Yığma komandalarımız Kiyevdə sınaqdan keçiriləcək


İdman 20 Fev 2018 13:50:00 298 0

Yığma komandalarımız Kiyevdə sınaqdan keçiriləcək

23-25 fevral 2018-ci il tarixdə Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçiriləcək. 



Goal.az xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edəcək. 

Xəbər verdiyimiz kimi, qadın güləşi üzrə yığma komandamızın üzvləri Kiyevdə yerləşən Konça Zaspa təlim-məşq bazasında Ukrayna güləşçiləri ilə birgə təlim-məşq toplanışındadır. Baş məşqçi əvəzi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında hazırlıqları davam etdirən yığmamızın 5 üzvü turnirdə sınaqdan keçiriləcək. Heyətdə Türkan Nəsirova (50 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq) və İrina Netreba (65 kq) yer alıb. 

Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 15 güləşçimiz Kiyevdə mübarizə aparacaq. Turnirdə ölkəmizi Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Mircəlal Həsənzadə, Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hamısı 61 kq), Hacı Əliyev (65 kq), Murtuz Müslümov (70 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Məhəmmədhacı Xatiyev, Kənan Əliyev (hamısı 86 kq), Şərif Şərifov (92 kq) və Nurməhəmməd Hacıyev (97 kq) təmsil edəcək. 

Yunan-Roma güləşi yarışlarında yığma komandanın baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında 11 güləşçimiz mübarizə aparacaq. Heyətdə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov, Elvin Mürsəliyev (hər ikisi 82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 97 kq) və Sabah Şəriəti (130 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ölkəmizi təmsil edəcək. 

Proqrama əsasən, fevralın 23-də yunan-Roma güləşi üzrə 55, 63, 72, 82, 97 kq, sərbəst güləş üzrə 57, 65, 74, 86, 97 kq və qadın güləşi üzrə 50, 55, 59, 65, 72 kq çəkidə idmançılar, fevralın 24-də isə  60, 67, 77, 87 və 130 kq-da yunan-Roma, 61, 70, 79, 92 və 125 kq çəkidə sərbəst, 53, 57, 62, 68 və 76 kq-da qadın güləşçilər yarışacaq.