Mövsümün ən qalmaqallı transferi - Kurtua təhqir etdiyi kluba keçdi


İdman 15 Avq 2018 15:11:00 244 0

Mövsümün ən qalmaqallı transferi - Kurtua təhqir etdiyi kluba keçdi

Futbolçuların tansferi adi hal sayılır. Düzdür, bəzi transferlərdə problemlər baş verə bilir, narazılıqlar olur.

Goal.az xəbər verir ki, Chelsea-dan ayrılan qapıçı Tibo Kurtuanın transferi isə qalmaqallı və əziyyətli oldu. Bu keçidin rahat başa gəlməyəcəyi əvvəlcədən bəlli idi. Kurtua hələ Belçika millisi dünya çempionatına getməzdən əvvəl problemi anons etmişdi: “Mundialdan sonra məni kimsə Chelsea-da saxlaya bilməz”. Bu, qalmaqalın başlanmasına işarə idi.

Bir həftə sonra isə Tibo alovlanan ocağa benzin tökdü: “Dünya çempionatından 8-9 gün sonra qərarımı açıqlayacağam. Hansı komandaya keçəcəyimi özüm təyin edəcəyəm. Bu məsələyə kimsə qarışa bilməz”. Amma Kurtua danışmadı. Dünya çempionatı başa çatsa da, belçikalı qapıçıdan səs çıxmadı.

London klubunun yeni məşqçisi Maurisio Sarri məsələyə aydınlıq gətirmək üçün qolkiperin agentinə üz tutmalı oldu. Qapıçını klubda saxlamağa çalışan məşqçinin “Kurtuanın fikri nədir? Klubda qalır,yoxsa gedir”sualına agent Kristof Qenrotaydan cavab gəldi. “Tibo qərarını verib. Chelsea-dan ayrılır. Hesab edir ki, Real onun üçün ən yaxşı variantdır. Kurtua Madriddə yaşayan ailəsinin yanında olmaq istəyir. Chelsea klubu Real-dan gələn təklifi qəbul etməlidir”, -deyə agent bildirmişdi. Agentin dediklərini “əhəmiyyətsiz kəlmələr” adlandıran Sarri hər şeyi Kurtuanın dilindən eşitmək istəyirdi. Amma alınmadı. Belçikalı qolkiper məzuniyyətdən sonra kluba dönmədi. Tibo üsyan edirdi. Məşqləri buraxan Kurtua 200 min funt cərimələndi. Üsyan dayanmadı. Növbəti gün Real-ın futbolkasını bağrına basan qolkiper Madriddə yaşayan ailəsinə görə “kral klubu”nu seçdiyini bəyan etdi.

Yeri gəlmişkən qeyd edək ki, Chelsea Kurtuanın karyerasında üçüncü, üsyan etdiyi klublar sırasında isə ikincidir. Qapıçının hərəkətləri Chelsea azarkeşlərində ona qarşı nifrət yaratmışdı. Fanatlardan üzr istəməsi nifrəti azaltmadı. Belçikalı Real-ın fanatlarından da üzr istəməli oldu. Bu, səbəsiz deyildi. 2013–cü ildə Atletico ilə İspaniya kubokunu qazanan Kurtua uca səslə Real-ın ünvanına təhqirlər demişdi. Beləliklə, Tibo Kurtua artıq Real-ın formasını geyinir. Yəqin ki, madridli fanatlar onun təhqirlərini zaman- zaman unudacaqlar. Chelsea fanatları isə Kurtuanın xəyanətini (klubun fanatları bu transferi xəyanət kimi qəbul edirlər) unutmayacaqlar. Tibonun agenti bu addımın ailəyə yaxın olmaq üçün atıldığını deyir: “Kurtua çətin vəziyyətdə idi. Real-dan gələn təklifi dəyərləndirməyə çalışırdı. Bəzən stress keçirirdi. Transferin alınmayacağından qorxurdu. Ailəsinə yaxın olmaq istəyirdi. London klubundan ayrılmasında başqa bir səbəb axtarmayın”. Agentin bu transferi ailə ilə baglaması inandırıcı görünmür. Çünki Kurtua Madriddə yaşayan Adriana ilə xeyli müddətdir ki, boşanıb.