"Chelsea" və "Manchester United"in məşqçiləri söz savaşına çıxıb


İdman 07 Yan 2018 14:08:00 336 0

"Chelsea" və "Manchester United"in məşqçiləri söz savaşına çıxıb

"Chelsea"nin baş məşqçisi Antonio Konte "Manchester United"in çalışdırıcısı Joze Mourinyonun danışılmış oyunlara görə cəzalandırılması ilə bağlı ona atdığı sözə cavab verib. Goal.az xəbər verir ki, Konte həmkarını "adamcığaz" adlandırıb.

"Düşünürəm ki, baş verənlər haqqında həqiqəti bildiyin halda, bir insanı təhqir etməyə çalışırsansa, o zaman sən adamcığazsan. Lakin belə bir hal birinci dəfə deyil ki, yaşanır. O bunu ötən il də edib, indi də edir və gələcəkdə də edəcək" - italyan mütəxəsis qeyd edib.

İki baş məşqçi arasında qiyabi söz savaşı bir neçə gün əvvəl başlayıb. Portuqaliyalı məşqçi oyunlar zamanı öz sakit davranış tərzində danışan zaman deyib:

"Əgər mən meydanın kənarında özümü təlxək kimi aparmıramsa, deməli, oyuna olan həvəsimi itirmişəm?"

İngiltərə mətbuatı ehtimal edib ki, Mourinyo bu sözləri deyərkən Konteni nəzərdə tutub. İtaliyalı da buna cavab verib:

"O, gərək öz keçmişinə baxsın. Bəlkə bunu özü üçün deyib?"

Mourinyo öz növbəsində bu sözləri diqqətdən kənar qoymayıb və bildirib:

"Mən səhvlər etmişəm. Amma danışılmış oyunlara görə heç vaxt cəzalandırılmamışam".

Bu, 2012/2013-cü illər mövsümündə "Siena"nın baş məşqçisi olan zaman danışılmış oyunlara görə 4 ay müddətinə diskvalifikasiya edilən Konteyə ünvanlanmış atmaca kimi təqdim olunub. Qeyd edək ki, 2016-cı ildə məhkəmə Konteyə bəraət qazandırıb.