Qəbələ üç futbolçu ilə yollarını ayırdı


İdman 31 May 2018 17:26:00 296 0

Qəbələ üç futbolçu ilə yollarını ayırdı

Qəbələ klubu üç futbolçu ilə yollarını ayırıb.

Goal.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vitali Vernidub, Ruslan Qurbanov və Famussa Kone ilə başa çatan müqavilələrin uzadılmamasına qərar verilib. 

2015-2016-cı illər mövsümündən öncə “qırmızı-qaralar”a qoşulan Vernidub 78 oyun keçirib. 3 qol vuran ukraynalı müdafiəçi Premyer Liqada 45, UEFA Avropa Liqasında 26, Azərbaycan kubokunda 7 oyuna çıxıb. O, Premyer Liqada 2 avrokuboklarda 1 dəfə fərqlənib. Arxa xətt oyunçusu “Qəbələ” ilə Premyer Liqanın iki gümüş və bir bürünc mükafatını qazanıb, iki dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib və iki dəfə ölkə kubokunun finalçısı olub.

2016-cı ilin yayından “qırmızı-qara” forma geyinən Qurbanov 59 oyuna 11 qol vurub. Yarımmüdafiəçi çempionatda 45 (6 qol), kubokda 8 (3 qol), avrokuboklarda 6 (2 qol) oyuna çıxıb. O, Premyer Liqada iki gümüş medal əldə edib, 2 dəfə kubokun finalına yüksəlib və Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olub.

Ötən yaydan Qəbələ-də çıxış edən Kone 33 matçda 7 qol vurub. Malili hücumçu çempionatda 23 oyunda 6 dəfə fərqlənibsə, kubokda 6 matça 1 qol vurub, avrokubokda isə 4 görüşə çıxıb. Kone Premyer Liqanın gümüş medalını əldə edib və kubokun finalçısı olub.

Qəbələ İdman Klubu Vitali Vernidub, Ruslan Qurbanov və Famussa Koneyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.