Adriano: "Mətbuat hər dəfə məni məhv etməyə çalışır"


İdman 14 Okt 2017 16:35:00 344 0

Adriano: "Mətbuat hər dəfə məni məhv etməyə çalışır"

"İnter"də göstərdiyi parlaq oyundan (2001-09) sonra gözlənilmədən karyerasında eniş baş verən Adriano Braziliya telekanallarından birində qonaq olub. Goal.az onun müsahibəsini təqdim edir.

Atasının ölümü və "İnter"dən getməsi.

Atam dünyasını dəyişəndə problemlərim artmağa başladı. İlk 3-4 ay dəhşətli idi. Depressiyadan əziyyət çəkirdim. Dərman qəbul edirdim, psixoloq yanına gedirdim, amma emosiyalar daha güclü idi. Həmin vaxt (2006-cı il) Braziliyaya qayıtmaq qərarına gəldim. Sonra yenidən "İnter"ə qayıtdım, Joze Mourinyo belə istəmişdi. Amma vətəndən kənarda oynamaq üçün özümdə güc tapa bilmədim. Braziliya üçün darıxırdım, ailəmin yanında olmaq istəyirdim. Tək qalanda qəmli xatirələr göz önündə canlanır. Çox ağır idi. "İnter"dən baş götürüb getdim. Milli komandanın düşərgəsindən İtaliyaya qayıtmadım. Bir həftə yoxa çıxdım. Dostlarımla vaxt keçirdim, özümü sərbəst hiss etməyə çalışdım. Yenidən düşünməyə, həyatı hiss etməyə başladım. Bir sözlə, özümü yenidən tapdım.

Evə qayıdanda isə "İnter"dən zəng gəldi. Nə baş verdiyini soruşdular. Dedim ki, qayıtmaq istəmirəm. Mənə bildirdi ki, klub düşünmək üçün mənə əlavə vaxt verməyə hazırdır.

Futbol karyerama başlayanda ailəm gecəqonduda yaşayırdı. Yaxınlarım hər zaman yanımda olub. Yoxsa əyri yollara düşərdim. Ən pis xatirəm atamın başına atəş açılmasıdır. 10 yaşım vardı. Şükürlər olsun, atam sağ qaldı. Amma belə şeylər istənilən halda uşaq psixologiyasına zərər vurur. Yeri gəlmişkən, atam başında güllə ilə bir neçə il yaşadı və heç bir problem çıxmadı.

Narkotik istifadəsinə görə itirdikləri

Nə qədər dostumun məndən uzaqlaşdığını dəqiq bilmirəm. Deyəsən, 40 ya 50 nəfər. Dostlarımı indi də itirirəm. Təəssüf ki, mənimlə yollarını ayırırlar. Bu, çox kədərlidir.

Karyera.

Futbol karyeramı başa vurmamışam. Növbəti ildən yenə məşq etməyə və oynamağa başlayacam. Bunün üçün dözümlülük lazımdır. Alınmasa, eyb etməz. Hər halda, göstərmək istəyirəm ki, çətin durumda belə məşq edə bilərəm. Bu, klubda oynamağa yetərli olsa, karyeramı bərpa etməyə cəhd göstərəcəm.

Qəzet manşetində narkobaronla şəkil.

Mətbuat hər dəfə məni məhv etməyə çalışır. Bu foto 3.5 il əvvələ aiddir. Onu indi yayımlamaq qərarına gəliblər. Çünki polis Rosinya gecəqondusunda narkomaniya ilə ciddi mübarizə aparır. Şəkildəki banda lideri isə axtarışdadır. Heç kimə zərr vermirəm. Ailəm, uşaqlarım var. Mətbuat düşünmür ki, bunu yayımlamaqla doğmalarıma təsir edir? Bax, mənimlə bu cür rəftar edirlər. Amma mən dürüstəm. Bütün dünya ilə açıq danışıram. Narkotik ticarətçisinə motosiklet bağışlamaq? Əvvəla, həmin şəxs mənim dostum idi. Ona nə silah, nə də narkotika verməmişdim. Bu hədiyyədən necə istifadə edəcəyi öz işidir. Bunda pis bir şey görmürəm.

Vərdişlər barədə.

Mən viski içirəm. Hər gün olmur. Yoxsa yaxşı formada olmazdım. Çərşənbə və Cümə axşamı içməyə başlayıram. Bazar günü isə dayanıram. Düzdür, içki karyerama ziyan vurub. Bunu həmişə etiraf etmişəm.

Peşmançılıq.

İnsanlar düşünür ki, hər şeydən narazıyam. Yatmazdan öncə daha çox şeyə nail ola biləcəyimi düşünürəm. Həyatımızı, axı, biz seçmirik. Olacaya çarə yoxdur. Həqiqətən, etdiklərim barədə çox fikirləşirəm. Lakin dərinə getməməyə çalışıram. Sonra özümü günahlandırmağa başlamayım deyə.