Bakıda Qənnadçılıq və Çörəkbişirmə sənəti üzrə Milli Çempionat keçiriləcək FOTO


Digərləri 10 Tem 2025 17:06:00 69 0

Bakıda Qənnadçılıq və Çörəkbişirmə sənəti üzrə Milli Çempionat keçiriləcək  FOTO

Azərbaycanda, Bakıda ilk dəfə olaraq "Pastry & Bakery Chefs Baku Cup 2025" - qənnadçılıq və çörəkbişirmə sənəti üzrə milli birincilik keçiriləcək. Tədbir peşəkar qənnadçıları və ixtisaslaşmış təhsil müəssisələrinin tələbələrini bir araya gətirərək onların ustalıqlarını nümayiş etdirməsi və təcrübə mübadiləsi aparması üçün unikal bir platforma olacaq.

Bu barədə Son.az-a Azərbaycan Kulinariya Gildiyasının (Azerbaijan Chefs Guild) və Bakı Kulinariya Assosiasiyasının sədri İlkin Əkbərzadə məlumat verib.

Keçirilmə tarixi: 30 iyul

Keçirilmə yeri: Badamdar Hotel & Residences, Bakı

Təşkilatçı: Bakı Kulinariya Assosiasiyası

Çempionat ölkədə qənnadçılıq və çörəkbişirmə sahəsinin inkişafına, həmçinin istedadlı mütəxəssislərin üzə çıxarılmasına və onların beynəlxalq arenada tanıdılmasına xidmət edəcək.

Yarışma aşağıdakı kateqoriyalar üzrə keçiriləcək:

- "Milli şirniyyat masası" - "Art-klass" (şirniyyat və şokolad məmulatları) - "Toy tortu" - "Çörəkbişirmə sənəti" - "Meyvə və tərəvəz oyma kompozisiyaları".

Münsiflər heyətində müxtəlif ölkələrdən aparıcı mütəxəssislər təmsil olunacaq: Süleyman Kursak (Türkiyə), Metin Ayhan (Türkiyə), Şahid Miyan (Pakistan), Hüseyn Şipal (Türkiyə), Çamil Fernando (Qətər), Hoşan DeSilva (BƏƏ), Don David (Azərbaycan), Bəhruz Qəlbinur (Azərbaycan).

Çempionat çərçivəsində tanınmış beynəlxalq nüfuzlu qastronomiya mütəxəssisləri tərəfindən ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur. Dəvət olunanlar arasında Türkiyənin müasir mətbəxi sahəsində tanınmış mütəxəssis, baş aşpaz və sertifikatlı təlimçi Süleyman Kursak da yer alır. O, ustad dərsi zamanı həm ənənəvi, həm də müasir türk qastronomiyasına aid yeməklərin hazırlanması üzrə müəllif texnologiyalarını və praktik bacarıqlarını təqdim edəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az