"Atalanta" prezidenti Batşuayidən üzr istəyib


İdman 23 Fev 2018 12:10:00 231 0

"Atalanta" prezidenti Batşuayidən üzr istəyib

"Borussia Dortmund" Avropa Liqasının 1/16 final mərhələsində "Atalanta" ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Dortmundda qazanılan qələbə sayəsində (3:2) "Borussia" 1/8 finala vəsiqə qazanıb. Goal.az xəbər verir ki, oyundan sonra qonaqların hücumçusu Mişi Batşuayi berqamolu azarkeşlərin irqçilik etməsindən şikayətlənib.

"İl 2018 və tribunalarda yenə meymun səsləri...Ciddisiz? Ümid edirəm, Avropa Liqasının növbəti mərhələlərinə televizordan həvəslə baxacaqsınız. Bizsə yolumuza davam edirik" - belçikalı forvard sosial şəbəkədə yazıb.

"Atalanta"nın prezidenti Antonio Perkassi matçdan sonra verdiyi açıqlamada azarkeşlərin adından Batşuayidən üzr istəyib.

"Düzü, belə səslər eşitmədim. Bu baş veribsə, çox üzgünəm və Batşuayidən üzr istəyirəm. Gərək belə şey olmayaydı" - Perkassi deyib.

"Atalanta" 2014-cü ildə "Milan"la oyunda azarkeşlərinin meydana banan atması səbəbindən təxminən 33 min avro cərimələnmişdi.