolkiperlə mraqlanmağa başladı. Kataloniya klubunu təkcə qapıçının oyunu maraqlandırmırdı. Mark-Andrenin futboldan kənar həyatı da öyrənilirdi. Danışıqlar baş tutdu. Barcelona transfer üçün 12 milyon avro ödəməyə hazır idi. Amma buna qədər katalonların iman direktoru - 400 matçda klubun qapısını qoruyan Antoni Subisaretta ter Steqeni ətraflı öyrənmək üçün “kəşfiyyata” göndərildi. Mark-Andrenin xatirələrindən: “Subisaretta məni öyrənməyə gəlmişdi.  Bilmək istəyirdi ki, Barcelona kimi bir komandada oynaya bilərəm, ya yox. Söhbətimiz səmimi alındı. Təcrübəli qapıçı yeni komandaya keçidin hansı hisslər yaratdığını izah etdi. Keçdiyi həyat yolundan danışdı. Başqa bir ölkədə yaşamağın necə olduğunu başa saldı.  Bir sözlə, Subisaretta məni yeni həyata hazırladı. Barcelona kimi bir nəhəngin heyətində yer almağın nə demək olduğunu öyrətdi”. 

Sevdiyi qıza görə ehtiyatda qaldı

Barcelona-da keçirdiyi ilk vaxtlar çətin oldu. Ter Şteqen ispan  və ingilis dilini bilmirdi. Komanda yoldaşları, eləcə də, məşqçi ilə ünsiyyət qurmaq çətinliklə başa gəlirdi. Bir aydan sonra Rakitiçin Kataloniya klubuna transfer olunması vəziyyəti düzəltdi. Rakitiç ( 2007-2011 -ci illərdə Schalke-də oynamışdı) alman və ispan dilini bilirdi. Xorvat futbolçu ter Steqenin danışıqlarını tərcümə edirdi. Bir müddət sonra qapıçı ispan dilində danışmağı öyrəndi. Yeni qapıçının problemi təkcə dillə bağlı olmadı. 2014/15 mövsümünün ilk oyunlarını zədə səbəbindən buraxdı. Müalicə aldığı müddətdə isə klubun əsas qolkipe Klaudio Bravo oldu. Çilili ölkə çempionatının bütün oyunlarında heyətdə yer alırdı. Ter Şteqen isə İspaniya kubokunda və Çempionlar Liqasında qapını qoruyurdu. Ehtiyat oyunçular skamyasında oturmaq onu bezdirmişdi. Hətta klubdan ayrılmaq istəyirdi. 2016-cı ildə Manchester City onu heyətə gətirmək üçün danışıqlara başladı. Hər şey yaxşı sonuqla başa çatmalı, transfer alınmalı idi. Lakin bir anda hər şey dəyişdi. Jurnalistlər Luis Martin və Pol Ballusun yazdığı kitabda ter Şteqenin baş tutmayan transferinin detalları öz əksini tapıb. Sən demə, alman qapıçı Barcelona universitetində təhsil alan danimarkalı Daniela Yele adlı bir qıza görə keçiddən imtina edib. Danielanın sənədləri qaydasında olmadığı üçün Manchester universitetinə göndəriş ala bilmirdi. Ter Şteqenin danışıqları pozması onun ehtiyat oyunçular skamyasında yerini “bərkitdi”. “Daniela təhsilə ciddi yanaşırdı. Lakin Manchester Universitetinə göndəriş ala bilmədik. Qərarları bir yerdə verirdik. Barcelona-da qalmaq istəyirdim. Amma burada oyuna çıxa bilmirdim. Ehtiyatda qalmaq məni bezdirmişdi. Daniela göndəriş alsaydı, onunla birlikdə İngiltərəyə getməyə tam hazır idim. Manchester City klubu ilə razılaşmışdım. Sevinirəm ki, Barcelona-da qaldım. Daniela da, mən də burada xoşbəxtik”.

2017-ci ildə ter Şteqen və Daniela ailə qurdu. Yaxın dostları bu cütlüyü zarafatla  “əkizlər” adlandırır. Ona görə ki, biri-birindən ayrı qalmır, hətta məşqə bir yerdə gedirlər. Ter Şteqen indi Barcelona-nın əsas qapıçısıdır. Verdiyi müsahibələrdə Oliver Kan barədə xoş sözlər deyir, Valdesə oxşamaq istəmədiyini bildirir: “Valdes stilində oynamaq istəməzdim. Oliver Kan həmişə xoşuma gəlib. Onu kumir hesab edirəm”.

Mark-Andre həyat yoldaşı Daniela ilə birlikdə Barcelona şəhərinin mərkəzində, məşhur Ramble parkının yaxınlığında yaşayır. Yerli sakinlərdən fərqlənmir: alış-veriş üçün bazara gedir, küçədə qoyulan stollarda oturub kofe içməyi xoşlayır. Qonşuları ilə isti münasibət saxlayır. Alman qapıçının ən böyük arzusu həyata keçib: onu ilk məşqlərə aparan, dəyərli məsləhətlər verən, hər gün təzə biskivitə qonaq edən babası indi nəvəsinin oyunlarını “Kamp Nou”da izləyir.