Futbol qaydalarına 2 dəyişiklik edilib


İdman 04 Mar 2018 11:33:00 260 0

Futbol qaydalarına 2 dəyişiklik edilib

FİFA-nın Sürixdə yerləşən mənzil qərargahında Futbol Assosasiyalarının Beynəlxalq Şurasının (İFAB) növbəti toplantısı keçirilib. Canni İnfantinonun baş katib kimi iştirak etdiyi toplantıda futbol qaydalarına 2 dəyişiklik qəbul edilib. Goal.az xəbər verir ki, qurum 4-cü dəyişiklik və videotəkrarlardan istifadəni təsdiqləyib.

Komandalar 4-cü əvəzetmədən yalnız əsas vaxta əlavə olunan 15 dəqiqədən ibarət 2 hissədən birində istifadə etmək hüququ qazanacaq. Son 2 ildə bu istiqamətdə eksperimentlər baş tutub. İFAB və FİFA meydanın texniki zonasında elektron və kommunikasiya vasitələri, kompakt mobil qurğulardan istifadəyə də icazə verib. Bu icazə futbolçuların təhlükəsizliyini təmin etmək məqsədilə məşqçilərin taktiki tapşırıqlarını çatdırmağa şərait yaradacaq.

Eyni zamanda oyunlarda videotəkrarlar sistemindən (VAR) istifadə yekdilliklə qəbul olunub. Toplantı iştirakçılarına 2016-cı ilin martından Leven katolik universiteti tərəfindən VAR sistemi ilə əlaqədar müstəqil araşdırma nəticələri təqdim edilib. Videotəkrarlara aşağıdakı hallarda müraciət edilə bilər:

1) qolun fiksasiyası 2) penalti təyin olunması 3) birbaşa qırmızı vərəqə 4) səhvən cəzalandırılan futbolçunun dəqiqləşdirilməsi

İFAB-ın tərkibinə İngiltərə, Şotlandiya, Uels, Şimali İrlandiya futbol assosasiyaları və FİFA daxildir. Bu qurum yeni futbol qaydalarını təsdiqləmək səlahiyyətinə malikdir.