Prosineçkini nə sloveniyalılar istəyir, nə də türklər


İdman 20 Noy 2017 11:26:00 273 0

Prosineçkini nə sloveniyalılar istəyir, nə də türklər

Sloveniya yığmasının yeni baş məşqçisi postuna namizədlərlə bağlı sorğu keçirilib.

Goal.az xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermədə millimizlə müqaviləsinin müddəti gələn ay başa çatacaq Robert Prosineçkinin də adı yer alıb.

Yerli futbolsevərlər xorvatiyalı çalışdırıcının Sloveniya yığmasının “sükanı arxası”na keçməsini istəmir. Belə ki, 4 namizəd arasında ən az səs toplayan məhz Prosineçki olub – 4,50 faiz. Sorğuda birinci pillədə 50,35 faiz səs toplamış Tomaj Kavçiç qərarlaşıb. Digər namizədlərdən Edoardo Reya səslərin 33,19 faizini topladığı halda, Matyaj Kek 6,61 faiz səslə üçüncü olub.

Sloveniya Futbol Federasiyasının prezidenti Radenko Miyatoviç yığmanın yeni baş məşqçisinin bu ayın sonuna kimi müəyyənləşəcəyini bildirib.

 Prosineçki daha bir sorğuda sonuncu yeri tutub. Məsələ burasındadı ki, Məsut Bakkalla yolları ayıran “Gənclərbirliyi” onun yerinə yeni məşqçi axtarışına çıxıb. Bu posta namizədlərin sırasında da Robert Prosineçkinin adı yer alıb. Lakin Türkiyə klubunun azarkeşləri 48 yaşlı mütəxəssisin təyinatına qarşıdı. Futbolsevərlər arasında keçirilən sorğuda 7 namizəd sırasında ən az - 3,5 faiz səs toplayan məhz Prosineçki olub. Səsvermədə birinci yerdə isə 40,4 faiz səslə Ərsun Yanal qərarlaşıb. (apasport)