Qvardiolanın məşqçilik yolu - doğum evində öyrəndi


İdman 28 Avq 2018 14:06:00 270 0

Qvardiolanın məşqçilik yolu - doğum evində öyrəndi

Məşhur məşqçi Pep Qvardiola futbolçu karyerasını 2006-cı ildə Meksikada başa vurub. Futboldan ayrıldıqdan cəmi 7 ay sonra Barcelona B komandasının baş məşqçisi postuna dəvət alıb.

Goal.az xəbər verir ki, eni baş məşqçinin təqdimatı təmtəraqlı keçməyib: sakit və biraz da ciddi formada keçirilən tədbirdə komanda üzvlərindən başqa kimsə olmayıb. O vaxt Qvardiolanı tanıyanlar onun gələcəkdə dahi bir məşqçi olacağını bilmirdilər.

"Mənə heç kim təklif göndərməmişdi. Zəng də edilməmişdi. Sadəcə, Tanrının bir şansı idi. Bu şansdan yararlanmaq lazım idi və bunu etdim. Məşqçi olmaq arzum idi. Hansı komanda olursa olsun, mənə fərqi etməzdi”, - deyə sonralar Qvardiola bildirmişdi.

2006-2007 mövsümündə Barcelona B İspaniyanın 4-cü divizonuna düşdü. 18 bölgəni əhatə edən bu divizionun hər liqasında 21-23 komanda yarışırdı. Həvəskarlarlardan ibarət bu komandaların normal stdionu yox idi. Oyunlar daha çox süni örtüklü meydançalarda keçirilirdi. Qvardiolanın köməkçisi o zamanları belə xatırlayır: “Bizim üçün çox çətin bir dövr idi. Liqada mübarizə aparan komandaların əksəriyyətində veteran futbolçular yer almışdı. Biz isə gəncləri dəvət etmişdik. Pep komandanın uğurları naminə bütün çətinliklərə dözürdü. Gənclərlə çalışmaq ona zövq verirdi”.

Qvardiola təqdimatdan iki gün sonra komandanın qarşısında çıxış etdi. Yeni baş məşqçi klubdan bütün oyunlarda qələbə tələb etmədi. Futbolçulardan tələb etdi ki, hər oyunda maksimum bacarıq, əzmkarlıq göstərsinlər. Klubun keçmiş kapitanı Mark Valyente xatırlayır: “Yeni məşqçini yaxşı tanımırdıq. Düzü, komandadan getmək istəyirdim. Amma Qvardiolanın bizimlə söhbətindən sonra fikrimi dəyişdim. Pep dedi ki, dördüncü divizion bu komanda üçün deyil. Komandamızın səviyyəsi yuxarı liqalarda mübarizə aparmağa imkan verir. Pep inamlı sözləri ilə bizi ruhlandırdı. İnandıq ki, onunla irəli gedə bilərik. İntizama ciddi yanaşırdı. Yadımdadır, bir dəfə məşqin qurtarmasına beş dəqiqə qalanda zaldan çıxdım. Pep məni növbəti oyunda meydana buraxmadı”

Qvardiola normal bir komanda yaratmaq istəyirdi. İstedadlı uşaqlar axtarır, gələcək rəqiblərinin matçlarını izləyirdi. İşlər yavaş-yavaş yoluna düşürdü. Pep klubda islahatlar aparmağı nəzərdə tutmuşdu. Üçüncü divizionda mübarizə aparan Barcelona C komandası ilə Barcelona B komandasını birləşdirmək, futbolçuları sayını 50-dən 20 –yə endirmək islahatların əsas məqsədi idi. Qvardiola 21 yaşdan yuxarı futbolçuları komadadan uzaqlaşdırmağa başladı. Belələri, ya yuxarı komandalara göndərilir, ya da transferə çıxarılırdı. Yeri gəlmişkən deyək ki, 16 yaşlı Tiaqo Alkantara, 18 yaşlı Serxio Buskets və 19 yaşlı Pedro Barcelona B komandasının heyətində məşq edirdi. İki komandanı birləşdirmək, futbolçular arasında seçim etmək asan deyildi. Kabinetinə çəkilən Qvardiola saatlarla düşünür, 27 futbolçunu necə seçəcəyini götür-qoy edirdi. Heyətdə yer almayan gəncləri incitməmək üçün onlara mümkün olduqca yeni klublar axtarıb tapır, valideynləri ilə söhbətlər aparırdı. Komandanın təlim-məşq proseslərində videoanalizlərdən yararlanmaq Qvardiolanın adəti idi. Belə analizlər vasitəsilə rəqiblərin oyun üslubunu öyrənmək daha asan olurdu. Barçelona B klubunun sabiq futbolçusu Qay Asulin xatırlayır: “Videoanalizlər 10 dəqiqə davam edirdi. Pep bütün məlumatları 10 dəqiqəlik videoçarxlara yerləşdirirdi. Bu müddət ərzində çox şey öyrənə bilirdik. Pep fərqli biri idi. Çalışırdı ki, futbolun bütün incəliklərini bizə öyrətsin.Stadiona hamıdan tez gələr, hamıdan sonra gedərdi. Matçlara ciddi hazırlaşmaq, bütün bacarığımızı ortaya qoymaq onun tələbi idi. Futbolçuları informasiya ilə yükləməyi sevməzdi”.

Qvardiola yetirmələrinə səmimi münasibət göstərirdi. Bununla belə, komandada intizam qaydalarını pozan lara güzəşt etmirdi. Siqaret çəkmək qəti qadağan olunmuşdu. Məşqçi oyunçuların qida rejimini də nəzarətdə saxlayırdı. Bazada və avtobusda telefondan istifadəyə icazə verilmirdi. Məşqə yubanan futbolçu 120 avro cərimə ödəməli idi. Komanda bazada olarkən saat 24:00-da yatmalı idi. Rejim qaydasına əməl etməyənlər birinci dəfə 1500, ikinci dəfə 3000 avro cəriməyə məruz qalırdı. Yuxu rejimini üç dəfə pozan futbolçu komandadan qovulurdu. Bir sözlə, Qvardiola dəmir intizam tərəfdarı idi

Kroyfun məsləhətləri bəhrəsini verdi

Gərgin əməyə, davamlı məşqlərə baxmayaraq işlər yaxşı getmirdi. Barcelona B elə ilk oyunda Banoles komandasına məglub oldu. Qvardiolanın debüt matçına 2000 nəfər azarkeş gəlmişdi. Lazımi dəstəyə baxmayarq komanda məğlub oldu. Məğlubiyyət seriyasına son qoymaq mümkün olmurdu. Dördüncü turda Manres-ə məglub olan Barcelona B azarkeşlərin gözündən düşməyə başladı. Kataloniya mətbuatı Qvardiolanı kəskin şəkildə tənqid edirdi. Nəsə etmək lazım idi. Qvardiola həmin günləri belə xatırlayır: “Növbəti məğlubiyyətdən sonra başa düşdüm ki, dəyişiklik lazımdır, nəsə etməliyəm. Futbolçularıma dedim ki, yaxşı futbol göstərmək bizim üçün əlçatmaz deyil. Bunu bacararıq. Sadəcə, dəyişməli, özümüzə inanmalıyıq. Komandama güvənirdim. Bilirdim ki, gələcəkdə hər şey yaxşı olacaq”. 

Qvardiola futbol ulduzu Yohan Kroyfa zəng etməli olur. Onların nə danışdıqları bilinmir. Amma məhz bu söhbətdən sonra Barcelona B ardıcıl 8 matçdan qalib ayrılır. "Həmin mövsüm Kroyfa tez-tez zəng edir, görüşürdük. Dahi futbolçu mənə məsləhətlər verirdi. Futbolçularla soyunub-geyinmə otagında necə söhbət etməyi, problemləri necə həll etməyi ondan öyrəndim. Kroyf mənə təkcə məşqçilik işini öyrətmədi, həm də futbolun fəlsəfəsini başa saldı. Mətbuatın təzyiqlərinə davam gətirməyi öyrəndim”, - deyə Qvardiola bildirir.

Yeni məşqçi ardıcıl 3 qələbədən sonra komandasına restoranda nahar alacağına söz verir. Onun bu metodu işə yarayır. Komanda 22 oyundan 16-sında qalib gəlir. Qvardiola Barcelona-nın adət etdiyi 4-3-3 sxemini bir kənara qoyaraq 3-4-3 sxeminə üstünlük verirdi. Taktiki və texniki yeniliklər klubun yeni qələbələrində əhəmiyyətli rol oynayırdı. 

Qvardiola komandasının futbolçularına xoş münasibət göstərirdi. Mülayim davranırdı. Bəzən isə sakit, mülayim Qvardiolanı tanımaq olmurdu. Onu qəzəbli, hər şeyi alt-üst etməyə hazır olan biri əvəzləyirdi. 2007-ci ildə soyunub–geyinmə otagında etdiyi çıxış tez bir zamanda mətbuatda yer aldı. Adətən, belə çıxışlar gizli saxlanılırdı. Digər tərəfə isə informasiya sızmışdı. Qvardiola hesab edirdi ki, klubda satqın var. O, iki nəfərdən şübhələnirdi. Həmin iki futbolçu Qvardiolanı eşitmir, onun nüfuzuna xələl gətirirdi. Bununla belə, hər ikisi vacib oyunçular sayılırdı. Pep vəziyyətdən çıxmaq üçün yenə də Kroyfa müraciət edir. “Hər ikisini qov. Ola bilsin ki, bir neçə matçda məglub olarsan. Amma soradan qələbələr əldə edəcəksən. Həmin iki futbolçu komandada olmayacaq”, - deyə məşhur futbolçu bildirir. 

2007-ci ildə Barcelona prezidenti Laportanın yaxınları Qvardiolaya maraq göstərməyə başladılar. Onlar əsas komandanı məhz Qvardiolaya həvalə etməyi düşünürdülər. Laporta bu seçimə şübhə ilə yanaşırdı. O, Barcelona kimi bir nəhəng klubu Qvardiolaya etibar etmək istəmirdi. Amma hər şey dəyişdi. Əsas komandanın direktorlar şurasında yer alan Yohan Kroyf, Çiki, Rafael Yust və digərləri Laportanı fikrindən döndərə bildi.

Pep Qvardiola dünya nəhəngləri arasında öz yeri olan Barcelona-nın baş məşqçisi təyin olunması xəbərini doğum evində öyrəndi. Həmin gün (6 may, 2008-ci il) Qvardiolanın Valentina adlı ikinci qızı anadan olmuşdu.