Topaz Premyer Liqasında III tura start verilir


İdman 25 Avq 2018 09:43:00 348 0

Topaz Premyer Liqasında III tura start verilir

Bu gün futbol üzrə Topaz Premyer Liqasında III tura start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq. Həftənin açılış qarşılaşması Qəbələdə olacaq. Burada şəhərin eyni adlı təmsilçisi “Sumqayıt”ı qonaq edəcək.

“Sumqayıt”la “Qəbələ” yeni mövsümə fərqli formada başlasa da, hər ikisinin 3 xalı var və müvafiq olaraq, 2 və 3-cü pillələrdə qərarlaşıblar. Maraqlıdır ki, hər iki kollektiv “Neftçi”yə uduzub. Əvəzində, “qırmızı-qaralar” evdə “Səbail”i 3:0, sumqayıtlılar isə səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edib.

Bu komandalar indiyə qədər milli çempionatlarda 24 dəfə qarşılaşıb. Bunlardan 16-da “Qəbələ”, cəmi 2-də “Sumqayıt” qalib gəlib. Əyalət komandası bütün matçlarda qol sevinci yaşayıb. “Gənclər şəhəri” təmsilçisi son 4 oyunda 3 xal qazana bilməyib.

Günün digər oyunu “Zirə” ilə debütant “Sabah” arasında olacaq. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün matç "Dalğa Arena”da keçiriləcək. Bu kollektivlər də qonşu pillələrdə qərarlaşıblar. İlk turda “Keşlə”ni bir cavabsız qolla məğlub edib, ardınca “Sumqayıt”a uduzan “Sabah” 5-ci sıradadır. “Qarabağ”la oyunu təxirə salınan, evdə “Keşlə” ilə 2:2 hesabı ilə heç-heçə edən “Zirə” isə 6-cı pillədədir.

Qeyd edək ki, III tura avqutsun 26-da keçiriləcək “Keşlə” – “Səbail” və “Qarabağ” – “Neftçi” görüşləri ilə yekun vurulacaq.

Topaz Premyer Liqası

III tur

25 avqust

18:00. "Qəbələ” – "Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

20:30. "Zirə” – "Sabah”

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Füzuli Nəcəfov

"Dalğa Arena”