Alman baş məşqçinin həyat hekayəsi: 30 illik staj, 10 komanda, 10 titul və narkotik


İdman 30 Avq 2018 20:00:00 308 0

Alman baş məşqçinin həyat hekayəsi: 30 illik staj, 10 komanda, 10 titul və narkotik

90- cı illərin ən yaxşı məşqçilərindən biri olan Kristof Daum bir ilə yaxındır ki, gorünmür. Deyilənlərə görə, ömrünün 30 ilini məşqçilik peşəsinə həsr edən mütəxəssis indi işsizdir. 2017-ci ildə Rumıniya millisinin baş məqçisi olan Daum mətbuat konfranslarının birində gələcəyi ilə bağlı suala hirslənmişdi. O, rumın jurnalistləri “bulanıq suda balıq tutmaq”da günahlandırmışdı. Hətta alman mütəxəssis özünü zala toplaşan jurnalistlərdən “daha yaxşı rumın” adlandırmaqdan çəkinməmişdi. Baş məşqçini növbəti mətbuat konfransında sürpriz gözləyirdi: jurnalistlər ona tilov gətirmişdilər. Hirsindən dodaqlarını gəmirən Daum coşmuşdu:

“Sizi bura nəyə çağırıblar. Siz nə zaman idman jurnalisti olacaqsınız. Məncə, futboldan anlayışınız yoxdur. Mən bura gəlmişəm ki, futboldan danışım. Rumıniyanın idman qəzetləri balıq bükməkdən başqa heç nəyə yaramır”. Ölkənin idman mətbuatı bu sözdən sonra baş məşqçini “təlxək” adlandırmağa başladı. Cəmi bir aydan sonra Daum postundan ayrılmalı oldu. Daha doğrusu, Rumıniya millisi DÇ- 2018 - in final mərhələsinə çıxa bilmədiyi üçün alman mütəxəssis komandadan qovuldu.

“Alman maşını” sınmışdı

Gəlin, Daumun Rumıniya millisindən əvvəl keçdiyi yola nəzər salaq. 2000 – ci ildə 46 yaşlı Kristof Almaniya millisinə rəhbərlik etməyə çox yaxın idi. Həmin vaxt o, Bayer Leverkuzen klubunu çalışdırırdı. Millinin Avropa çempionatında uğursuz çıxışından sonra Erix Ribbek istefaya göndərilməli idi. 1990- da İtaliyada keçirilən mundialda qazanılan qələbədən sonra komanda bir qədər zəifləmişdi. “Alman maşını”1996-da qitə çempionu olsa da, əvvəlki gücü qalmamışdı. ABŞ (1994) və Fransada (1998) keçirilən dünya çemionatlarının 4/1 finalında məglub olan almanlar artıq “təhlükə” yaratmırdılar. 2000- ci ilin qitə çempionatı ərəfəsində alman millisi rəqibləri ilə müqayisədə xeyli zəif görünürdü.

Almanların qrupu o qədər güclü deyildi. Bununla belə, Ribbekin komandası çətinlik çəkməli oldu. Almanlar səfərdə Türkiyə millisinə məğlub oldu. Münhendə keçirilən cavab görüşündə isə qolsuz bərabərlik qeydə alındı. Türklər ikinci oyunda qalib gəlsəydi, almanların vəziyyəti daha ağır olacaqdı. Təsnifat mərhələsi Ribbekin komandasına uğur gətirmədi. “Alman maşını” qrupda qaldı. Rumıniya ilə heç – heçə (1:1) edən almanlar İngiltərə millisinə (1:0) və Portuqaliyaya (3:0) uduzdular. Millinin tarixində ən aşağı statistika ilə (24 matçda 10 qələbə) yadda qalan Ribbek istefaya göndərildi. Almaniya Futbol İttifaqı komandanı Kristof Dauma həvalə etməyə hazırlaşırdı.

Kristofun futbolçu karyerası parlaq deyildi. Həvəskarlardan ibarət Xamborn-07 komandasında , Ayntraxt (Duysburq) və Köln-də 10 il top qovmuşdu. 27 yaşında Almaniya Futbol İttifaqının məşqçilik lisenziyasını alan Daum Köln klubunun (həvəskarlar) məşqçisi seçilmişdi. 1985/86 mövsümündə o, peşəkarlardan ibarət Köln klubunun məşqçisi Qeorq Kesslerin köməkçisi təyin edildi. Kessler- Daum dueti komandanın bundesliqada yüksək yer tutmasına kömək etmədi. Köln turnir cədvəlinin ortalarında “var -gəl “ edirdi. 1986-da Köln UEFA kubokunun finalında mübarizə aparmağa nail oldu. Burada onu Real gözləyirdi. İspan klubu belə turnirlərin finalında uduzmağa adət etməmişdi. Həmin illərdə finalda iki oyun kecirilirdi. İlk oyun Santyaqo Bernabeuda oldu. 29 -cu dəqiqədə Köln-ün futbolçusu Klaus Allofs hesabı açdı. “Kral klubu” almanların bu qoluna 5 topla cavab verdi. Cavab görüşü formal xarakter daşıyırdı. Almanlar bu oyunda qalib gəldilər-2: 0. Lakin bu qələbə finalın ümumi nəticəsinə təsir etmədi. Real kubokun sahibi oldu. Növbəti mövsümdə Kessler klubdan getdi . Beləlıklə, 34 yaşlı Daum ilk dəfə peşəkar klubun baş məşqçisi oldu.

“Start fiti” Almaniyanı qarışdırdı

Yeni mövsüm Köln üçün uğurlu başladı. Çempionatda 7 oyunda ardıcıl qələbə əldə edildi. Sonradan isə hər şey tərsinə döndü. Turnir cədvəlində 10-cu yeri tutan Köln son altı oyunda qələbə üzünə həsrət qaldı. 1987 –ci ildə Köln-ün qolkiperi Xarald Şumaxerin dərc etdiyi “ Start fiti” kitabı Almaniyada skandal yaratdı. Şumaxer kitabda Almaniya millisinin futbolçularının dopinqdən istifadə etdiyini yazmışdı. Qolkiper 1984/85 mövsümündə UEFA kubokunda Köln futbolçularının Moskvanın Spartak komandasına məhz dopinq sayəsində qalib gəldiyini qeyd etmişdi. Almaniyada aləm bir -birinə dəymişdi. Şumaxer millidən və klubdan qovuldu. Köln üçün böyük itki idi. Amma komanda 1987/88 mövsümündə Bundesliqada inamla oynamağa başladı. Cempionatın yalnız 15- ci turunda məglub oldu. Mövsümün sonunda 3 - cü yeri tutan Köln yalnız Bavariya və Verder-dən geri qaldı. Sonrakı iki mösümü Daumun komandası ikinci yerdə başa vurdu. O dövrün ən məşhur klubu olan Bavariya-nı çempionluq zirvəsindən endirməyə Köln-ün gücü çatmırdı. 1990 -cı ildə Daumun komandası UEFA kubokunda Yuventus-a iki oyunun nəticəsinə görə (3:2) uduzaraq finala adlaya bilmədi. Mövsümün uğurlu olmasına baxmayaraq, Daum komandadan qovuldu. Heç bir izahat verilmədi. Gözlənilməz qərar şəxsən klubun prezidenti Ditmar Arçinqer -Bolten tərəfindən qəbul edilmişdi. Köln klubu Daumdan əvvəl heç vaxt yüksək nəticə göstərməmişdi. Amma onu qovdular. Deyilənlərə görə, komandadan uzaqlaşdırılması ailə problemi ilə bağlı olub. Amma bu, inandırıcı deyil. Ailə problemi olan məşqçi, adətən, istefa verir. Daum isə heç bir xəbərdarlıq olunmadan qovulmuşdu. Baş məşqçinin hansı səbəbdən qovulmasının sirri yalnız 10 ildən sonra üzə çıxdı. Sən demə, ortada narkotik söhbəti var imiş (bu barədə aşağıda ətraflı məlumat veriləcək).

Yeni klub, yeni qələbələr

Köln-dən qovulduqdan sonra Daum qısa müddət işsiz qaldı. Noyabr ayında Ştutqart ona təklif göndərdi. Komanda turnir cədvəlində 15-ci yerdə idi. Yalnız vurulan və buraxılan qolların fərqinə görə daha aşağı pilləyə düşmürdü. 37 yaşlı Daum təklifi qəbul etdi.

Yeni klubda işlər elə ilk günlərdən dramatik vəziyyət aldı. Baş məşqçi postunu cəmi 4 gün əvvəl qəbul edən Kristof növbəti oyunda köhnə komandası Köln-lə qarşılaşmalı oldu. Matç gərgin keçdi. Ştutqart ikinci hissənin əvvəllərində 2:0 uduzurdu. Lakin komanda həmin görüşü 3:2 hesablı qələbə ilə başa vura bildi. Kristofun yeni komandası turnir cədvəlində yavaş – yavaş irəliləyirdi. Bundesliqanı tərk etmək qorxusu artıq yox idi. Daumun indiki və köhnə klubunun ikinci dövrədəki qarşılaşması daha maraqlı oldu. Stuttgart Köln klubunu darmadağın etdi-6:1. Mösümün nəticəsinə görə, komanda Avropa kubokunda mübarizə aparmaq hüququ qazandı.

1991/92 mövsümü Bundesliqa tarixinin ən maraqlı mösümü oldu. Uzun müddət çempionluğu heç kimə verməyən Bavariya “laxlamışdı”. Komanda turnir cədvəlinin onuncu pilləsində yer almışdı. Birinci yer uğrunda mübarizə Eintracht, Borussia və Stuttgart arasında gedirdi. Təəccüblü olsa da, hər üç komanda 50 xal toplamışdı.Vurulan və buraxılan topların fərqinə görə Eintracht birinci pillədə idi. Stuttgart ikinci , göstəriciləri daha aşağı olan Borussia isə üçüncü yerdə qərarlaşmışdı. Vəziyyəti daha da dramatikləşdirən hər üç komandanın son turda eyni gündə və eyni saatda oynaması idi. İddialıların üçü də səfərdə mübarizə aparırdı. Borussia Dyusburqda elə ilk dəqiqələrdə hesabı açdı. Daumun komandası Bayer-dən qol buraxdı. Eintracht – Ganso matçında hesab açılmamışdı. Fasiləyə qədər Stuttgart hesabı bərabərləşdirə bildi. Elə həmin anlarda Aytraxt qapısında qol gördü. Bir neçə dəqiqədən sonra Daumun komandası azlıqda qaldı. Ayntraxt hesabı bərabərləşdirdi. Amma komanda yenidən qol buraxdı. Hər üç matçın başa çatmasına 4 dəqiqə qalanda Qvido Buxvaldın başla vurduğu zərbə bütün suallara aydınlıq gətirdi. Ştutqart Almaniya çempionu oldu. Kristof Daum 17 ay əvvəl 14- cü yerdə olan Stuttgart- la ilk və ən yüksək mükafatını qazandı. Məşqçinin həmin vaxt 39 yaşı var idi. Hamıya elə gəlirdi ki, onu parlaq karyera gözləyir. Ancaq , necə deyərlər, uğur mələyi Daumdan üz çevirdi. 1992-ci ilin sentyabrında Çempionlar liqasında almanlar İngiltərənin Leeds klubu ilə qarşılaşdı..İngilislər 2:1 hesablı qələbə qazandılar. Bu məğlubiyyətdən sonra Stuttgart tamamilə dəyişdi. Komanda toparlana bilmirdi. Bundesliqa çempionu turnir cədvəlində 7-ci yerdə qərarlaşdı və Avrokubok oyunlarında iştirak edə bilmədi. 1993/94 mövsümündə Daum Stuttgart-dan ayrıldı. O, xarici ölkələrin birində çalışmaq istəyirdi.Yeni klub tapmaq üçün çox gözləmək lazım gəlmədi . Cəmi bir aydan sonra alman mütəxəssis Türkiyənin Beşiktaş komandasında çalışmağa başladı. 94 -cü ildə Beşiktaş Türkiyə kubokunu əldə etdi. Finalda Qalatasaray-la oyunda Daumun yetirmələri daha yaxşı oyun göstərə bildilər. Daha sonra Beşiktaş ölkə Superkubokunu başı üzərinə qaldırdı. Növbəti mövsüm daha uğurlu oldu. Alman mütəxəssisin komandası Türkiyə çempionu adını qazandı. Amma 1995/96 mövsümündə Fenerbahçe olkə çempionu adı uğrunda mübarizədə Beşiktaş-ı üstələdi. Daum yenidən Almaniyaya qayıtdı. Burada onu Bayer Leverkuzen-dən təklif gözləyirdi. Komanda titullu məşqçi ilə müqavilə bağlamaq niyyətində idi.

“Cənab ikinci yer”

Əvvəlki mövsümdə çox çətinliklə Bundesliqada qalmağı bacaran Leverkuzen yeni məşqçinin gəlişindən sonra toparlana bildi. Növbəti dörd ildə komanda ilk üçlükdə yer aldı. Daumun komandası üç dəfə ardıcıl ikinci yeri tutdu. Çempionluq bu klubdan yan keçirdi. Məhz həmin dövrdə alman mətbuatı Daumu “Cənab ikinci yer” adlandırmağa başladı. Daum Almaniyanın ən perspektivli məşqçilərindən biri idi. Onu tez- tez mühüm tədbirlərə dəvət edirdilər. Fərdi mükafatları ildən -ilə çoxalırdı.1997/ 98 mösümündə Leverkusen Çempionlar liqasının ¼ finalına yüsəldi . Bu mərhələdə rəqib Real idi. Birinci oyunda qalib müəyyənləşmədi-1:1. Cavab matçında Leverkusen qapısından 3 cavabsız qol buraxdı.

Növbəti mövsümdə ölkə çempionluğu üçün əla şans yaranmışdı. Leverkuzen birinci yerdə olan Bavariya- dan cəmi 3 xal geri qalırdı. Lakin sonuncu turda 2:0 hesablı məğlubiyyət hər şeyi alt-üst etdi. Bavariya ev oyununda Verder komandasına asanlıqla məğlub edərək çempion oldu. Leverkuzenlilər yüksək mükafatdan yenə də kənarda qaldılar. Bununla belə, Daum Almaniya Futbol İttifaqının diqqətini çəkən əsas məşqçi idi. O, milli komandaya əsas namizəd sayılırdı. İşlədiyi komandalarla əldə etdiyi uğurlar onun alman millisini çalışdırmasına imkan verirdi. Daum artıq təcrübəli bir mütəxəssis idi və onun təcrübəsindən yararlanmaq olardı. Əvvəlcə bu barədə pıçıltı ilə danışılırdı. Sonradan ölkə qəzetlərinin əsas xəbərinə çevrildi.

“Narkotiksiz futbol”

90-cı illərin sonlarında Almaniya Futbo İttifaqı “Narkotiksiz futbol” adlı təbliğat kampaniyasına start verdi. Kampaniya çərçivəsində müxtəlif tədbirlər keçirilirdi. Alman futbolunun keçmiş ulduzları, azarkeşlər bu kampaniyada akiv iştirak edirdilər. Cəmiyyətə təklif edilmişdi ki, narkotikdən istifadə edən futbolçular, eləcə də məşqçilər barədə bildikləri məlumatları gizlətməsinlər. Bu cür məlumatlar anonim şəklində çatdırıla bilərdi. Lakin son illər Leverkuzen –in əsas rəqibinə çevrilən Bavariya klubunun baş məşqçisi Uli Xenes etik normaları pozdu. Münhenlilərin baş məşqçisi aşkar şəkildə bəyan etdi ki, Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçiliyinə namizədi diqqətlə öyrənməlidir. Söhbət Kristof Daumdan gedirdi. Xenses bəyan etdi ki, Daum kokain istifadəçisidir və boş vaxtlarını bahalı hotellərdə qadınlarla keçirir. Bu bəyanat Almaniyada bomba partlayışı effekti yaratdı. Ölkə vətəndaşları iki yerə bölünmüşdü: Xenesi haqlı sayanlar, Daumu müdafiə edənlər. Bu iki məşqçinin teledebatı , demək olar ki, ölkənin hər yerində izləndi. Teledebatda məşqçilər bir -birini təhqir etməkdən çəkinmədilər.

Xenes bütün müsahibələrində Daumu pisləyir, onu cəmiyyətin gözündən salmağa çalışırdı. Mətbuat kimin haqlı olduğunu dayanmadan araşdırır, bu mövzu ilə bağlı xəbərlər az qala hər gün manşetə çıxarılırdı. Nəhayət, Daum xüsusi mətbuat konfransında bəyan etdi ki, narkotiklə bağlı sübhələrə son qoymaq üçün qan, sidik və saç analizindən keçməyə hazırdır: “Bunu etməklə vicdanımın təmiz olduğunu hamıya göstərmək istəyirəm”. Qalmaqal ölkənin keçmiş futbolçularının da diqqət mərkəzində idi. Franz Bekkenbauer Xenesi müdafiə erdərək bəyan etdi ki, Daum Köln komandasından qovulanda da onun haqqında xoş olmayan xəbərlər yayılmışdı. “Daumun Köln-dən qovulması hələ də sirr olaraq qalır. Məncə, bu məsələyə analizlərdən sonra aydınlıq gətiriləcək. Lakin analizlərin nəticəsi təmiz olarsa, Daum millinin baş məşqçisi postuna təyin olunmalıdır”,- Bakkenbauer bildirmişdi. Sabiq futbolçulardan Paul Braytner isə bildirirdi ki, bu məsələnin hansı formada başa çatmasından asılı olmayaraq, Almaniya fubolu ən yaxşı məşqçilərindən birini itirməli olacaq. Almaniya millisinin ilk qaradərili futbolçusu Cimmi Xartviq isə tonqalı daha da alovlandırdı: “Daum özünə haqq qazandırmağa çalışır. Onunla bağlı deyilənlər doğrudur. Mən bunları dəqiq bilirəm. Məndən başqa bir neçə adam da bunları bilir. Daum əməllərinə görə cavab verməlidir”.

Oktyabrın 20- də Almaniya yeni bir xəbərlə şok yaşadı : Daumdan götürülən analiz müsbət nəticə vermişdi. Perpesktivli məşqçi narkotik aludəçisi idi. Leverkusen dərhal onu qovdu. Almaniya Futbol İttifaqı isə Daumla bağladığı müqavilənin birtərəfli qaydada pozulduğunu bəyan etdi. Müqaviləyə görə, Kristof Daum 2001-ci il iyunun 1-dən milli komandanın baş məşqçisi postuna gətirilməli idi. Baş verənlərdən sonra məşqçi Floridaya köçdü. Qalmaqalın qalibi Uli Xenes isə Almaniyada qaldı.

Türkiyə, Avstraliya, Almaniya ...

Daum 2001-ci ilin yanvar ayında vətənə qayıtdı. O, narkotiklərdən nadir hallarda istifadə etdiyini etiraf etdi. Lakin narkoman olmadıgını bildirdi. Burada ona cinayət işi açıldı. Keçmiş məşqçi 10 min avro cərimə ödəməli oldu. Bəlkə də, digər mütəxəssislər bu cür qalmaqaldan sonra iş tapa bilməzdi. Hətta karyerasına son qoyardı. Daum belələrindən fərqlənirdi. Alman mütəxəssis cəmi 5 ay işsiz qaldı. Elə həmin ilin mart ayında yenidən Beşiktaş klubuna qayıtdı. Müalicə kursu keçərək nüfuzunu bərpa etməyə çalışan məşqçi hər şeyin arxada qaldığını bildirdi. Həmin mövsümdə Beşiktaş ölkə kubokunun final mərhələsinə vəsiqə qazandı. İlk baxışdan hər şey əla görünürdü. Rəhbərlik yeni məşqçidən razı idi. Amma Daum mövsüm başa çatan kimi Türkiyədən ayrıldı. Heç nə demədən. Bir müddət sonra Venanın Austuriya komandasına dəvət aldı. Burada 2002/03 mövsümündə ölkə kubokunu qazandı. 2003-cü ilin iyun ayında yenidən Tirkiyəyə gəldi. Bu dəfə Fənərbahçe komandasına rəhbərlik etməyə başladı. Klub Daumun rəhbərliyi altında iki dəfə ölkə çempionu titulunu qazandı. 2006 -cı ildə sağlamlığını bəhanə edən məşqçi komandadan ayrıldı.

Qeyri-adi qərarları ilə tanınan alman məşqçi noyabr ayında atdığı addımla Köln azarkeşlərini təəccübləndirdi. Daum 16 ildən sonra köhnə komandasına qayıdırdı. Həmin vaxt klub Bundesliqanın ikinci divizionunda “sürünürdü”. Daum hər şeyi yoluna qoymağı bacardı. Növbəti mövsümdə Köln yüksək liqaya qayıtdı. Məşqçi isə bir ildən sonra isə klubdan ayrıldı. Heç bir səbəb olmadan, heç nə izah etmədən. 2009-cu ildə bir daha Türkiyə yolu tutan Daum burada Fenerbahçe –nin məşqçisi oldu. Elə həmin il Türkiyə superkubokunu qazandı və klubdan ayrıldı. Ailə vəziyyətinə görə. Almaniyaya qayıtdıqdan sonra burada cəmi iki ay Ayntraxt-ı çalışdırdı. Komanda Bundesliqadan , məşqçi isə komandadan ayrıldı. 2011-ci ilin noyabr ayından 2012-ci ilin may ayına qədər Belçikanın Brügge komandasına rəhbərlik edən alman məşqçi kluba gümüş medal qazandıra bildi. Lakin ailəsini bəhanə edərək buradan ayrıldı. Sonradan Türkiyənin Bursaspor komandasını çalışdıran alman məşqçi yeddi aydan sonra bu klubu tərk etdi. Bundan sonra karyerasında uzun bir fasilə yarandı . 2016-cı ildə Daum yenidən beynəlxalq karyerasını davam etdirmək şansı qazandı. O, Rmıniya millisindən gələn təklifi qəbul etdi. Bu dəfə qalmaqal yaşanmadı. Rumın idman mətbuatı “təlxək” adlandırdığı Daumun gəlişini sakit qarşıladı. Yuxarıda qeyd etdiyimiz kimi, millini mundiala apara bilməyən alman mütəxəssis bir ildən sonra geri göndərildi.

“Futbolun pis oğlanı”, yoxsa istedadlı məşqçi?

Ömrünün 30 ilini futbolda keçirən Daum “pis oğlan” obrazı yaratsa da, onun istedadı müzakirə olunmur. Hətta əksəriyyər bu “pis oğlana” hörmətlə yanaşır. Bir vaxtlar Daumun həyatını məhv etməyə çalışan, vergilərdən yayındığına görə iki ilə yaxın həbsxana həyatə yaşayan Uli Xensesdən fərqli olaraq Daum nüfuzunu qoruya bildi. Demək olar ki, Kristofun ən yaxşı illəri arxada qalıb. O, ən böyük mükafatını 2009-cu ildə qazanıb. Sonralar məşqçisi olduğu 4 komanda arasında ən yaxşı nəticə Brügge klubuna məxsusdur:2012 -ci ildə Belçika çempionatında ikinci yer.

Kristof bir ilə yaxındır ki, işləmir. Arada televiziya kanallarında ekspert kimi çıxış etmək istedadlı məşqçi üçün iş sayıla bilməz .