Ramin Musayev: "Tərlana cavab verməməyim onu yerindən tərpədəcək"


İdman 02 Fev 2018 14:09:00 291 0

Ramin Musayev: "Tərlana cavab verməməyim onu yerindən tərpədəcək"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada mətbuat konfransı keçirib.

Goal.az-ın məlumatına görə, o, “Miracle” otelində azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

 

- Təlim-məşq toplanışı artıq neçə ildi ənənəyi çevrilib. Bunu da AFFA rəhbərliyi yaradıb. Bilirsiz ki, toplanışda hakimlərimizin idarə etdikləri oyun sayı mövsümdəki matç sayına bərabər olur. Ümumilikdə hakimlərimiz 74 oyun idarə ediblər. Məqsəd odu ki, onlar fiziki göstəricilərini artırsınlar və hansısa klubun haqqı tapdalanmasın. Klubların da işləri ilə maraqlanırıq, ancaq müdaxilə etmirik. Ona görə maraqlanırıq ki, sabah hansısa iradlarını eşidəndə biz də öz fikirlərimizi bildirək. Klublarla bağlı yetərincə məlumatlarımız var. Hakimlər hər gün səhər saat 7-də müəllimlərini gözləyirlər.

 

- Fariz Yusifov toplanışda iştirak etmirdi. Halbuki çempionatda əsas oyunlar ona həvalə edilir...

- Bir dəfə bir oyuna baxırdıq. Əli müəllim dedi ki, Xaqani Məmmədov meydanda oturaraq oyun idarə etsəydi, bundan yaxşı idarə edərdi. Fariz müəllim də peşəkar hakimdi, idmanla məşğuldu. Onun peşəkarlığına şübhə ola bilməz. İnanıram ki, yenə ümidlərimizi doğruldacaq. Keçən mövsümdə ən ağır oyunlarda o, idarəçilik edib.

 

- “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovla aranızda soyuqluq yarandığı haqda xəbərlər yayılıb. Onun görüşmək cəhdlərinə razılıq vermədiyiniz bildirilir...

- SSRİ vaxtında bir insan kommunist partiyasına qəbul olunanda 3 nəfər onun namizədliyinə zamin durmalı idi. Mən də Tərlan Əhmədovun “Neftçi”yə gedişinə zamin durmuşam. Tərlan gözəl məşqçi, gözəl insandı. Amma çıxışımın əvvəlində dedim ki, klubların nə işlə məşğul olması haqda məlumatımız var. Mənə deyildi ki, Tərlan vaxtınının çoxunu klubdan kənarda keçirir. Mən də bu səbəbdən ona iradımı bildirdim, dedim ki, axı sənə zamin durmuşam. Yəni sadəcə, incimişəm. Amma Tərlan yaxşı məşqçidi, onun xasiyyətinə bələdəm. Bilirəm ki, Tərlana cavab verməməyim onu yerindən tərpədəcək.

 

- Hakimlərin hazırda necə formada olduğunu bilirsiz. Qış fasiləsindən sonra “Qarabağ” və “Qəbələ” arasında keçiriləcək oyuna kimi layiq görürsüz?

- Bu günə qədər hansı hakimin hansı oyuna getməsi ilə bağlı istəyimi irəli sürməmişəm. Halbuki, müqavilə əsasında bunu etməyə ixtiyarım var. Çempionatı keçirən qurum rəhbəri kimi, məndə məlumatlar olur. İradlarımı bildirməyə ixtiyarım var. Amma deyə bilmərəm ki, Əlini yox, Vəlini qoy. Sadəcə, iradlarımı bildirə bilərəm. “Qarabağ” və “Qəbələ” arasındakı oyun çempionluğun taleyini həll etmir. Hələ qarşıda neçə tur olacaq. Rauf Cabbarov, Fariz Yusifov, Əliyar Ağayev və digər hakimlərimiz də bu matça təyinat ala bilər. Rövşən Əhmədovun oğlu hazırda hakimlik edir. Çox gözəl uşaqdı, amma ona atası mane olur. Çünki Rövşən tələsir. O, istəyir ki, uşaq birdən-birə yetişsin. Hər şeyin vaxtı var. Rövşənin oğlu Rəşad Əhmədov bu gün artıq hazırdı. İnanıram ki, həmin oyunu ona versək, gözəl idarə edə bilər. Sadəcə, Rəşada mənim kimi insan dəstək verməlidi. Mən də buna hazıram.

 

- Çempionatın qalan hissəsindəki mübarizəni necə qiymətləndirirsiz? Sizcə, çempion kim olacaq?

- Çempionun kim olacağını deyə bilmərəm. Yoldaşlıq görüşlərində komandalarımızın uduzması onların zəifliyi demək deyil. “Səbail”in matçında oldum. Gördüm ki, baş məşqçi bəzi futbolçuların mövqeyini dəyişib. Bunu Qurban Qurbanovun özündə də görmüşəm. Bu il daha çox 3-4-cü yerlər uğrunda çox böyük mübarizə gedəcək. Elə burdan səslənirəm ki, Xaqani müəllim, sən də hazırlaş (gülür). (apasport)