"Kəpəz"in qapıçısı: "Özümü futboldan kənarda tuta bilmirəm" - MÜSAHİBƏ


İdman 18 Dek 2017 17:50:00 281 0

"Kəpəz"in qapıçısı: "Özümü futboldan kənarda tuta bilmirəm" - MÜSAHİBƏ

“Kəpəz”in rəsmi feysbuk səhifəsində yayımlanan “90+” videorubrikasının növbəti qonağı komandanın qapıçısı Davud Kərimi olub. Əlcək sahibi izləyicilərin ona ünvanlandığı sualları cavablandırıb. Goal.az onun müsahibəsini təqdim edir.

- Davud, gəncəlilər səni çox sevir. Son oyunlarda ciddi səhvlərlə yadda qaldın, bunu nə ilə izah edərsən?

- Son oyunlarda deməzdim ki, ciddi səhvlərə yol vermişəm. “Kəpəz” komandasına gələndən “Qəbələ” ilə oyunda kobud səhvə yol verdim. O, mənim ciddi səhvim idi. Bundan sonra çalışacağam ki, həmin səhvlər təkrarlanmasın.

- Biz ötən mövsümdəki Davudu görə bilmirik. Səbəb nədir? Ardıcıl məğlubiyyət çıxışına psixoloji təsir edir?

- Mən həminki Davudam. Deməzdim ki, məğlubiyyətlər bizə təsir etmir, edir. Biz də istəməzdik ki, məğlub olaq. Çalışacağıq ki, bundan sonra sizləri qələbələrlə sevindirək.

- Bir qapıçı üçün oyunda qol buraxmayıb heç bir seyv etməməsi, yoxsa 2 top buraxıb 5 seyv etməsi daha yaxşıdır?

- Əgər mənim komandam qalib gələcəksə, hər ikisini istəyirəm. Hər ikisi mənim üçün yaxşıdır. Seyv etməyim, amma komandam qalib gəlsin, bu da mənim üçün yaxşıdır. 2 top buraxım, 5 seyv edim, amma komandam qalib gəlsin, bu da yaxşıdır.

- Azərbaycanın hansı bölgəsindənsən?

- Azərbaycanın gözəl guşələrindən olan Göyçaydanam. Bu rayonda doğulmuşam, boya-başa çatmışam. Göyçayda futbola marağım necə yarandı, sizə danışım. Atam futbolçu olduğuna görə ondan futbola marağım artıb. Sizə deyim ki, atam həvəskar olsa da, qapıçı idi. Ona görə mən bu sahəni seçmişəm.

- Ən çox sevdiyin fanklub hansıdır?

- Mən xoşladığım hansısa fanklubun adını çəkməyəcəm. Çünki seçim etməyəcəm. Azərbaycanda bir nömrəli olan bütün “Kəpəz” azarkeşlərini sevirəm və onlar qarşısında baş əyirəm.

- Karyeran ərzində ən pis oyunun nə vaxt olub?

- Karyeram ərzində ən pis oyunum deməzdim, sadəcə, “Qəbələ” ilə oyunda, həqiqətən də özümü çox pis hiss etdim. “Qəbələ”yə məğlubiyyət mənə çox pis təsir etdi.

- Qələbə üzünə həsrət qalan “Kəpəz” azarkeşlərini qış fasiləsindən sonra sevindirə biləcəksiniz?

- Qış transfer pəncərəsi açıldıqdan sonra, yəqin ki, biz də komandanı gücləndirərik və sizləri qarşıdakı dövrələrdə qələbələrlə sevindirərik.

- Nəyə görə “Kəpəz”?

- “Kəpəz” “Kəpəz” olduğuna görə. “Kəpəz”in tarixi olduğuna görə “Kəpəz”. Köklü komanda olduğuna görə “Kəpəz”. Ən başlıcası, mənim fikrimcə, Azərbaycanda bir nömrəli azarkeş qrupu olduğuna görə “Kəpəz”!

- Qol buraxdığın vaxtlarda hansı hissləri keçirirsən?

- Qol buraxdığım vaxtlarda çox pis oluram, sizləri məğlub yola saldığıma görə isə həqiqətən məhv oluram.

- Davud futbolçu yox, başqa hansı peşənin sahibi ola bilərdi?

- İnanın ki, futbolçu olmasaydım... Özümü futboldan kənarda tuta bilmirəm. Ona görə də futbolçu olmasaydım, futbol ilə əlaqəli peşədə çalışmaq istəyərdim.

Davud Kərimi rubrikanın sonunda oxuculara müraciət edib: “Suallarınızı oxudum, cavablandırdım. Bizləri sevdiyiniz üçün sizə minnətdaram. Sizin sevginizi hiss edirik, hər zaman da hiss etmişik. Biz məğlub olanda belə arxamızda dayandığınıza görə sizə təşəkkürümüzü bildiririk. Bundan sonra da dəstəyinizi əsirgəməyin. Hər zaman yanımızda olun. Minnətdaram sizlərə”.