Kukesi-nin baş məşqçisi: "Qarabağ davamlı olaraq Çempionlar Liqasında oynayır"


İdman 20 İyl 2018 18:30:00 292 0

Kukesi-nin baş məşqçisi: "Qarabağ davamlı olaraq Çempionlar Liqasında oynayır"

Çempionlar Liqasının  II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniyanın “Kukesi” komandasının baş məşqçisi Armando Kunqu yerli mətbuatın suallarını cavablandırıb. Goal.az onun müsahibəsini təqdim edir. 

- “Qarabağ”la “Olimpiya”nın cavab oyununa baxdınız?

- Düzünü deyim ki, yox. Ailəmlə birlikdə şam yeməyində idim. Hansısa saytın linki vasitəsi ilə oyunu tapıb, baxacaq qədər yaxşı deyiləm. Amma klub matçın görüntülərini köçürüb, sabah baxacağam.

- Bu komandalardan hansı ilə qarşılaşmaq istərdiniz?

- Belə bir seçimim yox idi. Çünki nə qədər irəli gedirsinizsə, rəqiblər də bir o qədər güclənir. Qeydə alınan nəticə də (0:0) komandaların, demək olar ki, eyni səviyyədə olduğunu göstərir.

- “Kukesi”nin “Qarabağ”ı keçmək şansının olduğunu düşünürsünüz?

- Realist baxsaq, çətin olacaq. Bu komanda davamlı olaraq ÇL-də çıxış edir və qrup mərhələsinə vəsiqə qazanır. Bu, onu göstərir ki, çətin olacaq. Amma biz əlimizdən gələni edəcəyik. Hər şeyi yoxlayacağıq, futbolda heç nə öncədən bəlli olmur.

- Albaniya millisinin sabiq kapitanı Ansi Aqolli 8 ildir “Qarabağ”da oynayır. Yaxın günlərdə onunla danışacaqsınız?

- Onunla danışacağımı düşünmürəm. Aqollini tanıyıram və bir insan, idmançı kimi hörmət bəsləyirəm. Onunla danışmaq peşəkarlıqdan uzaq olar. Aqolli həmin komandanın bir hissəsidir və peşəkardır. Onu xoş qarşılayacağam, başqa heç nə.

- Komandada güclənməyə ehtiyac var?

- Bəli, klub prezidenti və idman direktoru ilə danışacağam ki, hər şey qaydasında olsun. Yalnız avrokubokda deyil, çempionat üçün də rəqabətli komanda formalaşdırmağa çalışacağıq. Çempionat tezliklə başlayacaq. Biz fikrimizi cəmləməliyik.

- I təsnifat mərhələsində Maltanın “Valletta” komandası ilə görüşdən sonra “Qarabağ”la oyunlarda dəyişikliyə ehtiyac götürsünüz?

- Əvvəlcə rəqibə diqqətlə baxacağam, sonra hərəkət edəcəyəm. Həmçinin alternativ variantları gözdən keçirəcəyəm. Rəqibdən və əlimizdəkilərdən asılı olaraq, növbəti mərhələyə vəsiqə qazanmaq üçün ən yaxşı oyun sistemini seçəcəyimizi düşünürəm.