Prezidentin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur


Digərləri 14 May 2025 20:02:00 86 0

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur

Əmanətlərin Sığortalanması Fonduna yenidən icraçı direktor təyin edilən Tural Qüdrət oğlu Piriyev barədə maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, Tural Piriyev tanınmış jurnalist, veteran qəzetçi Qüdrət Piriyevin oğludur.

Son.az xəbər verir ki, həmkarımız Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il sentyabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində əyani təhsil alıb.

Jurnalistikaya 1978-ci ildə "Azərbaycan gəncləri" qəzetində başlayan Qüdrət Piriyev daha sonra 1979-1988-ci illərdə "Bakı-Baku" qəzetində çalışıb. 1988-ci ilin aprel ayından etibarən "Xalq qəzeti" redaksiyasında (o vaxt "Kommunist" adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində çalışıb. 2014-cü il fevralın 1-dən etibarən qəzetin baş redaktorunun birinci müavini postunu tutur. 27 ildir fasiləsiz olaraq "Xalq qəzeti" Redaksiya Heyətinin üzvüdür.

O, yüzlərlə məqalənin və bir neçə kitabın müəllifi, redaktoru və tərtibçisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Ailəlidir, üç oğlu və dörd nəvəsi var.

Qüdrət müəllimin oğlu Tural Piriyev isə 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib. 2014-2015-ci illərdə İngiltərənin Durham Universitetində magistratura pilləsi üzrə təhsil alıb.