Obameyanq Bakıya kubok üçün gəlmək istəyir


İdman 21 Sen 2018 11:16:00 223 0

Obameyanq Bakıya kubok üçün gəlmək istəyir

Arsenal-ın futbolçusu Pyer-Emerik Obameyanq Vorskla-ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra fikirlərini bölüşüb.

Goal.az xəbər verir ki, 29 yaşlı forvard məqsədlərinin kuboku qazanmaqdan ibarət olduğunu bildirib: “İlk hissədə və ikinci hissənin əvvəllərində yaxşı oynayıb dörd qol vura bildik. Lakin məqsədlərimizə çatmaq üçün inkişaf etdirməli olduğumuz məqamlar var. Son dəqiqələrdə etdiyimiz bəzi səhvlərə görə qollar buraxdıq. Əlbəttə, biz Avropa Liqasını qazanmaq istəyirik. Bu turnir mənim üçün xüsusidir. Çünki keçən il Avroliqada oynaya bilməmişdim. Yenidən bu yarışa qayıtdığım üçün özümü xoşbəxt hiss edirəm. Finala qədər irəliləyib kuboku qazanmaq istəyirik. Ümid edirəm ki, növbəti oyunlarda da yaxşı performans sərgiləyəcəyik”.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq Borussia-da çıxış etdiyi vaxt Qəbələ-nin qapısına Bakıda 3 (1:3), Dortmundda 1 qol (4:0) vurub.  Bu mövsüm Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Arsenal nöbəti oyununu oktyabrın 4-də məhz bu arenada Qarabağ-a qarşı keçirəcək.