Olimpiadanın təşkilat komitəsinin sədri həbs olunub


İdman 05 Okt 2017 16:48:00 368 0

Olimpiadanın təşkilat komitəsinin sədri həbs olunub

Braziliya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman həbs olunub. Goal.az xəbər verir ki, Nuzman korrupsiyada şübhəli bilinir.

Rio-de-Janeyronun ötənilki Oyunların təşkilatçısı seçilməsi müqabilində onun 2 milyon dollar rüşvət verdiyi güman olunur. Həbs 2016-cı ilin sentyabrından başlanan "Ədalətsiz oyun" əməliyyatı çərçivəsində həyata keçirilib. Həmin vaxt Nuzmanın evində və MOK binasında axtarışlar aparılıb. İşi Braziliya Fransa, Antiqua və Barbuda ilə müştərək aparır. 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına Bakı da iddiaçı olub. Beynəlxalq Olimpiya Komitəsinin oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş 121-ci Sessiyasındakı səsvermə nəticəsində Rio-de-Janeyro Madridə 66:32 səs nisbəti ilə qalib gəlib. Həmin olimpiadaya iddiaçılar sırasında Bakı da yer alsa da, "qısa siyahı"ya düşə bilməyib. Sayca XXXI yay olimpiadası ötən ilin 5 - 21 avqustunda keçirilib. Bu, Cənubi Amerikada keçirilmiş ilk olimpiada olub.