Van Deyk: "İnsanların neqativ sözlərinə fikir vermirəm"


İdman 06 Fev 2018 14:14:00 298 0

Van Deyk: "İnsanların neqativ sözlərinə fikir vermirəm"

"Liverpool"un qış transferi Virqil Van Deyk "The Guardian" nəşrinə açıqlama verib. Goal.az xəbər verir ki, hollandiyalı müdafiəçi bir sıra məsələlərə toxunub.

"Hər hərəkətimin təhlil olunmasına hazıram. Çünki mənə görə xeyli pul xərclənib, karyeramda irəli addım atmışam. Heç kimi mənim yaxşı işlərim maraqlandırmayacaq. Pis hərəkətlərim barədə danışacaqlar. Amma öz oyunumu o adamlarla müzakirə edəcəm ki, inkişafıma kömək edəcəklər. Bunlar baş məşqçimiz və komanda yoldaşlarımdır. Onlar müsbət rəy versə, həmin istiqamətdə getməyə davam edəcəm. Güclü tərəfim budur ki, insanların neqativ sözlərinə fikir vermirəm. Nə vaxt yaxşı, nə vaxt pis oynadığımı özüm bilirəm.

"Tottenham"lə oyunda (2:2) çıxışım barədə danışan yoxdur. Biz müdafiədə yaxşı oynadıq, amma qaımıza iki mübahisəli penalti təyin olundu. Bilirəm ki, komanda kimi Avropanın ən yaxşı hücumçularından birinə (red. Harri Keyn) qarşı əla oynadıq.

2017-ci ilin yanvarından sentyabra kimi meydana çıxmadım. Buna görə Premyer Liqa səviyyəsində oynamırdım. Bu qədər müddətdən sonra, xüsusən bütün diqqətlər üzərində olanda meydana qayıtmaq asan deyil. Bütün diqqətimi komandamın oyunlarına yönəltmişəm. "Liverpool"da hər şey fərqlidir: pressinq, oyunçu seçimi, futbolun özü. Bunlara öyrəşmək üçün vaxt lazımdır. Amma hər gün komanda ilə birlikdə çalışıram. Müntəzəm olaraq, məşqçi və mənə kömək edə biləcək kəslərlə ünsiyyət qururam".