"Qarabağ" zimbabveli hücumçu ilə maraqlanır


İdman 15 Yan 2018 10:54:00 309 0

"Qarabağ" zimbabveli hücumçu ilə maraqlanır

"Qarabağ" Dino Ndlovunu Çinin "Guangzhou Greentown" klubuna satandan sonra hücumçu axtarışlarını davam etdirir. Goal.az xəbər verir ki, Azərbaycan çempionu hazırda Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sundowns" komandasında çıxış edən Xama Billiatla maraqlanır. Zimbabve millisinin forvardı klubunun ona təklif etdiyi yeni müqaviləni imzalamaq istəməyib. Nəticədə 28 yaşlı hücumçu baş məşqçi Pitso Mosimanenin qəzəbinə tuş gəlib. Mosimane bu yaxınlarda onu əsas komandadan kənarlaşdırıb. Avropanın digər klublarının da maraqlandığı Billiant CAR liqasını tərk etməkdə israrlıdır. "Qarabağ"ın təcrübəli hücumçuya ayda 500 000 Zimbabve dolları (təqribən 90 000 manat) təklif etdiyi bildirilir.

Billiatın satış qiyməti 2,5 milyon ABŞ dollarına bərabərdir. Hazırda Azərbaycan təmsilçisi bu məbləği aşağı salmaq üçün danışıqlar aparır. "Kamaldinyo" ləqəbli Xama Billiat əvvəllər Zimbabvenin "CAPS United", CAR-ın "Ajax Capetown" komandalarında da çıxış edib. O, 2013-cü ildən formasını geyindiyi "Mamelodi Sundowns" klubunda 63 oyuna 23, 2011-ci ildən dəvət aldığı Zimbabve millisində isə 26 matçda 7 qol vurub. Billiat hazırkı klubu ilə 2 dəfə (2013-2014 və 2015-2016) CAR çempionu, eləcə də Afrika Çempionlar Liqasının (2016) və Afrika Super Kubokunun (2017) qalibi olub.