Topaz Premyer Liqasında 2018-2019 mövsümünə start veriləcək


İdman 11 Avq 2018 10:06:00 334 0

Topaz Premyer Liqasında 2018-2019 mövsümünə start veriləcək

Bu gün futbol üzrə Topaz Premyer Liqasında 2018-2019 mövsümü start götürəcək.

Goal.az xəbər verir ki, mövsümün açılış oyununda SumqayıtNeftçi komandaları üz-üzə gələcək.

Bu qarşılaşma komandaların çempionat tarixində 25-ci dueli olacaq. 24 matçın 12-də Neftçi, 9-da isə Sumqayıt qələbə qazanıb. 3 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 39:30. "Gənclik şəhəri" təmsilçisi 5 oyundur meydanı qolsuz tərk etmir.

Əslində görüş "Kapital Bank Arena"da keçirilməli idi. Lakin Sumqayıtın ev arenası təmirə bağlandığından, oyun "Dalğa Arena"ya keçirilib.

"Neftçi"nin hazırkı rəhbərliyindən klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanov, futbolçulardan isə Tural Axundovla Rəşad Eyubov ötən mövsüm "Sumqayıt"da çalışıb. "Gənclik şəhəri" təmsilçisindən isə baş məşqçi Nazim Süleymanov vaxtilə flaqmanın həm futbolçusu, həm də baş məşqçisi olub. Hər iki komanda 2017-2018 mövsümündə sonadək avrokuboklara vəsiqə uğrunda mübarizə aparsa da, sonda "Neftçi" bürünc medalçı olub, Sumqayıt isə 5-ci yerlə kifayətlənib. Lakin hər iki komanda baş məşqçiləri - müvafiq olaraq, Tərlan Əhmədov və Samir Abasovla yollarını ayırıb. Əhmədovu italiyalı Roberto Bordin, Abasovu Süleymanov əvəzləyib.

Turun digər iki matçı isə avqustun 12-də baş tutacaq. Qəbələ doğma meydanda Səbail-i sınağa çəkəcək. Sabah isə səfərdə Keşlə ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş "Sabah"ın Azərbaycan Premyer Liqasındakı ilk oyunu olacaq.

Qeyd edək ki, Qarabağ - Zirə matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.

Topaz Premyer Liqası

I tur

11 avqust (şənbə)

20:00. Sumqayıt – Neftçi

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı, "Dalğa Arena”