"Rəqiblər bizə artıq hörmət edirlər”


İdman 06 Apr 2018 11:10:00 242 0

"Rəqiblər bizə artıq hörmət edirlər”

“Ardıcıl heç-heçə etdiyimiz oyunlarda qələbəyə yaxın olurduq. Hətta çıxışımızla buna layiq olmadığımızı deyən insanlara baxmayaraq, özümüzə daim güvənmişik”.

Goal.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.

28 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Aue” axır vaxtlar II Bundesliqada uğurlu nəticələrlə diqqət çəkir. Son 7 görüşün 4-də heç-heçə edən komanda 3 dəfə də qələbə qazanıb. Ertsqebirqe klubunun çıxışını dəyərləndirən Nazarov nəticədən məmnunluq bildirib: “Bərabərliklər komandada özünəinamı daha da artırdı. Öz üzərimizdə çalışmağın meyvələrini toplamağa başlamışıq. Xüsusən də, “Qreyter Fürt”lə (2:1) oyunu yüksək səviyyədə keçirdik. Liqada rəqiblər bizə artıq hörmət edirlər”.

“Aue” sabah XXIX tur çərçivəsində “Sankt-Pauli”ni qəbul edəcək. Yığmamızın üzvü bu görüşə də qələbə əzmi ilə çıxacaqlarını vurğulayıb: “Biz hələ heç nəyə nail olmamışıq. Oyunlar çox gərgin keçir. Beş komandanın 36, dörd klubun isə 37 xalı var. Mövsümün bundan sonrakı hissəsinə oyun-oyun baxmalıyıq. Tempi bu cür davam etdirmək, hətta bir qədər də sürətlənmək lazımdı. “Sankt-Pauli” ilə görüşdə də qələbəni hədəfləyirik. Biz rəqibin kimliyindən asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. Ancaq bu dəfə yeni stadiona ayaq basacağıq. 10 mindən çox azarkeş gözləyirik. Stadionda atmosfer yüksək olacaq”.

Qeyd edək ki, “Aue” hazırda 36 xalla 15-ci pillədə qərarlaşıb.