Futzal millimizin üzvləri Fransanı dəyərləndirib


İdman 01 Fev 2018 15:23:00 263 0

Futzal millimizin üzvləri Fransanı dəyərləndirib

Futzal üzrə Azərbaycan millisi sabah Avropa çempionatının final mərhələsində ilk oyununu keçirəcək. Goal.az xəbər verir ki, yığmamızın oyunçuları Fransa ilə qarşılaşma öncəsi fikirlərini bölüşüblər.

Vitali Borisov: “Oyunu canlı izlədik. Fransa yaxşı təşkilatlanmış komandadı. Oyun ərzində hesabda geri düşmədilər, üstünlüklərini sona yaxın əldən verdilər. Fərdi qabiliyyətlərinə görə seçilirlər, fiziki baxımdan isə çox güclüdülər. Bizi çətin oyun gözləyir. Ümumiyyətlə, Avropa çempionatının final mərhələsində asan oyun olmur. Meydana çıxanda heç nəyə düşünməməli, sona qədər mübarizə aparmalı, qələbə qazanmalıyıq. Təbii ki, diqqət etməli olduğumuz məqamlar var. Xüsusilə də, rəqibin atletik cəhətdən seçildiyini, əksər oyunçularının boy-buxunlu olduqlarını unutmamalıyıq. Oyunu 6-7 nəfərlə keçirdilər, buna baxmayaraq, İspaniya kimi rəqibin təzyiqinə dözdülər. Çox soyuqqanlıdılar, öz oyunlarını nümayiş etdirirlər. Bu sadaladıqlarıma baxmayaraq, özümüzə inanmalı, oyunumuz göstərməliyik. İspaniyanın da zəif çıxış etdiyini deməzdim. Onlar ənənəvi oyunlarını göstərməyə çalışırlar, qol epizodları da yaratdılar. Sadəcə, fransızlar onların tam rahat hərəkət etməsinə, istədiklərini reallaşdırmasına imkan vermirlər”.

Rizvan Fərzəliyev: “Fransa əsasən birə-bir oynamağa çalışdı. Oyun üslubları fərqlidi. Onlar fərdi deyil, hansısa epizod zamanı zonalı oyun tərzinə üstünlük verirlər. Amma bu o demək deyil ki, fərdi qabiliyyətlərindən rəqibini keçmək üçün istifadə etmirlər. Əksinə, fürsət yaxaladıqca, rəqibi tərkisilah etməyə çalışırlar. Həm də özlərindən o qədər əmindilər ki, həmin zonaya kimsə sığortalamaq üçün gəlmir. Qol vurduqları epizodlara gəldikdə, birinci qol zamanı bizim taktikaya yaxın hərəkət etdilər, pressinq tətbiq edib topu qazandılar və hesabı açdılar. Daha sonra birə-bir rəqibini keçib fərqləndilər. Buraxdıqları qollara gəldikdə, biz də bu cür vəziyyətlərdən yararlana bilərik. Artıq bu işdə “stolba”mızın üzərinə çox iş düşür. Çünki dərhal topu ona ötürməliyik. Həmin anda bir balaca fərdi üstünlük qazansa yaxınlığındakı komanda yoldaşına ötürmə edə və qol epizodu yarada bilərik. Ümumi götürdükdə, Fransa pis təsir bağışlamadı, sona qədər mübarizə apardılar. Əsas diqqət edəcəyimiz məqamlardan biri rəqibin müdafiədə yol verəcəyi səhvləri vaxtında dəyərləndirməklə bağlıdı. Artıq bunu taktiki tapşırıqlar əsasında edəcəyik”.

Emin Kürdov: “İki gündü Avropa çempionatının oyunlarını canlı izləyirik. Artıq görünən odur ki, hər kəs futzal oynamağı bacarır. Heç kim final mərhələsinə turist kimi gəlməyib. Fransa oyunu əsasən müdafidədən qurdu, rəqibin səhv etməsini gözlədi ki, bundan maksimum yararlandı. İspaniya ilə matçda bunun şahidi olduq. Kifayət qədər güclü rəqibdirlər. Avropa çempionatına iddialı gəliblər. Yaxşı hazırlıq keçiblər ki, İspaniya kimi güclü rəqibdən çəkinmədilər, əksinə, debüt ilində ilk matçını xalla qapadılar. Yəni layiqli mübarizə aparırlar. Qapıçı olduğuma görə, hücumçularının uzaq məsafədən təhlükəli zərbələr endirdiyini qeyd edə bilərəm. Kifayət qədər güclü hücumçuları var və “çərçivə”ni dəqiq görürlər. Abdessamad Mohammed, Landri Nqala təhlükəli hücumçulardır. Bizim üçün çətin qarşılaşma olacaq”.