Nani: "Qarabağ Sporting-lə görüşə yaxşı hazırlaşmışdı"


İdman 21 Sen 2018 12:26:00 276 0

Nani: "Qarabağ Sporting-lə görüşə yaxşı hazırlaşmışdı"

"Oyun bizim üçün çətin keçdi. Rəqibimiz görüşə yaxşı hazırlaşmışdı. İlk hissədə qol şansları yaratmağımıza baxmayaraq, hesabı aça bilmədik. İkinci hissəyə daha istəkli çıxdıq və əlimizə düşən ilk fürsətdə hesabı açdıq”.

Goal.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, bunu Portuqaliya Sporting-inin kapitanı Luiş Nani Lissabonda Qarabağ-a 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra deyib.

Portuqaliyalı hücumçu ilk qolun ötürməsini verərək, komandaya kömək etdiyi üçün xoşbəxt olduğunu bildirib: “Hesabın açılmasında iştirak etdiyim üçün şadam. Komandaya 3 xal qazanmaqda kömək etdim. Doğru yolda irəliləyirik və belə də davam etməliyik”.

Yer aldıqları E qrupundakı vəziyyəti dəyərləndirən 32 yaşlı forvard Arsenal-ın qrupun favoriti olduğunu söyləyib: “Bu komanda Çempionlar Liqası səviyyəsindədir. Nəzəri cəhətdən qrupun favoritidir. Ancaq biz də öz gücümüzü göstərib Arsenal ilə oyunlarda 6 xal qazanmağa çalışacağıq. İndiki vəziyyətdə futbolda dəqiq favorit olan komanda yoxdur”.